Məhkəmə qərarları › İş №2(103)-4875/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4875/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4875/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4875/2023 (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “bank tərəfindən tutulmuş məbləğin geri qaytarılması və maddi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2223/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçının kart hesabından xx.xx.2022-ci il tarixində “Avans” məhsulu üzrə 200 manat pul məxaric edilmiş, xx.xx.2022-ci il tarixində “Avans” məbləğinə görə 212 manat pul silinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «bank tərəfindən tutulmuş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tutulmuş 212 manat və 150 manat maddi ziyanın, eləcə də ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin 15 fevral tarixində növbəti təqaüdünü alarkən 212 manat pulun əskik ödənilməsini görüb Tbilisi prospekti 3004-cü məhəllədə yerləşən “Bravo” marketin içərisində olan Cavabdeh ASC-nin filialına yaxınlaşıb aydınlaşdırarkən bankın əməkdaşı ona xx.xx.2022-ci il tarixdə, saat 18:25-də həmin “Bravo" marketin içərisində quraşdırılmış bankomatdan 200 manat avans götürməsi barədə çıxarış təqdim etdi. Həmin əməliyyatı həyata keçirmədiyi üçün marketin təhlükəsizlik xidməti əməkdaşlarından qeyd olunan vaxtda kamera görüntülərinə baxmağı xahiş etmişdir. Onlar şifahi olaraq bildirdilər ki, görüntün qeydə alınmamışdır. 5 dəfə banka yazılı və şifahi müraciət etmiş, ona aid olan Debet kartından xx.xx.2022-ci il tarixdə həqiqətən 200 manat məbləğində pul çıxarmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixdən adına olan 3 ədəd Debet kartlarında müəyyən məbləğlər olmuşdur. Belə olan halda avans götürməsinə məntiqlə də ehtiyac qalmır. Bank əməkdaşları polisə müraciət edib görüntünü əldə etməyi məsləhət gördülər. Məqsədi görüntünü əldə edib məhkəməyə müraciət etmək idi. Polisə müraciət etmiş, Nəsimi RPİ-nin 20-ci PB-də tədqiqat araşdırması başlandı və müəyyən edildi ki, qeyd olunan vaxtda bankomatın qarşısında olmamış və avans əməliyyatı həyata keçirməmişdir. Görüntülər həm təhqiqatda, həm də onda var, məhkəməyə təqdim edə bilər. Hüquqları kobud surətdə pozulduğu üçün hesab edir ki, Cavabdeh tərəfindən tutulmuş 212 manat məbləğ və 150 manat maddi ziyan ona ödənilməlidir.

6. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Banka məxsus ATM vasitəsilə plastik kart hesabından məxaric və 200 AZN avans kreditinin məxarici əməliyyatları aparmışdır. Məxaric etdiyi 200 manat məbləğində avans vəsaiti almadığını və buna görə ona maddi zərərin vurulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Avans kreditinin sifariş edilməsi əməliyyatı barədə araşdırma aparılmış, iddiaçıya məlumat təqdim edilmişdir. Həmçinin, iddiaçının hüquq-mühafizə orqanlarına müraciəti ilə əlaqədar müvafiq təsdiqedici foto görüntülər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 21:20 - 22:00 radələrində Banka məxsus A0100262 nömrəli ATM vasitəsilə plastik kart hesabından məxaric və 200 AZN avans kreditinin məxarici əməliyyatları aparmışdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin tarixdə (saat 21:25) **********315814 PAN nömrəli kart üzrə 500 AZN məbləğində nağdlaşdırma edilmişdir (Ödəniş kartı üzrə çıxarış - əlavə edilir). Mübahisə edilən əməliyyatla bağlı qeyd edir ki, həmin tarixdə (saat 21:24) 200 AZN məbləğində avans krediti məxaric edilmişdir. İddiaçının hüqııq-mühafizə orqanlarına müraciəti ilə əlaqədar 29 aprel 2022-ci il tarixli 5(006)-245/2022 nömrəli Nəsimi Rayon Məhkəməsinin qərarı icra edilmiş, mövcüd görüntülər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə təqdim edilmişdir. Həmin foto görüntülərlə əməliyyatların iddiaçı tərəfindən icra edilməsi sübuta yetirilir. Göründüyü kimi baş vermiş hadisədə bankın hər hansı təqsiri yoxdur, avans krediti iddiaçının sifarişinə əsasən təqdim edilmiş, daha sonra tariflərə uyğun (hər 50 AZN avans üçün 3 AZN komissiya hesablanmaqla) 212 AZN vəsait iddiaçının hesabından silinmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2223/2023 saylı 18 may 2023cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmış ki, birinci instansiya məhkəməsinin qətnaməsində mənə avans əməliyyatının xx.xx.2022-ci il tarixdə 18:25-də bank tərəfindən təqdim olunmuş çıxarışa qətiyyən qiymət verməmiş və mən iddiaçı tərəfindən Nəsimi RPİnin 20-ci PB-də təhqiqat araşdırması ərəfəsində əldə etdiyim videogörüntüləri avansgötürmə əməliyyatı zamanı “Bravo” marketin içərisində quraşdırılmış bankomatın qarşında mən yox, digər Azərbaycan vətəndaşının fotogörüntülərinə laqeyd yanaşaraq birtərəfli mövqe seçərək guya avans əməliyyatının xx.xx.2022-ci il tarixdə, saat 21:20 və 22:00 radələrində tərəfimdən həyata keçirilməsini qeyd etmişdir. Əgər bankomatın qarşısında xx.xx.2022-ci il saat 18:25-də tarixdə mən yoxamsa, necə avans götürə bilərəm? Əlavə olaraq bildirirəm ki, həmin tarixdə mənim adıma olan Cavabdeh ASC tərəfindən verilmiş 3 debet kartında *****7721-də 353 manat, ****6147-də 1249 manat,****1836-da 52 manat məbləğlər olmuşdur. Belə olan halda məntiqlə də mənim avans əməliyyatından istifadə etməyimə ehtiyac olmayıb, mən bank tərəfindən mənə təqdim olunmuş 2022-ci il yanvar ayı üzrə təqaüdümün çıxarışını və guya avans götürməyim barədə xx.xx.2022-ci il tarixdə, saat 18.25-də avans götürməyim barədə çıxarış iş materiallarında var. Məhkəmə gedişatında cavabdeh CD-disk məhkəməyə təqdim etdi və mənə onun əsasında hakim tərəfindən sual verildi ki, görüntüdəki şəxs sizsinizmi? Mən də cavab verdim ki, bəli, mənim görüntümdür, çünki həmin marketin yaxınlığında yaşadığım üçün həmin bankomatdan pensiyam üzrə məbləğlər çıxararaq istifadə etmişəm. Lakin təqdim edilən diskdə mənim görüntülərimin saat və dəqiqəsi barədə açıqlama verilmədi və nəticə etibarilə birtərəfli mövqedən çıxış edərək haqlı iddiamı təmin etmədi. Göründüyü kimi əsassız və qanunsuz qətnamə qəbul edildi. Videogörüntülər və fotoşəkillər məhkəmə tərəfindən sübut qəbul edildiyi halda, məhkəməyə təqdim edilmiş olan videogörüntülər məhkəmə tərəfindən qəbul edilməmişdir. Bir halda ki, həmin videogörüntülərdə işin hallarına uyğun bir çox məqamlar öz təsdiqini tapmışdır. Hesab edirəm ki, həmin videogörüntülər də iddianın daha ədalətli və obyektiv araşdırmasına xidmət edərdi. Lakin məhkəmə tərəfindən həmin görüntülər sübut kimi qəbul edilməməsi AR MPM-nin 76-cı maddəsinintələblərinin pozulması deməkdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 14 yanvar 2022ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan iddiaçının hesabından 200 manat məbləğində pul vəsaiti çıxarılmışdır.

24. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabından 212 manat avans borcu üzrə silinmə həyata keçirilmişdir

25. xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı faktla bağlı kifayət qədər dəlil-sübut bazası yaratmaq mümkün olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

26. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 125000/1-02- 0490 saylı məktubdan görünür ki, “istifadənizdə olan 676867******5814 nömrəli plastik kart vasitəsi ilə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan Bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric edilmişdir. Məhsulun şərtlərinə görə istifadə edilən hər 50 manat vəsaitə 3 manat komissiya hesablanır və kart hesabına növbəti mədaxil zamanı borc məbləği hesabdan silinir. İstifadə tarixindən sonrakı 40 gün ərzində borc məbləği tam olaraq ödənilməzsə 40-cı gün əməliyyat gününün sonunda qalıq borc məbləğinə aylıq intervala uyğun olaraq yenidən komissiya hesablanır. “AVANS” məhsulundan istifadəyə görə kart hesabınızdan 15 fevral 2022-ci il tarixdə 212 manat silinmişdir. Əməliyyatı icra edən şəxsin müəyyən edilməsi üçün “AVANS” məhsulu üzrə məxaric əməliyyatına dair görüntülərin əldə edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz”. 27.Beləliklə, tərəflərin izahatları ilə işdə olan sübutların birgə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçının istifadəsində olan 676867******5814 nömrəli plastik kart vasitəsi ilə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan Bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric edilmişdir. Daha sonra tariflərə uyğun cavabdeh tərəfindən hər 50 AZN avans üçün 3 AZN komissiya hesablanmaqla 212 AZN vəsait iddiaçının hesabından silinmişdir.

28. İddia ərizəsinin məzmunundan və iddiaçıının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçı “”Avans” məhsulu üzrə xidmətdən istifadə etmədiyi halda hesabından 212 manat pul məbləğinin silinməsini qanunsuz hesab edir və cavabdehi təqsirli sayır.

29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisədə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən olunmur. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşdə olan sübutlarla təsdiqlənir ki, iddiaçı özünəməxsus 676867******5814 nömrəli plastik kartdan istifadə edərək, Bankın “Avans” məhsulu üzrə 200 manat pul təklifini qəbul etmiş və bank tərəfindən həmin məbləğin qaytarılmasını təmin etmək üçün iddiaçının hesabından akseptsiz olaraq komissiya haqları ilə birgə 212 manat məbləğ silinmişdir.

32. Digər tərəfdən iddiaçı bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric etmədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, iddiaçı iddia tələbinin əsasını (pulun silinməsində cavabdehin təqsiri) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

34. Məhkəmənin qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz.

35. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

30. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

32. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2223/2023 saylı 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar