Məhkəmə qərarları › İş №2(103)-4876/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4876/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4876/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2023 nömrəli 11 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri Pirallahı RPŞ-nə müraciəti əsasında toplanmış 48-H/21 saylı rədd materiallarına əsasən Cavabdeh izahatı alınmış, o, xx.xx.2020-ci il tarixdə izahat verərək bildirmişdir ki, onun X3 7500,0 manat pul borcu var. xx.xx.2019-cu il tarixdə qəza nəticəsində vəfat etmiş kiçik oğlu Fuadın da qeyd olunan qadına 22000,0 manat pul borcu olub. Həmin borcun bəzi məbləğlərinin borc kimi alınmasına o, cavabdeh olaraq razılıq vermişdir. Onun həmin qadına olan öz borcunu, yəni 7500,0 manatı və oğlunun borc aldığı pulun onun cavabdeh olduğu hissəsini geri qaytarmağa hazırdır.

2. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Mərhumun qanun üzrə vərəsəsi olan oğlu İddiaçı mərhumun varisi olmuşdur.

3. Ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat verilməsi barədə Ədliyyə Nazirliyinin portal çıxarışa görə xx.xx.2019-cu il tarixdə ölmüş X6 barəsində vərəsəlik işi açılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30700,0 manat məbləğində pulun və iddia qaldırılması üçün ödədiyi 182,1 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, X1 anası olmuşdur. Anası xx.xx.2021-ci il tarixdə vəfat edib. Anasının qanuni vərəsəsi odur. Bu barədə adına Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində vərəsəlik işi açılmışdır. Cavabdeh onun mərhum anası X2 2015-ci il tarixdə 2019-cu il tarixə kimi ayrı-ayrı vaxtlarda ümumilikdə 33800,0 manat borca pul almışdır. Mərhum anası Pirallahı polis şöbəsinə şikayət etmişdir. Bundan sonra cavabdeh 2020-ci ilin sentyabr ayında 1500,0 manat pul qaytarmışdır. Daha sonra hər ay 300,0 manat olmaqla, cəmi 600,0 manat pul qaytarmışdır. Bundan sonra, o, 2021-ci ildə yenidən polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdikdə cavabdeh ümumiyyətlə borcunun olmadığını və cəmi 4200 manat olduğunu, həmin borcu da qaytarmaq istəsə də, onun razılaşmadığını bildirmişdir. Lakin bütün bunlar yalandır. Cavabdeh bu yolla borcunu ödəməkdən yayınmaq istəyir, bunu polis şöbəsində verdiyi izahatları ilə də müəyyən etmək olur. Cavabdehin ümumilikdə 30700,0 manat borcu vardır.

6. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 may 2023-cü il tarixli 2(094)-53/2023 nömrəli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh verilmiş borca görə 4400,0 manat və ödənilmiş dövlət rüsumuna görə 26,0 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə göstərmişdir ki, iddiaçı, mərhumlar X9 ilə X4 arasında hər hansı müqavilənin bağlanması, bu müqavilənin Cavabdeh Fuad Məclumova verdiyi tapşırıq əsasında həyata keçirilməsinə dair hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin hissədə öz dəlilini Cavabdeh polis idarəsində verdiyi izahatı ilə əsaslandırmış, lakin sonuncu, həmin izahatı qəbul etməyərək, onu sözlərinin mahiyyətini anlamadan yazdığını, iddianı həmin hissədə qəbul etmədiyini bildirmişdir.

8. Məhkəmə, iş materiallarını, tərəflərin izahatlarını və işin araşdırılan digər hallarını nəzərə alaraq hesab etmişdir ki, X4 tərəfindən X7 pul vəsaitinin verilməsi, yaxud bu pul münasibətlərinin Cavabdeh tapşırığı əsasında həyata keçirilməsi sübuta yetirilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, göstərildiyi kimi Fuad Məclumovun 26300,0 manat borc öhdəliyi olsaydı belə, işdən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X6 barəsində vərəsəlik işi açılmamış, hazırkı iddia tələbi üzrə cavabdeh qismində qoyulmuş F.Maclumova vərəsəlik şəhadətnaməsi verilməmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə isə vərəsə miras qoyanın borcları üzrə öz payına düşən həddə kreditor qarşısında məsuliyyət daşıyır. Başqa sözlə, Cavabdeh konkret olaraq mirası qəbul etdiyi həddə miras qoyanın borclarına görə cavabdehlik daşıyır. Hazırkı halda isə Cavabdeh hər hansı miras qəbul etməsi müəyyən olunmur.

9. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin vərəsə kimi miras qoyanın borc öhdəliklərinə görə məsuliyyət daşıması üçün onun miras əmlakı faktiki qəbul etməsi və yaxud mirasa dair vərəsəlik hüququnun tanınması müəyyən olunmalıdır. Cavabdehə isə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Belə olan halda iddia tələbi 26300,0 manat pulun qaytarılması hissəsində təmin edilə bilməz.

10. Məhkəmə iddianı qalan hissədə araşdıraraq müəyyən etmişdir ki, kreditor Yujiriyət Kadimova ilə Cavabdeh arasında borc münasibətləri olmuş, sonuncu aldığı pul vəsaitini geri qaytarmayaraq kreditora maddi zərər vurmuşdur. İddiaçının mərhum anası tərəfindən cavabdehə pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanmış borc kimi pulun verilməsinə dair əqd qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Eyni zamanda, tərəflər arasında borca pulun verilməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır.

12. Məhkəmə iddiaçı tərəfindən cavabdehə 7500,0 manat pulun verilməsi və həmin puldan cavabdeh tərəfindən 3100,0 manat qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etməmişdir. İddiaçı iddia etdiyi 30700,0 manat pul vəaitinin 7500,0 manat məbləğində olan hissəsinin cavabdehə verdiyini sübuta yetirmiş, qalan hissədə isə sübut edə bilməmiş, hər iki tərəf verilən puldan 3100,0 manat qaytarıldığını təsdiq etmiş, cavabdeh isə ümumilikdə 3300,0 manat pulu iddiaçıya qaytarması bildirsə də etirazını sübuta yetirə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 777.1, 324.1, 324.4, 337.1, 740.1, 740.2, 386.1, 1091, 1092.2, 1092.2, 373.2, 377.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalana zidd olmaqla ədalətsiz və əsassızdır. Məhkəmə Sərdarova Tatyananın şahid kimi dindirilməsi barədə vəsatətlərini əsassız olaraq təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

18. Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçının anası tərəfindən mərhum oğluna yalnız 1500 manat verilərkən iddiaçının anası ona zəng etmişdir ki, “oğlu gedib 1500 manat pul istəyir, bildirmişdir ki, işdə “notebook”u sınmışdır, buna görə lazımdır”, o da 1500 manatın verilməsi üçün razılıq vermişdir. Yəni, həmin pul ona yox, mərhum oğlu Fuada lazım olmuş və sonuncu pulu şəxsi ehtiyacları üçün götürmüşdür. Polisdə yazdığı izahatda da məhz həmin borcu, yəni 1500 manatı nəzərdə tutmuşdur.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, təxminən 2016- 2017-ci illərdə onun yanında cavabdehin oğluna 8000 manat və 6000 ABŞ dolları olmaqla iki dəfə pul vermişdir. Cavabdehin oğlu pulu istəyəndə atasının göndərdiyini deyirdi, Yujiriyyət pulu vermək istəmirdi, cavabdehin oğlu atasına, yəni cavabdehə zəng edib Yujiriyyət sonuncu ilə danışıb oğlunun pul istədiyini bildirmiş və veribverməməsini soruşmuş, cavabdeh “ver” dedikdən sonra vermişdir. Yujiriyyət pulu özü hesabladıqdan sonra, hesablamaq üçün ona vermiş, o da hesablamışdır. Yujiriyyət ev almaq istəyirdi, cavabdehin oğlu da çıxarış gətirmişdir ki, iki otaqlı ev sata bilər, Yujiriyyət üç otaqlı ev istədiyi üçün çıxarışı qaytardı. Yujiriyyət cavabdehin oğluna pul verməzdi, ona görə atasına zəng edib soruşduqdan sonra verdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

22. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. Maddə 777.1.Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

24. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılır, çünki iddia qismən təmin edilmiş olsa da cavabdeh tərəfindən şikayət verilməmiş, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İddiaçının mərhum anası tərəfindən həm cavabdehin özünə, həm də cavabdehin mərhum oğluna borc pul verilmişdir.

35. İddiaçı hazırda cavabdehə verilmiş 33800,0 manat pul vəsaitinin ilkin olaraq 7500,0 manatının şəxsən cavabdehin özünə, qalan 26300,0 manatın isə cavabdehin oğlu Fuad vasitəsilə ona göndərdiyini bildirərək, həmin puldan 3100,0 manat qaytarıldığı nəzərə alınmaqla ödənilməmiş 30700,0 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir.

36. Hazırda qətnamə yalnız iddia tələbinin 26300,0 manat pulun qaytarılmasının rədd edilməsi hissəsində yoxlanılır.

37. İddiaçı ona əsaslanır ki, cavabdehin mərhum oğlu borc pulları istəyərkən atasının borc alması üçün onu göndərdiyini bildirmiş, mərhum anası da hər dəfə cavabdehlə danışıb sonuncunun pulu verməsini bildirdikdən sonra pulu vermişdir. Cavabdeh isə həmin pulları qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh və mərhum oğlu Fuad həmin pullara onun mərhum anasına ev almalı idilər.

38. Cavabdeh isə bildirir ki, nə özü, nə də mərhum oğlu Fuad ev alqı-satqısı ilə məşğul olmamışlar və iddiaçının mərhum anası ilə onun arasında ev almaq barədə heç söhbət belə olmamışdır. Onun özü iddiaçının anasından 7500 manat borc almışdır, oğlunun ondan borc almasından məlumatı olmamışdır, yalnız 1500 manat borc alarkən iddiaçının anası ona zəng edərək, oğlunun 1500 manat pul istəməsini bildirmiş, həmin məbləği də oğlu iş yerində “notebook”un sınması ilə bağlı istədiyini bildirmiş, o da iddiaçının anasına həmin məbləği verməsi üçün razılıq vermişdir. Qalan hər hansı pul məbləğinin verilməsi zamanı onun məlumatı olmamış, tərəfindən hər hansı razılıq verilməmişdir. 2019-cu ildə iddiaçının anası oğlundan şikayət vermiş, bununla bağlı Polis İdarəsinə gəldikdə ona məlum olmuşdur ki, oğlunun iddiaçının anasına borcu var.

39. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

40. Kollegiya qeyd edir ki, iddia tələbinə görə cavabdehin tapşırığına əsasən iddiaçının mərhum anası tərəfindən pul məbləğinin cavabdehin mərhum oğluna verilməsi iddia edilsə də, işin hallarından göstərilən pul məbləğlərinin cavabdehin mərhum oğluna verilməsinin məhz cavabdehin tapşırığı əsasında həyata keçirilməsi müəyyən edilmir. Cavabdehlə mərhum oğlu arasında tapşırıq münasibətlərinin olması sübuta yetirilməmişdir. Cavabdeh yalnız 1500 manatın verilməsinə razılıq verdiyini etiraf etmişdir. Yəni, 1500 manatın oğlu tərəfindən onun yox, məhz oğlunun şəxsi ehtiyacları üçün alınmasına razılıq vermişdir.

41. Eləcə də həmin pulların cavabdeh və mərhum oğlu Fuad tərəfindən iddiaçının mərhum anasına ev almaq məqsədilə verilməsi də təsdiq olunmamışdır.

42. Beləliklə, iddiaçının anası tərəfindən cavabdehin mərhum oğluna verilən pul məbləğinin məhz cavabdehin tapşırığı əsasında və iddiaçının anasına ev almaq məqsədilə cavabdehə çatdırılması üçün verilməsi sübuta yetirilməmişdir.

43. Digər tərəfdən Kollegiya qeyd edir ki, cavabdehin iddiaçının anası tərəfindən onun mərhum oğluna verilən pul məbləğinin ödənilməsi üçün zamin kimi də üzərinə öhdəlik götürməsi müəyyən edilməmişdir. Belə olan halda zaminlik, qanunvericiliyin tələbinə uyğun olaraq, yazılı formada rəsmiləşdirilməklə zaminlik müqaviləsi bağlanmalı idi. Belə bir müqavilə də olmamışdır. Buna görə də cavabdeh heç 1500 manat üçün də məsuliyyət daşımır.

44. Məhkəmə onu da haqlı olaraq göstərmişdir ki, hazırkı iş üzrə cavabdehin vərəsə kimi miras qoyanın borc öhdəliklərinə görə məsuliyyət daşıması üçün onun miras əmlakı faktiki qəbul etməsi və yaxud mirasa dair vərəsəlik hüququnun tanınması müəyyən olunmalıdır. Cavabdehin isə hər hansı miras qəbul etməsi müəyyən olunmur, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

45. İddiaçının anası tərəfindən cavabdehin oğluna pul məbləğləri verildiyi (2016-ci ilin noyabr-dekabr ayları, 2017-ci il) dövrdə artıq qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi yazılı formada bağlanmalı idi. Belə bir yazılı müqavilə isə olmamışdır.

46. Ona görə də Kollegiya qeyd edir ki, hətta iddiaçının istinad etdiyi hallar sübuta yetirilmiş olsa idi belə, həmin borc məbləğinin verilməsi qanunvericiliyin tələbinə uyğun olaraq yazılı formada rəsmiləşdirilmədiyi üçün etibarsız əqd olmuşdur.

47. Həmin əqd üzrə icra olunmuşların geri qaytarılması tələbi isə bir illik iddia müddəti ərzində irəli sürülə bilərdi.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

49. Başqa sözlə, cavabdehin mərhum oğlu Fuadın iddiaçının mərhum anasından 26.300 manat məbləğində pulu məhz cavabdehin tapşırığı ilə aldığı müəyyən olunsaydı belə, həmin tələbə 1 illik iddia müddəti tətbiq olunmalı idi.

50. Beləliklə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-53/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar