Məhkəmə qərarları › İş №2(103)-4877/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4877/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4877/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı “İddiaçı BOKT” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı “İddiaçı BOKT” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 146.82 manat əsas borc, 400.53 manat faiz və 7.34 manat dəbbə pulu olmaqla, cəmi 554.69 manat kredit borcunun, 100 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı BOKT” ASC-nin “Nizami” filialı ilə Cavabdeh1 arasında imzalanmış 29 aprel 2013-cü il tarixli, 0541NF/13 saylı, kredit xətti müqaviləsinə və onun tərkib hissəsi olan 07.08.14-cü il tarixli, BAKU3-4543-3216 saylı razılaşmaya əsasən illik 18 faizlə, 18 ay müddətinə 1050 manat kredit verilmişdir. Kredit müqaviləsindən yaranan öhdəliklərin tam vaxtında icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 29 aprel 2013-cü il tarixli, 0541NF/13 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7078/28 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 146.82 manat, faiz borcuna görə 400.53 manat və 7.34 manat məbləğində dəbbə, cəmi 554.69 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Mehriban Qarayeva). Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyaisya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mənim və digər cavabdehin iştrakını təmin etmədən, mülki işi birtərəfli qaydada araşdıraraq, sübutlara birtərəfli qiymət verərək qətnamə qəbul edib. Halbuki sübutların mötəbərliyini şübhə altına alan kifayət qədər əsaslar var. Qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı təşkilatın öz iddia ərizəsində qeyd etdiyi iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən götürülmüş kredit məbləği kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində tamamilə ödənilib və hal-hazırda onun iddiaçıya heç bir kredit borcu yoxdur. Cavabdehin iddia tələbində qeyd edilən məbləğdə borcunun olması tamamilə əsassızdır. İddia ərizəsinə hesabdan çıxarış əlavə edilmiş olsa məlum olar ki, həmin məbləğ cavabdeh tərəfindən tam ödənilib. Mülki iş materiallarından da göründüyü kimi 3 illik iddia müddəti ötürüldükdən sonra iddia qaldırılıb. Cavabdehin iştrakı təmin olunmadığı üçün, cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Halbuki, mülki iş materiallarından da göründüyü kimi, kredit müqaviləsi üzrə müddət bitəndən 3 il sonra hazırkı iddia qaldırılıb. Lakin bütün bunlar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmayıb. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Mahmudov cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “İddiaçı BOKT” ASC ilə Cavabdeh1 arasında bağlanmış 0541NF/13 saylı, 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi və razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 18 faiz olmaqla 1050 manat məbləğində istehlak məqsədləri üçün kredit verilmişdir. İş materiallarında olan 0541NF/13 saylı, 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1050 manat məbləğində kredit ödənişi cavabdeh X3 ödənilmişdir. İş materiallarında olan 0541NF/13 saylı, 29 aprel 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 0541NF/13 saylı, 29 aprel 2013-cü il tarixli kredit müqaviləsini ödəməsinə təminat verərək, üzərinə zaminlik öhdəliyi götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 146.82 manat əsas borc, 400.53 manat faiz və 7.34 manat dəbbə pulu olmaqla, cəmi 554.69 manat borcu qalmışdır. İş materiallarında olan “İddiaçı BOKT” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borc barədə xəbərdarlıq edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 29.04.2013-cü il tarixində 18 ay müddətinə bağlanmışdır. Belə olan halda, kredit müqaviləsinin müddəti 29.10.2014-cü il tarixində başa çatmışdır. Belə olan halda iddia ərizəsi 29.10.17-ci il tarixinədək verilə bilərdi. İddiaçı isə 07.09.2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini təxminən 1 il ötürmüşdür. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermək imkanı məhdudlaşmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, zərf “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. Məhkəmənin cavabdehin ünvanının dəqiqləşdirilməsi ilə bağlı hər hansı addım atması iş materiallarından görünmür. Qeyd edilən xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, mübahisələndirilən kredit müqaviləsi üzrə iddia müddəti ötfüyündən iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə 3 illik iddia müddəti ötürüldüyündən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7078/28 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar