Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4877/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ( "vurulmuş ziyanın ödənilməsi") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdehin "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1729/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" tərəfindənverilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Astara rayonu Sərək kənd ərazisində elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı 2000 manat məbləğində dəymiş ziyan və ödənilmiş 41 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Astara rayonun Sərək kəndində yaşayır. Fərdi təsərrüfatında mal-qara saxlayaraq ailəsinin maddi dolanışığını təmin edir. İki baş inəyini xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Astara rayonun Sərək kənd ərazisində yerəşən örüş sahəsinə ötürərkən, inəklərin biri oradan keçən, yerə düşən elektrik xəttinə ilişərək elektrik vurması nəticəsində ölmüşdür. Həmin vaxt elektrik nəzarətçilərinə zəng vurmuş və onlar həmin yerə gəlmiş, elektrik xətlərini ayırıb və sonra çıxıb getmişlər. Həmin gün AR DİN - nin 102 xidmətinə zəng edərək məlumat verilmişdir. İki nəfər polis əməkdaşı hadisə yerinə gəlmiş, müvafiq sənədləşmə işləri aparılmışdır. Astara rayon polis şöbəsi tərəfindən apaşdırma aparılmışdır. Astara rayon polis şöbəsinin araşdırma sənədləridə bir baş inəyin gündüz vaxtı elektrik cərəyanı vurulması nəticəsinə ölməsini təsdiq edən sübutlar hesab edilir və zərurət olarsa məhkəmə tərəfindən həmin sənədlər tələb edilə bilər. Ziyanla bağlı bir neçə dəfə şifahi şəkildə və sonra o, ərizə ilə "xxxx" ASC-nin X6 ərizə ilə müraciət etmişdir. Yazılı müraciətinə cavabda verilmişdir. Həmin cavab da həqiqəti əks etdirmir. Bir baş inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi 3 nömrəli yarma protokolu ilə təsdiq edilir. Həmin protokolun 24-cü maddədə patoloji anatomik diaqnoz elektrik vurması 25-ci bəndində rəy: anamnez. klinikı və pataloji anatomik məlumatlara əsasən heyvanın ölümü yüksək gərginlikli elektrik cəryanı vurması səbəbindən olmuşdur. Bir baş inəyinin elektrik vurması nəticəsində ölməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur və bunlarda iddianın mübahisəsiz halları hesab edilməlidir. Bir baş inəyin elektrik cərəyanı vurulması ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş və ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd etmişdir ki, ona vurulmuş ziyan 2000 manat təşkil edir və həmin məbləğdə inəyin diri çəkisinə görə təyin edilir. Belə ki, inəyin diri çəkisi 300 kq olmuş və ət çıxarı təxminən 140-150 kq olmuş, bazar qiyməti 2000 manat təşkil edir. Vurulmuş ziyana görə bir baş inəyə görə 2000 manat tələb edilməsi əsaslı və qanunidir. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1729/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 2000 manat, dövlət rüsumuna görə ödənilmiş 40 manat və 1 manat xidmət haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.2; 1096, 1097.1; Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası” haqqında xx.xx.2020-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçıya məxsus inək yerə düşən elektrik xəttinə ilişərək ölmüş, nəticədə iddiaçıya ziyan dəymişdir. Beləliklə, elektrik naqillərinin quraşdırılması, onların təhlükləsizliyinin təmin edilməsi cavabdehin vəzifəsi olduğundan, iddiaçıya məxsus iribuynuzlu heyvanın elektrik cərəyanı vurması nəticəsində dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan yarma protokolu və Masallı “Mal Bazarı”nın arayışına əsaslanaraq hesab edir ki, həmin sənədlər sübut kimi qəbul edilməli, cavabdehdən vurulmuş maddi ziyana görə iddiaçının xeyrinə 2000 manat tutulmalıdır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2023-cü il tarixdə fərdi baytar X3 tərəfindən tərtib edilmiş yarma protokolundan görünür ki, İddiaçı məxsus orta köklük dərəcəsində olan qara rəngli diri çəkisi təxminən 300 kg (140- 150 kg ət çıxarı) olan 4 yaşlı dişi heyvan elektrik cərəyanı vurması nəticəsində ölmüşdür; - Astara rayon mərkəzi bazarın müdiri tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Astara rayon mərkəzi bazarında iri buynuzlu heyvan ətinin qiyməti 13 manat təşkil edir ;- Cənub RETSİ X8 tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, X4 xidməti ərazisində yerləşən 35/10 kV-luq Ərçivan yarımstansiyasından çıxan 10 kV-luq Ərçivan hava xəttinin Şüvi budaqlanmasından qidalanan kodu ******* olan 160 kVA transformatordan fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunur. Yaşadığı ünvanda saxladığı inəyin qeyri örüş yeri yəni meşə ərazisində sahibsiz olaraq gecələr qalması ucbatından baş verə biləcək hər hansı bir hadisə üçün cavabdehlik şəxsən onun üzərində qalır. Qeyri örüş yerində onun nəzarət edə bilmədiyi ərazidə inəyin ölməsini təyin edən həkim şəbəkəyə heç bir məlumat verməmişdir. İnəyin yarma əməliyyatında onların iştirakı olmamışdır. Vətəndaş inəyin ölməsi barədə həmin saatlarda X6 heç bir məlumat verməmişdir; - Astara rayon Polis Şöbəsi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir; - Məhkəmənin sorğusu əsasında Masallı rayonun “Mal bazarı” tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Masallı rayonunun “Mal bazarı”nda qara rəngli dişi cinsindən olan 3-4 yaşlı diri çəkisi təxminən 400-500 kg sağılmalı inəyin bazar dəyəri alıcılar və satıcılar arasında 2200-2500 manat arasında dəyərləndirilir Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)- 1729/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə öz qətnaməsində iddiaçiya dəymiş ziyan arasında hər hansı səbəbli nəticə əlaqəsinin olmasını və cavabdeh “Azərişıq" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmiş, AR MPM-in qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, baş vermiş hadisədə "xxxx" ASC-nin təqsiri sübuta yetirilmədiyindən şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, inəyi örüş sahəyə buraxdıqdan sonra elektron naqilinin düzgün çəkilməməsi , yəni lazımi hündürlükdə aşağı olması səbəbindən heyvanın həmin yerdən olan elektrik xəttinə dəyib tələf olduğunu bunun tərtib edilmiş yarma protokolunda da öz əksini tapdığını, hadisə baş verdikdən dərhal sonra "xxxx" ASC-nin ərazi üzrə səlahiyyətli nümayəndələrinə məlumat verdiyini və onların da hadisə yerində gələrək elektrik xəttinin ayırıb getdiklərini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, ,1096.1, 1096.2, 1097.1, 1115; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76, 77, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 9.Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası” haqqında xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki : 1.2.24. Yaşayış, ictimai və digər məntəqələrdə cərəyan daşıyan hissələrin çəpərlənməsi və bağlanması üçün xidmət edən qurğular bütöv olmalıdırlar; ancaq ixtisaslı heyətin daxil olma hüququ olan otaqlarda yerləşməlidirlər, bu qurğular bütöv, tor şəklində və ya dəlikli ola bilərlər. 1.2.25. Çəpərləyici və bağlayıcı qurğular elə hazırlanmalıdırlar ki, onları yalnız açarlar və alətlərin köməyi ilə çıxarmaq və açmaq mümkün olsun. 1.2.26. Gərginlik 1 kV-dan artıq olduqda metal çəpərləyici və bağlayıcı qurğuların qalınlığı 1mm-dən az olmamalıdır. 1.2.27. Xidmət heyətinin və kənar şəxslərin təhlükəsizliyi 1.7-ci bənddə nəzərdə tutulmuş mühafizə tədbirləri, həmçinin aşağıdakı tədbirləri yerinə yetirməklə təmin olunmalıdır:a) cərəyandaşıyan hissələrə kimi müvafiq məsafəyə riayət etməklə və ya cərəyandaşıyan hissələrin çəpərləmək, bağlamaqla; b) aparatlara və çəpərləyici qurğulara bloklama tətbiq etməklə səhv əməliyyatlar və cərəyandaşıyan hissələrə toxunmanı aradan qaldırmaqla;c) xəbərdaredici siqnallamadan, yazılardan və plakatlardan istifadə etməklə; ç) elektrik və maqnit sahələrinin induktivliyini buraxılabilən qiymətlərə kimi azaltmaq üçün qurğular tətbiq etməklə; e) mühafizə vasitələri və alətlərindən, o cümlədən, induktivliyi buraxılabilən normadan yuxarı olan elektrik və maqnit sahələrinin təsirlərindən mühafizə üçün vasitələrdən istifadə etməklə.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 11 .Qeyd edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təkzibedici sübutlar təqdim edilmədiyindən təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1729/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.