Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4878/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1418/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, 10 nömrəli orderə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzil 4 nəfərdən ibarət ailə tərkibində - X6, X11, X7 və X10 istifadəyə verilmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X11 və X7 arasında xx.xx.2004-cü il tarixdə 346 akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2004-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 hər ay 108 manat aliment tutularaq X2 verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab məktubuna əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077 7-ci köndələn məhəlləsi, ev 5B, 10 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna cavab məktubundan və həmin məktuba əlavə edilmiş sərəncamlardan ünvan 1 ünvanda yerləşən yataqxana binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2012-ci il 7 noyabr tarixli 301 s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.477 (on üç min dörd yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 14.477 (on dörd min dörd yüz yetmiş yeddi) manat məbləğində dəymiş zərər və məhkəmə qətnaməsi çıxarılan günə olan uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı etibarından suiistifadə edərək, ondan 13.477 manat məbləğində pul alaraq ona ziyan vurmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-14/2019 saylı hökmünə əsasən, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı Türkiyə Universitetlərindən birində magistr təhsili almağa göndərəcəyinə söz verib 2017-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla vahid niyyətlə Bakı şəhəri, Nəsimi rayonu, Ak. Ş.Əzizbəyov küçəsində 12960 manat nisbətində 6750 ABŞ dolları və 517 manat pulunu alıb sonradan verdiyi vədə əməl etməyərək İddiaçı 13477 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi müəyyən edilmiş və Cavabdeh İddiaçı və digərlərinə qarşı törətdiyi əməllərə görə AR Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-923/2019 nömrəli qərarına əsasən, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)- 14/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-14/2019 saylı hökmü ilə zərərçəkmiş şəxs X3 mənəvi zərər iddiası da qismən təmin edilmişdir. Məhkəmə hökmdə qeyd etmişdir ki, “...Baxılan işdə təqsirləndirilən şəxs (mülki cavabdeh) Cavabdeh hərəkətləri nəticəsində zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X4 vurulmuş zərərin uzun müddət ərzində ödənilməməsi faktları özü-özlüyündə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. ...” Qeyd olunanlara əsasən mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və göstərmişdir ki, hazırki işlə əlaqədar Cavabdeh barəsində cinayət işi 2017-ci ilin sentyabrında başlayıb. 2019-cu ilin may ayında Səbail Rayon Məhkəməsinin hökmü ilə o məhkum olunmuşdur. İddiaçı həmin məhkəmə araşdırmaları zamanı mülki iddia verməmişdir. İddiaçı həmin iddianı vermək üçün qanunla müəyyən edilmiş müddəti itirmişdir. Çünki, hazırda 2023-cü ilin mart ayıdır. 2017-ci ildən hesablanılsa, 6 il müddət, 2019-cu ilin may ayından hesablanılsa, 3 ildən daha çox müddət keçmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(006)-1418/2023 nömrəli qətnaməsi ilə (hakim m X12) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5.750 (beş min yeddi yüz əlli) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində maddi ziyanın, 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın əvəzi və iş üzrə ödənilmiş 134 (yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, məhkəməyə sübut olaraq təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 1(009)-14/2019 saylı hökmündən göründüyü kimi, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsindən sonra İddiaçı şikayət etmiş, onun şikayətindən sonra Toğrul ona dəymiş ümumi ziyandan 1600 ABŞ dolları və 200 manat qaytarmışdır. Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyandan 5750 dolların ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona qarşı qaldırdığı mülki iddianın təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh mülki iddianın əvəzi olaraq ödənilməyən 5750 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Belə ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi mülki hüquq pozuntusuna əsaslanır. Hazırki işdə Cavabdeh iddiaçıya münasibətdə delikt törətməsi yuxarıda qeyd edilən qaydada öz təsdiqini tapmışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 439cu, 1091-ci, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi və mülki işin icraatına xitam veriməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia müddətini ötürdüyünə görə, iddia müddətinin tətbiqi barədə vəsatət versələr də vəsatətləri təmin olunmamışdır. Məhkəmə iddianı təmin edərkən MM-nin eyni zamanda 1096, 1097-ci maddələrinə istinad etmişdir. Həmin maddələrin isə işə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin maddələrdə mülki hüquq pozuntusundan söhbət gedir, yəni zərərçəkənin həyatına, əmlakına, işgüzar nüfuzuna vurulan ziyandan bəhs olunur. Bu cür iddialar üçün iddia müddəti şəxsin öz hüquqlarının pozulduğunu bildiyi andan bir il təşkil edir. Beləliklə, cavabdeh müddəti ötürməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hətta məhkəmə tərəfindən müddətin tətbiq olunması barədə verdiyi vəsatətə də heç bir münasibət bildirilməmiş və müzakirə olunmamışdır. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş “zərər” anlayışının şərh olunması ilə əlaqədar xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ”
17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
18. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. İşin faktiki hallarına əsasən iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən apellyasiya şikayətində qoyulan dəlilə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı tərəfindən iddia qaldırılması üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İş materiallarından da göründüyü kimi, iddiaçının dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü qəbul edildikdən sonra yaranmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürməmişdir.
25. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək, onu və onun nişanlısı X19 universitetlərinin birində magistr təhsili almağa göndərəcəyinə söz verib 2017-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddətdə hiss-hissə olmaqla vahid niyyətlə 12960 manat nisbətində 6750 ABŞ dolları və 517 manat pulunu alıb sonradan verdiyi vədə əməl etməyərək İddiaçı 13477 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, onun bu əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş Hökmü ilə öz təsdiqini tapmış və həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
26. Yuxarıda qeyd edilən hökmdən isə göründüyü kimi, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsindən sonra İddiaçı şikayət etmiş, onun şikayətindən sonra Toğrul ona dəymiş ümumi ziyandan 1600 ABŞ dolları və 200 manat qaytarmışdır. Sonda zərərçəkmiş şəxs ona dəymiş ziyandan 5750 dolların ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, ona qarşı qaldırdığı mülki iddianın təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 5750 manat məbləğində maddi ziyanın tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
27. Birinci instansiya məhkəməsi cinayət hadisəsi ilə əlaqədar olaraq iddiaçının psixoloji sarsıntı keçirməsinə səbəb olması barədə düzgün nəticəyə gəlmiş və təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmuşdır.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1418/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.