Məhkəmə qərarları › İş №2(103)-4884/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4884/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4884/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)-208/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 23131,77 manat məbləğində kredit borcu, 2097,68 manat məbləğində faiz borcu və 6880,92 manat məbləğində cərimə borcu olmaqla, cəmi 32110,37 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354,62 manat məbləğində kredit borcu, 1798,29 manat məbləğində faiz borcu və 5149,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,9 manat məbləğində borcun, ümumilikdə cəmi 59412,46 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59412,46 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növüfərdi yaşayış, 69 və 79 saylı sahələrin birhissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli 001R********** saylı və 07.08.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 22131,77 manat məbləğində kredit borcu, 2152,06 manat məbləğində faiz borcu və 7477,46 manat məbləğində cərimə borcu olmaqla, cəmi 31761,29 manat məbləğində borcun, 001R********** saylı kredit razılaşması üzrə 20354,62 manat məbləğində kredit borcu, 1798,29 manat məbləğində faiz borcu və 5149,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27302,09 manat məbləğində borcun, ümumilikdə cəmi 59063,38 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0.06 ha sahəsindən ibarət torpaq sahəsinin açıq hərracdan satılması, 59063,38 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdanəldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xüsusi mülkiyyətində olan, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-fərdi yaşayış, 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilməsinə, həmin torpaq sahəsinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)-208/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış17.09.2019-cu il tarixli 001R********** saylı və 07.08.2018-ci il tarixli 001R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada 07.08.2018-ci il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 22131,77 manat məbləğində kredit borcu, 2152,06 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu, 17.09.2019-cu il tarixli 001R********** saylı kredit müqaviləsi üzrə 20354,62 manat məbləğində kredit borcu,1798,29 manat məbləğində faiz borcu və 200 manat dəbbə borcu olmaqla cəmi 46836,74 (qırx altı min səkkiz yüz otuz altı manat, yetmiş dörd qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən olunması, tələb ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 hasahəsindən ibarət torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş və saitindən borcun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cahangir qızından və Cavabdeh4 birgə qaydada tutularaq İddiaçı QSCnin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh3 tərəfindən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində həmin torpaq sahəsinin boşaldılıb və alıcıya təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri–145 (yüz qırx beş) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)-208/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun illər İddiaçı QSC ilə əməkdaşlıq etmişdir və onların daimi müştərisi olmuşdur. İş adamı kimi pandemiya dövrü başlayandan onun sahibkarlıq fəaliyyətinə ciddi ziyan dəydi. O, bununla bağlı banka məlumat vermişdir. Cavabdehdən asılı olmayan səbəblər üzündən biznes fəaliyyəti maddi itkilərlə üzləşdi. Məhz bu səbəbdən o, iddiaçı tərəfə elə o zaman təklif etmişdir ki, ona yeni ödəmə cədvəli açılsın ki, banka olan borcunu gecikdirmədən vaxtlı-vaxtında ödəyə bilsin. Bank xahişləri nəzərə almayaraq rədd etmişdir. Sonda cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəfindən dəfələrlə və təkidlə onlara edilən müraciətlər cavabsız qalmışdır. Bir iş adamı olaraq cavabdeh banka olan borcunu hissə-hissə ödəməyə hazırdır. İddiaçı QSC və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsi və üzərində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, apellyator qətnamənin ləğv edilməsini xahiş etsə də, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, apellyatorun dəlilləri yuxarıda qeyd olunan hissələrlə bağlıdır. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 07.08.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə borcun tutulması hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 01L000001708 saylı, 26.02.2009-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya 120 ay müddətə 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İşə əlavə edilmiş 16.02.2011-ci il tarixli, 1708 saylı və 19.12.2017-ci il tarixli 01L000001708S saylı sazişlərlə müəyyən edilir ki, Bank 01L000001708 saylı, 26.02.2009-cu il tarixli kredt xəttinə əlavə və dəyişikliklər edərək kredit xəttinin müddəti 226 ay müddətinə uzadaraq, borcluya 400000 ABŞ dolları mələğində kredit xətti açmışdır. İşə əlavə edilmiş 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılşmasına əsasən Bank borcluya 24 ay müddətə 50000 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit razılşmasına əsasən Bank borcluya 18 ay müddətə 24000 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələri bağlayaraq kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borcluilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 001M**********01 saylı, 07.01.2015-ci il tarixli “İpoteka müqaviləsi”ndən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 məxsus Baki şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsindən ibarət torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 24000 ABŞ dolları (18825,60 manat ekvivalenti) təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 21.12.2017-ci il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsi İddiaçı QSC-nin xeyrinə girovla yüklü edilmişdir. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 26.10.2020-cı il tarixli LF 13 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 28000 manat, likvid dəyəri 24000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşması üzrə 22131,77 manat məbləğində kredit borcu, 2152,06 manat məbləğində faiz borcu və 7477,46 manat dəbbə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit razılaşması üzrə 20354,62 manat məbləğində kredit borcu, 1798,29 manat məbləğində faiz borcu və 5149,18 manat dəbbə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740.1-ci maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nn 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4543 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı QSC-yə ödənilməli borcu, 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşması üzrə 22131,77 manat əsas borc, 2152,06 manat faiz borcu təşkil edir. İş materiallarında olan hesabdan çıxarışda Cavabdeh1 tərəfindən 19.08.2020-ci il tarixdə də 1000,0 manat məbləğində ödəniş aparılmış və hesabdan çıxarış sənədlərindən də göründüyü kimi cavabdehin əsas borcundan silinməsinə yönəldilmişdir. Lakin hazırkı tədqiqat zamanı sualda soruşulmadığından həmin ödəniş hesablama zamanı nəzərə alınmadı. Həmin ödəniş də nəzərə alındığı təqdirdə cavabdehin əsas borcu 21131,77 manat (22131,77 manat-1000,0 manat) manat məbləğində müəyyən edilir. 001R********** saylı, 17.09.2019-cu il tarixli kredit razılaşması üzrə 20354,62 manat əsas borc, 1798,29 manat faiz borcu yaranmışdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya ekspert rəyinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 07.08.2018-ci il tarixli, 001R********** saylı kredit razılaşması üzrə borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, ekspert rəyindən görünür ki, 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşması üzrə 22131,77 manat əsas borc, 2152,06 manat faiz borcu təşkil edir. İş materiallarında olan hesabdan çıxarışda Cavabdeh1 tərəfindən 19.08.2020-ci il tarixdə də 1000,0 manat məbləğində ödəniş aparılması müəyyən olunur. Məhkəmə isə 1000,0 manat ödənişi nəzərə almamışdır. MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Kollegiya Mülki Qanunvericiliyin tələbini nəzərə alaraq, hesab edir ki, 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşması üzrə 1000,0 manat ödəniş 2152,06 manat faiz borcundan çıxılmalı, faiz borcu 1152,06 manat müəyyən edilməlidir. Belə olan halda, 001R********** saylı, 07.08.2018-ci il tarixli kredit razılaşması üzrə faiz borcunun dəyişməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilib 45836,74 manat müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən digər hissələrdə borc düzgün müəyyən olunmuş, dəbbə pulu Mülki Qanunvericiliyin tələblərinə uyğun azaldılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunmalıdır ki, 001M**********01 saylı, 07.01.2015-ci il tarixli “İpoteka müqaviləsi”ndə Baki şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsinin tərəflərin qarşılıqlı razılığı ilə 24000 ABŞ dolları (18825,60 manat ekvivalenti) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin 26.10.2020-cı il tarixli, LF 13 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 69 və 79 saylı sahələrin bir hissəsi 0,06 ha sahəsinin bazar qiymətlərinə uyğun olaraq dəyəri 28000 manat, likvid dəyəri 24000 manat təşkil edir. Kollegiya hesab edir ki, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin çox olması ilə bağlı dəlili məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ipoteka predmetinin dəyərinin çox olması ilə bağlı işdə olan rəyi təkzib edən heç bir sübut təqdim olunmadığından, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin 28000 manat müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyatorun, borcun hissə-hissə icra edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, o, gələcəkdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(010)- 208/2021 saylı qətnaməsi 07.08.2018-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə 2152,06 (iki min yüz əlli iki manat altı qəpik) manat məbləğində faiz borcu, 46838,74 (qırx altı min səkkiz yüz otuz səkkiz manat yetmiş dörd qəpik) manat cəmi borc hissələrində dəyişdirilsin, faiz borcu 1152,06 (min yüz əlli iki manat altı qəpik) manat, cəmi borc 45836,74 (qırx beş min səkkiz yüz otuz altı manat yetmiş dörd qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar