Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4884/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan DəmirBank ASC cavabdehlər Dragon Cleaning MMC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4884/2024 (Açar sözlər: Kredit borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan DəmirBank ASC cavabdehlər Dragon Cleaning MMCyə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ləğv prosesində olan DəmirBank ASC cavabdehlər Dragon Cleaning MMC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə İddiaçı ASC tərəfindən illik 21 % ödəmək, 12 ay müddətinə qaytarmaq şərti ilə 50000 manat məbləğində kredit xətti açılmışdır. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2018-ci il tarixədək cavabdehlərin ləğv prosesində olan Dəmirbank ASC-yə 26051,29 manat əsas, 9269,92 manat faiz, 426,42 manat cərimə olmaqla cəmi 35747,63 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. Ona görə də Cavabdeh2 MMC-dən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borca görə 26051,29 manat, faiz borcuna görə 9269,92 manat, cəriməyə görə 426,42 manat olmaqla cəmi 35747,63 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1875/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 MMC-dən, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 26051,29 manat, faiz borcuna görə 9269,92 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 35401,21 manat Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 442, 467, 472.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh X1 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən, kreditin qalıq məbləği və kreditin müddəti dəyişdirilmiş, bununla da zamin kimi Cavabdeh1 məsuliyyəti onun razılığı alınmadan artırılmışdır. Bu hal isə, zaminliyə xitam verilməsi üçün qanuni əsas sayılır. Lakin məhkəmə qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır. Maddənin tələbindən görünür ki, iddiaçı borcalanla bağladığı xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişədək, yəni xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsinin (sonradan kredit müqaviləsi adlandırılmışdır) şərtlərinə əsasən, kreditin qaytarılması müddəti bitdikdən (xx.xx.2015-ci il) sonra 1 il müddət ərzində zamin kimi Cavabdeh1 müvafiq iddianı irəli sürməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi işin bu halını da nəzərə almadan qətnamə çıxarmışdır. Beləliklə, qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi qanunsuz olaraq hesab etmişdir ki, hazırki vaxtda iddiaçının cavabdeh (borcalan) Dragon Cleaning MMC ilə bağladığı kredit müqaviləsi üzrə zaminin (Cavabdeh1) məsuliyyəti mövcud olmadığından, həmin hissədə kredit borcunu müştərək qaydada Cavabdeh1 tutmaqda haqlı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borc məbləği ondan tutulmalı deyil, şirkətin borcu ilə bağlı o məsuliyyət daşımamalıdır. Borcun məbləği ilə bağlı hansısa mübahisəsi yoxdur.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9338/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Rafael Eyvazov, hakimlər Zaur Əliyev və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın Cavabdeh3 münasibətdə təmin olunmuş hissədə ləğv edilməsi və ona aid hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
ç) Kassasiya instansiyası məhkəməsində icraat
13. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-313/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (sədrlik edən – Qəhrəman Allahverdiyev, hakimlər – İlqar Xələfov və Gündüz Quliyev) kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)
15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
17. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
22. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
24. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsi daha öncə mübahisələndirildiyindən və həmin hissədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan, həmçinin onlara münasibətdə iddianın qismən təmin olunduğu cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verildiyindən, qətnamə yalnız iddianın ona münasibətdə olan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, Borcverən DəmirBank ASC ilə borcalan Dragon Cleaning MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank tərəfindən buraxılmış aykart kredit kartını müştəriyə verilməyi, kart vasitəsilə bank borcalana 50000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.
35. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, kredit xətti xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək açılmışdır.
36. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC, zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-1-339-14 AZN saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür.
37. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən müəyyən olunur ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir ərzində kreditor zaminə qarşı tələb irəli sürmədiyi halda xitam verilir.
38. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-2-339-14 AZN saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür.
39. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC, zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM-3-339-14 AZN saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bank qarşısında borcalanın xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür.
40. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişdən müəyyən olunur ki, tərəflər müqavilənin 1.1-ci bəndində göstərilmiş kredit xətti müqaviləsi ifadəsinin kredit müqaviləsi ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin 36 ay təşkil etməsi barədə razılığa gəlmişlər.
41. DəmirBank ASC-nin xx.xx.2014-cü il tarixli 339-14 AZN saylı kredit xətti müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Dragon Cleaning MMC xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 50947,76, faiz borcuna görə 18152,84 manat olmaqla cəmi 69100,6 borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
42. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-339-14 AZN saylı zaminlik müqaviləsinə 01 saylı xx.xx.2016-cı il tarixli əlavə sazişdən müəyyən olunur ki, zamin borcverənlə borcalan arasında kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2019-cu il tarixədək təşkil etməsi barədə dəyişikliyin edilməsinə razılıq vermişdir.
43. Borcverən DəmirBank ASC, borcalan Dragon Cleaning MMC, zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3-339-14 AZN saylı zaminlik müqaviləsinə 01 saylı xx.xx.2016-cı il tarixli əlavə sazişdən müəyyən olunur ki, zamin borcverənlə borcalan arasında kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2019-cu il tarixədək təşkil etməsi barədə dəyişikliyin edilməsinə razılıq vermişdir.
44. Ləğv prosesində olan DəmirBank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Dragon Cleaning MMC-yə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2018-ci il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
45. Ləğv prosesində olan DəmirBank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə Dragon Cleaning MMC-nin ləğv prosesində olan DəmirBank ASC-yə əsas borca görə 26051,29 manat, faiz borcuna görə 9269,92 manat, cəriməyə görə 426,42 manat borcu vardır.
46. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh1 apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Mülki Məcələnin 477.0.4-cü maddəsinə tələblərini nəzərə almaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsinə əsas ola bilməz.
47. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
48. Göründüyü kimi, istinad edilən normanın tələbinə görə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi hallarda zaminliyə o halda xitam verilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarmış olsun və ya belə müddət təyin edilməmiş olsun.
49. Cavabdeh1 tərəflər arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsini və onun təminat qismində çıxış etdiyi eyni tarixli kredit xətti müqaviləsini əsas gətirərək həmin müqavilə üzrə kredit xəttinin 1 il müddətində müəyyənləşdirildiyini və zaminliyə xitam verilmə müddətinin xx.xx.2015-ci il tarixindən başlanmalı olduğunu qeyd edir.
50. Lakin iş materiallarında olan borcverən İddiaçı ASC, borcalan Cavabdeh2 MMC, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-339-14 AZN saylı zaminlik müqaviləsinə 01 saylı xx.xx.2016-cı il tarixli əlavə sazişdən müəyyən olunur ki, zamin borcverənlə borcalan arasında kredit öhdəliyinin 50947,76 manat təşkil edən qalıq kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2019-cu il tarixədək təşkil etməsi barədə dəyişikliyin edilməsinə razılıq vermişdir. Həmçinin həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Əlavə saziş tərəflərin onu imzaladıqları gündən qüvvəyə minir və tərəflərin bu saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
51. Göründüyü kimi tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əlavə sazişlə onun qüvvədə olma müddəti göstərilmiş, həmin saziş bütövlükdə və ya yuxarıda göstərilən bəndi hansısa formada mübahisələndirilməmiş, tərəflərin imzası ilə təsdiqlənmişdir.
52. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən zaminlik müqaviləsində qüvvədə olma müddəti göstərildiyindən ona Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri şamil oluna bilməz.
53. Cavabdeh1 hazırki iddia tələbi üzrə borcun ondan tutulmamalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
54. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından Cavabdeh1 ilə iddiaçı bank arasında zaminlik müqaviləsindən və ona dair bağlanmış əlavə sazişdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Ona görə də Cavabdeh1 borclu Cavabdeh2 MMC zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyindən kreditor olaraq iddiaçı qarşısında borclu ilə birgə məsuliyyət daşımışdır. Həmçinin kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi apelyator Cavabdeh1 zamin olmaqla yanaşı həm də borclu Cavabdeh2 MMC-nin direktoru olmuş və adları çəkilən əqdləri MMC-nin direktoru olaraq özü imzalamışdır.
55. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh1 qeyd edilən zaminlik müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o cümlədən tələb olunan borc məbləğinə dair hər hansı etirazının olmamasını məhkəmə iclasında öz ifadəsində bildirdiyindən, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1875/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova