Məhkəmə qərarları › İş №2(103)-4885/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4885/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4885/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3934/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2021-ci il tarixli yazılı razılaşmaya əsasən, İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq pəri küçəsi, 8 mərtəbəli yaşayış binası 1-ci blok, 6-cı mərtəbə ümumi sahəsi 45 kv olan 16 A nömrəli mənzili almaq istədiyinə görə Cavabdeh 4000 manat beh vermişdir. Qalan 73500 manat pulu isə 10 gün müddətinə öz evini sataraq ödəmək məqsədində olduğunu bildirmişdir. Pulu düzəldə bilmədiyindən evi ala bilməmiş və Cavabdeh ödədiyi ilkin ödəniş məbləğini geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ödənilən məbləğin beh olduğunu və pulu geri qaytarmayacağını bildirmişdir.

2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il qərardan görünür ki, HK1-639 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evin alqı-satqısına görə ilkin ödəniş qismində alınmış 4000 (dörd min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rusumunun, cəmi 4060 (dörd min altmış) manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin sonlarında Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən ümumi sahəsi 45 kvadrat olan evi 77500 manata almağa razılaşmış, ilkin olaraq 4000 manat ödəniş etmişdir. Qalan 73500 manat pulu isə 10 gün müddətinə öz evini sataraq ödəmək məqsədində olduğunu bildirmişdir. Pulu düzəldə bilmədiyindən evi ala bilməmiş və Cavabdeh ödədiyi ilkin ödəniş məbləğini geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ödənilən məbləğin beh olduğunu və pulu geri qaytarmayacağını bildirmişdir.Cavabdehin ona qarşı dələduzluq etdiyini düşündüyündən hüquq mühafizə orqanlarına müraciət etmiş, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi işin mülki xarakterli olduğunu və bu səbəbdən HK1-639 nömrəli material üzrə Cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd etmişdir. Cavabdeh istintaq orqanında izahat verərəkən, aralarında daşınmaz əmlaka dair yazılı müqavilənin olduğunu və verilən pulun beh olduğunu göstərmişdir. İddiaçı hüquqi savadsızlıqdan və ev almaq sevincindən yazılan kağızın verilən pulun qəbzi olduğunu düşünmüş, digər bir tərəfdən qanunvericiliyə əsasən daşınmaz əmlaka dair müqavilələr notariusda rəsmiləşdirilməli, həmçinin müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə ederək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində 45 kv.m olan evi almaq üçün 4.000 manat ilkin ödəniş etdiyini, evin dəyərinin 77.500 manata razılaşdıqlarını, qalan 73500 manat pulu isə öz evini sataraq ödəmək məqsədində olduğunu, lakin pulu düzəldə bilmədiyindən, razılaşmalarının pozulduğunu və ödədiyi 4.000 manat pulun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3934/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat dövlət rusumu, cəmi 4060 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir (hakim X2).

6. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlansa da, notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğundan, notariat qaydasında təsdiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 4000 (dörd min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rusumu, cəmi 4060 (dörd min altmış) manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491 və 492-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin sonlarında Bakıxanov qəsəbəsi, Așıq Pəri küçəsində yerləșən ümumi sahəsi 45 kvadrat olan evini 77500 manata iddiaçı Dadașova Səadət Teymur qızına satmağa razılaşmış, razılaşmaya əsasən iddiaçı ilkin olaraq 4000 manat beh vermişdir. Qalan 73500 manat pulu isə bir ay müddətində verəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh də başqa yerdən ev almaq üçün 4000 manatı üçüncü şəxsə beh kimi vermişdir və üçüncü şəxs qarşısında öhdəlik götürmüşdür ki, evini satıb, qalan məbləği ödəyərək evi alacaq. Lakin iddiaçı Dadașova Səadət Teymur qızı evi almaq üçün əlavə bir ay müddət də istəmişdir, cavabdeh buna da razı olmuşdur. Buna baxmayaraq iddiaçı altı ay keçməsinə baxmayaraq evi almamışdır. Bununla əlaqəli olaraq cavabdehdə evini satıb, beh verdiyi yeni evi ala bilməmişdir. 4000 min manat pul da beh kimi üçüncü şəxsdə qalmışdır. Altı ay keçdikdən sonra iddiaçının gəlib 4000 manat behi geri istəməsi və məhkəmənin iddianı təmin etməsi olduqca absurdur. Bununla bağlı cavabdehin gətirdiyi dəlillərə əhəmiyyət verilməmişdir. Cavabdehin üçüncü şəxslə olan beh müqaviləsi qəbul olunmamışdır. Şifahi verdiyi vəsatətlərə hər hansı münasibət bildirilməmişdir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan yuxarıdakı faktiki hallar araşdırılmamışdır. Eyni hüquqi qüvvəyə malik cavabdehdə olan, üçüncü şəxslə sadə yazılı formada bağlanmış beh müqaviləsini qəbul etməmişdir. Məhkəmə isə cavabdehin verdiyi şifahi vəsatətləri, şahidin çağırılıb dindirilməsi barədə vəsatətlərinə heç bir münasibət bildirməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

d) Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 26 dekabr 2021-ci il tarixli yazılı razılaşmaya əsasən İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq pəri küçəsi, 8 mərtəbəli yaşayış binası 1-ci blok, 6-cı mərtəbə ümumi sahəsi 45 kv olan 16 A nömrəli mənzili almaq istədiyinə görə Cavabdeh 4000 manat beh vermişdir. Qalan 73500 manat pulu isə 10 gün müddətinə öz evini sataraq ödəmək məqsədində olduğunu bildirmişdir. Pulu düzəldə bilmədiyindən evi ala bilməmiş və Cavabdeh ödədiyi ilkin ödəniş məbləğini geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ödənilən məbləğin beh olduğunu və pulu geri qaytarmayacağını bildirmişdir. Cavabdehin ona qarşı dələduzluq etdiyini düşündüyündən hüquq mühafizə orqanlarına müraciət etmiş, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi işin mülki xarakterli olduğunu və bu səbəbdən HK1-639 nömrəli material üzrə Cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd etmişdir. Cavabdeh istintaq orqanında izahat verərkən, aralarında daşınmaz əmlaka dair yazılı müqavilənin olduğunu və verilən pulun beh olduğunu göstərmişdir. İddiaçı hüquqi savadsızlıqdan və ev almaq sevincindən yazılan kağızın verilən pulun qəbzi olduğunu düşünmüş, digər bir tərəfdən qanunvericiliyə əsasən daşınmaz əmlaka dair müqavilələr notariusda rəsmiləşdirilməli, həmçinin müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində 45 kv.m olan evi almaq üçün 4.000 manat ilkin ödəniş etdiyini, evin dəyərinin 77.500 manata razılaşdıqlarını, qalan 73500 manat pulu isə öz evini sataraq ödəmək məqsədində olduğunu, lakin pulu düzəldə bilmədiyindən, razılaşmalarının pozulduğunu və ödədiyi 4.000 manat pulun geri qaytarılmasını xahiş etmişdir.

21. Beləliklə, cavabdehin istinad etdiyi yazılı razılaşma tərəflər arasında yaranmış real münasibətləri əks etdirmir. Başqa sözlə tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlansa da, notariat qaydasında təsdiq edilməmişdir. Halbuki beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğundan, notariat qaydasında təsdiq edilməlidir. Lakin tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlansa da, notariat qaydasında təsdiq edilməmişdir.

22. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə beh münasibətlərindən irəli gəlməmiş, buna görə də mənzilin alqı-satqısına görə ödənilmiş 4000 manat pul avans kimi qəbul edilməlidir.

23. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3934/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar