Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-489/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2019 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdı rki, o, sadə yazılı qəbz yalmaqla, tanışı Cavabdeh borc olaraq 5.000 manat pul vermişdir. Cavabdeh təcili olaraq işi ilə bağlı 5.000 manat pul lazım olduğunu və 1 ay müddətində pulu qaytaracağını bildirmişdir. Lakin, Cavabdeh 1 ildən artıq müddət keçməsinə baxmayaraq, borcunu qaytarmamış və hal-hazıradək müxtəlif bəhanələrlə bundan yayınmışdır. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ona borclu olduğu 5.000 manat puldan 830 manat məbləğini qaytarmışdır. Göstərilənlərə əsasən, cavabdehdən hal-hazırda borclu qaldığı 4.170 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan cəmi 2000 manat pul borc götürmüşdür. Pul verilərkən isə hər hansı qəbz yazmamış və iddiaçıya verməmişdir. Həmçinin aralarında hər hansı yazılı müqavilə də bağlanmamışdır. Digər tərəfdən iddiaçı bildirmişdir ki, ona faiz verilməlidir, bu səbəbdən də ondan borcla birlikdə cəmi 4960 manat, yəni götürülən puldan əlavə 2960 manat artıq pul alınmışdır. Qiyabi qətnamə onun ərizəsi əsasında ləğv edilsə də işə baxılması barədə məlumat ona verilməmişdir. Eyni zamanda qeyd edir ki, sübut kimi istinad edilmiş borc müqaviləsinə dair qəbzi o yazmamış və həmin qəbzdən xəbəri yoxdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdr. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1692/2021 saylı, 09 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçıdan cəmi 2000 manat pul götürmüş və həmin pulu da artıqlaması ilə qaytarmışdır. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı ilk olaraq qiyabi qətnamə çıxarılmış və icraya yönəldilmişidir ki, bu zaman Cavabdeh pensiyasından aldığı borcdan artıqlaması ilə tutulmalar olmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Təkrar apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı, iddia tələbinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzin cavabdeh tərəfindən yazılması və imzalanmasının aydınlaşdırılması xüsusi bilik tələb edir. Lakin apelyasiya instansiyası məhkəməsi ekspertiza keçirməmiş və mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halı aydınlaşdırmamışdır...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarından göründüyü kimi iddiaçı hazırki tələbində qeyd edir ki, 16.11.2017ci il tarixdə cavabdehdən sadə yazılı qəbz alaraq ona 5000 manat pul vermişdir. İş materiallarına isə 16.11.2018-ci il tarixli (iddia ərizəsi isə 07 fevral 2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur) qəbz əlavə edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan qəbzə istinad etməklə iddia tələbini təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində belə bir qəbz yazmadığını bildirmiş və iddiaçıdan cəmi 2000 manat borc pul aldığını həmin pulu da qaytardığını qeyd etmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1692/2021 saylı, 09 iyun 2020-ci il tarixli qərarında göstərilmişdir ki, 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzin cavabdeh tərəfindən yazılması və imzalanmasının aydınlaşdırılması xüsusi bilik tələb edir. Lakin apelyasiya instansiyası məhkəməsi ekspertiza keçirməmiş və mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halı aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilənləri nəzərə alaraq Cavabdeh münasibətdə iddianın əsasında duran 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzin İddiaçı yoxsa Cavabdeh tərəfindən tərtib edildiyinin, həmçinin həmin qəbzdəki imzanın İddiaçı yoxsa Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan ekspertiza təyin edilmişdir. Lakin İddiaçı ekspertiza keçirilməsi üçün eksperimental imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etdiyi üçün İddiaçı münasibətdə xətt ekspertizasının keçirilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 18 may 2021-ci il tarixli, 4/426 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olumuş, mülki işin 10-cu vərəqində Cavabdeh adından olan 16 noyabr 2018-ci il tarixli borc qəbzindəki əlyazmalar, 31-ci vərəqində İddiaçı adından olan 4 may 2018-ci il tarixli ərizədəki əlyazmalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 10-cu vərəqində Cavabdehun adından olan 16 noyabr 2018-ci il tarixli borc qəbzinin sonunda imza Ağayev yazılarının qarşısındakı imza ilə 31-ci vərəqində İddiaçı adından olan 4 may 2018-ci il tarixli ərizənin sonunda imza İddiaçı yazılarının qarşısındakı imzanın eyni şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin ikinci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ekspertiza barədə qəbul edilmiş qərardadda mülki işin 10-cu səhifəsində olan 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzdəki imzanın Cavabdeh tərəfindən icra olun-olunmamasının müəyyən edilməsi göstərilsə də, təqdim edilmiş ekspert rəyində həmin suala cavab verilməmişdir. Belə olan halda 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzdəki imzanın Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi üçün əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmçinin müqayisəli tədqiqat zamanı mülki işin 45, 49, 92-ci və 95-ci səhifəsindəki ərizələrdəki və apellyasiya şikayətində (iş səh. 99) olan Cavabdeh məxsus imzalar sərbəst nümunələr qismində, iş materiallarında olan imza (xətt) nümunələri isə eksperimental nümunələr qismində istifadə olunması göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, 4/1083 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 10-cu vərəqində Cavabdeh adından olan 16 noyabr 2018-ci il tarixli borc qəbzindəki əlyazmalar, 31-ci vərəqində İddiaçı adından olan 4 may 2018-ci il tarixli ərizədəki əlyazmalar - Eyni Şəxs tərəfindən icra olunmuşdur. Ekspetizaya təqdim olunmuş, mülki işin 10-cu vərəqində Cavabdeh adından olan 16 noyabr 2018-ci il tarixli borc qəbzinin sonunda “İmza Ağayev” yazılarının qarşısındakı imza ilə 31-ci vərəqində İddiaçı adından olan 4 may 2018-ci il tarixli ərizənin sonunda “İmza: İddiaçı” yazılarının qarşısındakı imzanın - Eyni Şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən emək mümkün olmamışdır. Göründüyü kimi iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilsə də yenidən 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzdəki imzanın Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Lakin ekspert rəyi ilə qeyd olunan qəbzin məhz İddiaçı tərəfindən icra edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır. Bundan başqa iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin **********2 nömrəli, 25 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, Xətai rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli 17/74-89439/18-6216/14 saylı icra sənədinə əsasən Cavabdeh pensiyasından 1251.0 manat tutularaq İddiaçı köçürülmüşdür. Həmçinin 2018-2019-cu illər ərzində vətəndaş Cavabdeh pensiyasından 2082,44 manat vəsait tutularaq İddiaçı köçürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi 16 noyabr 2018-ci il tarixli borc haqqında qəbzdəki imzanın Cavabdeh tərəfindən icra edilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir ki, belə olan halda da məsuliyyət iddiaçının üzərinə düşür, belə ki, qeyd olunan qəbz iddiaçı tərəfindən tərtib edilmiş, lakin imzanın cavabdehə məxsus olması sübut olunmur. Həmçinin Cavabdeh iddiaçıdan cəmi olaraq 2000 manat məbləğində borc pul götürdüyünü bildirmiş və həmin pul da qiyabi qətnamənin icrası qaydasında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin **********2 nömrəli, 25 dekabr 2019cu il tarixli məktubuna əsasən cavabdehdən tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi Cavabdeh iddiaçı qarşısında 16 noyabr 2018-ci il tarixli qəbzlə hər hansı öhdəlik götürməmiş, həmçinin özü üçün mülki vəzifələr yaranması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddia tələbini təmin edilməsi barədə səhv nəticəyə gəldiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. İddia tələbi rədd edildiyindən apellyasiya baxışı zamanı keçirilmiş ekpert tədqiqatlarının dəyəri olan 100 manat və 124 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Belə ki, Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-176/2019 saylı 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Cavabdeh 4170 (dörd min yüz yetmiş) manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə iddiası rədd edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekpert tədqiqatlarının dəyəri olan cəmi 224 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin, iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-489/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-489/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver