Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4890/2025 17.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “kredit müqaviləsi üzrə borcun ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçını prosessual hüquqi varisi "xxxx" ASC-nin nümayəndəsi X2 və cavabdehin iştirakı ilə, iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4942/2025 saylı işi üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı "X4” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8264,1 manat əsas, 1096,96 manat faiz borcu, 159,7 manat cərimə borcu, 0 manat komisyon borcu olmaqla, cəmi 9520,76 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 115,21 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2024-cü il tarixli kredit müqaviləsi ilə "X4” ASC Cavabdeh 46 ay müddətinə illik 18 faiz olmaqla 8528 manat məbləğində kredit vermişdir; - "X4” ASC tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, onun xx.xx.2024-cü il tarixinə 8264,1 manat əsas, 541,9 manat faiz və 32,87 manat cərimə daxil olmaqla, cəmi 8838,87 manat borcu yaranmışdır. Cavabdeh banka olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə faiz və cərimələr də daxil olmaqla borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir; - Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə cavabdehin "X4” ASC-yə kredit müqaviləsi üzrə əsas borc məbləği 8264,1 manat, faiz borc məbləği 1096,96 manat, cərimə məbləği 159,7 manat, komisyon haqqı 0 manat olmaqla, cəmi 9520,76 manat borcu yaranmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4942/2025 saylı işi üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 742.5, 742.5.2, 421.2, 421.3, 442, 443.1, 448.1, 462.1, 467-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023cü il tarixli Qərarına istinad edilməklə iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 8264,1 manat əsas borc, 541,9 manat faiz borcu, 159,7 manat cərimə borcu olmaqla, cəmi 8965,7 manat və 109,65 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "X4” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, iş materialları ilə borcalanın müqavilə üzrə vaxtı çatmış borcu 90 gündən çox müddətə gecikdirməsi təsdiq olunduğundan və pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, kreditor yalnız borcun vaxtından əvvəl tələb edildiyi, yəni müqavilənin ləğv edildiyi tarixə hesablanmış 8264,1 manat əsas borc və 541,9 manat faiz borcunu tələb etməkdə haqlı olmuşdur. iddiaçı tərəfindən cavabdehə hesablanmış 159,7 manat cərimə borcu əsas borc məbləği və öhdəliyin icrasının gecikdirildiyi günlərin sayı nəzərə alındığında ağlabatan və ədalətlidir, odur ki, həmin hissədə də iddia tələbi əsaslıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4942/2025 saylı qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.1; Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 14.3, 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işə baxarkən, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, çəkişmə prinsipinin pozulması ilə - iddiaçının iştirakı olmadan, iddia ərizəsində göstərilənlərə uyğun (çox cüzi dəyişikliklərlə), subyektiv mülahizələr əsasında qətnamə qəbul etmişdir. Hesab edir ki, əslində məhkəmə araşdırması zamanı xüsusi bilik tələb edən mühasibatlıq hesablamalarının aparılması zərurəti ilə əlaqədar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməliydi. Lakin, məhkəmə buna lüzum görməmiş, nəticədə qətnamənin obyektiv həqiqətə uyğun olub olmaması qaranlıq qalmışdır. Bundan əlavə, maddi imkanı kredit borcunu birdəfəyə qarşılayacaq qədər deyil, kredit borcu ağlabatan müddət çərçivəsində aylara bölünərsə hissə-hissə ödəyə bilər. Lakin, təəssüf ki, məhkəmə cavabdehin, əslində həm də iddiaçının mənafeyini nəzərə almadan, reallığa adekvat olmayan nəticəyə gəldi. Buna görə də, bir daha hesab edir ki, sözügedən qətnamə təmin edilmiş hissədə ləğv edilməli, iddia təmin edilməməlidir. Mülki qanunvericilikdə öhdəliyin hissə-hissə icrası nəzərdə tutulmuşdur. Doğrudur, qanunvericilik belə icra üsulunu kreditorun razılığından asılı etmişdir. Lakin, iddiaçının məhkəmə iclasında iştirak etməməsinə məhkəmənin məqbul yanaşması həm bu imkanı, həm də kreditin ödənilməsi ilə bağlı hər iki tərəfin mənafeyinə uyğun olan digər mümkün variantları, o cümlədən tərəflər arasıda barışıq imkanlarını aradan qaldırmışdır. Halbuki, mülki prosessual qanunvericilikdə (MPM-nin 14.3-cü maddəsi) tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyi məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. Qanunvericilik mübahisənin barışıqla bitməsini nəinki nəzərdə tutub, hətta bu təkliflə çıxış etməyi məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərə belə bir təklif olunmamışdır, hətta qanunvericiliyin tələbinə uyğun belə bir formal təklifi etmək də mümkün deyildi, çünki tərəflərdən biri, iddiaçı məhkəmə iclasına gəlməmiş, işə baxan hakim də ədalət mühakiməsi ilə bağlı normativ tələbləri nəzərə almadan bununla razılaşmış, beləliklə də tərəflər arasında konsensusun yaranması imkanı (məsələn, kreditin hissə-hissə ödənilməsi barədə) itirilmişdir. Mülki prosessual qanunvericiliyin bu tələbi də birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən pozulmuşdur. Belə ki, məhkəmə kredit borcunun hesablanması ilə bağlı xüsusi bilik tələb edən mütəxəssis araşdırmasına ehtiyac olduğundan məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zərurətinə baxmayaraq, ekspertiza təyin etməmiş, iddiaçının təqdim etdiyi rəqəmlərlə kifayətlənmişdir, həm də iddiaçının özünün iştirakı olmadan. Birinci instansiya məhkəməsi iddiaçı məhkəmə iclasında iştirak etmədiyi üçün tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, iddianın aid olduğu 357nkNFT/24 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə xx.xx.2025-ci il tarixli, 40 saylı Əlavə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASCyə yönəldilir. Bu səbəbdən də mülki işdə "xxxx" ASC-nin prosesdə iştiraka cəlb edilməsinə zərurət vardır, qeyd edilənləri nəzərə alaraq 2(103)-4890/2025 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-nin "xxxx" ASC (VÖEN **********) ilə əvəz edilməsi, yaxud həmin hüquqi şəxsi iddiaçının tərəfində çıxış edən üçüncü şəxs kimi prosesdə iştiraka cəlb edilməsini xahiş edirlər.
6. 18 iyul 2022-ci il tarixli, 02/22 UB saylı müqaviləyə edilmiş 40 № əlavəyə əsasən Cavabdeh aid borc qalıqlarını tələb etmək hüququ "xxxx" ASC-yə keçmişdir.
7. Apellyasiya icraatı zamanı "xxxx" ASC iddiaçının prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh qeyd edilən məbləği birdəfəyə ödəmək imkanının olmadığını, hissə-hissə ödəməklə bağlı isə iddiaçının prosessual hüquqi varisi ilə danışıqlar aparılsa da, razılığa gəlinmədiyini bildirmişdir.
9. BOA Agency” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, «xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "X4” ASC Cavabdeh 46 ay müddətinə illik 18 faiz olmaqla 8528 manat məbləğində kredit vermişdir və cavabdeh həmin şərtlərə razılaşmaqla müqaviləni imzalamış, xx.xx.2025-ci il tarixə cavabdehin "X4” ASC-yə kredit müqaviləsi üzrə əsas borc məbləği 8264,1 manat, faiz borc məbləği 1096,96 manat, cərimə məbləği 159,7 manat, komisyon haqqı 0 manat olmaqla, cəmi 9520,76 manat borcu yaranmışdır. Qeyd edilməlidir ki, cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini müəyyən (şikayətinin əsasını təşkil) edən sübutedici hallar, bununla da ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir, eyni zamanda tərəflərə mübahisənin razılıq yolu ilə həll edilməsi üçün şərait yaradılsa da, tərəflər razılıq əldə edə bilməmişdirlər. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır.
14. Eyni zamanda cavabdeh diqqətinə çatdırılır ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.
15. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4942/2025 saylı işi üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.