Məhkəmə qərarları › İş №2(103)-4891/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4891/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4891/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-369/2021 saylı, 05 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 469,01 manat məbləğində əsas borc, 95,31 manat məbləğində faiz borcu və 88,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 653,21 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-369/21) iddia təmin edilmiş, 11.08.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış 469,01 manat məbləğində əsas borc, 95,31 manat məbləğində faiz borcu və 88,89 manat cərimə borcu olmaqla, ümumilikdə 653,21 manat pulun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə bağlanmış 11.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “FİNtrend” BOKT-dan 30 ay müddətinə illik 35 % olmaqla 999,9 manat məbləğində kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxx” ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 245 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqavilə üzrə 20.12.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ “xxxx” ASC-yə ötürülmüşdür. Lakin cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, borclunun banka olan borcu hələ də ödənilməmiş qalmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam araşdırma aparmamış, iş üzrə mühasibatlıq ekspertizası təyin etməmiş, mütəxəssis rəyi olmadan qətnamə çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, o, aldığı kreditin çox hissəsini icra etmişdir. Lakin sonra bir müddət işləməmiş, başqa gəlir yeri olmamışdır. Öhdəsində bir azyaşlı övladı da var. Məhkəmə bu halları da nəzərə almamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verməmiş və səthi olaraq qətnamə çıxarmışdır. Tərəflərin işdə olan ünvanlarına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişləri göndərilmişdir. İddiaçıya məhkəmə bildirişi çatdırılsa da, cavabdeh həmin ünvandan köçdüyünə görə məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Apellyasiya şikayətində də cavabdeh faktiki yaşadığı ünvan haqqında işə baxan məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada göndərilmişdir və onların məhkəmə iclasına gəlməmələri işə baxılmasına mane ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “FİNtrend” BOKT ilə Cavabdeh arasında imzalanmış 11 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 35 faiz ödəmək şərtilə 30 ay müddətinə 999,9 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən Bank hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən iddiaçının xeyrinə 469,01 manat məbləğində əsas borc, 95,31 manat məbləğində faiz borcu və 88,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 653,21 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri həqiqətən də lazımi qaydada yerinə yetirilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 449.4, 467-ci və s. maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə işə səthi yanaşmış, kredit borcunun əsas hissəsinin ödənilmiş olmasını, eləcə də onun işləmədiyini, himayəsində bir azyaşlı övladı olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Cavabdeh apellyasiya şikayətində kredit borcunun əsas hissəsini ödədiyini göstərsə də, bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut əlavə etməmiş, eləcə də işə baxan məhkəməyə hər hansı sübut (ödəmə qəbzi və s.) təqdim etməmişdir. Belə olan vəziyyətdə məhkəmə kollegiyası ödənişlərlə bağlı hər hansı ziddiyyət müəyyən etmədiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasına da lüzum görmədi. Digər tərfdən, tərəflərin öhdəlikləri müqavilə əsasında müəyyən olunur və tərəflər arasında bağlanmış 11.08.2018-ci il tarixli müqavilədə borclunun işləyib-işləməməsinin, öhdəsində azyaşlı uşaqları olmasının öhdəliyin icrasına hər hansı təsiri olması qeyd olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 05 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar