Məhkəmə qərarları › İş №2(103)-4892/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4892/2024

24.10.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4892/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzilin sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2382/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “Gilan MMC“ tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sifarişçi qismində çıxış edən Cavabdeh2 MMC ilə broker qismində çıxış edən Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli xidmət müqaviləsinə əsasən sifarişçi ona məxsus əmlakın satışına dair fəaliyyəti və müqavilənin 3.3.10-cu, 3.3.11-ci və 3.3.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirməyi brokerə tapşırmış və həyata keçirilən hər satışdan brokerə muzd ödəməyi, broker isə müvafiq tapşırığı vicdanla yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bu müqaviləyə uyğun olaraq xx.xx.2011-ci il tarixdə verilmiş etibarnamə əsasında hərəkət edən Cavabdeh1 MMC İddiaçı ilə xx.xx.2013-cü il tarixli, GMPE1-2/2013 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC Cavabdeh2 MMC-nin ünvan 1 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini (“E1” bloku, 4-cü mərtəbə, 141,45 kv.m. ölçüdə, 3 otaqlı, 2 nömrəli, mənzil) tərəflərin razılaşdığı qiymətlə həmin müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin dəyəri 141.450 manat müəyyən olunmuşdur. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Həmin mənzilin yerləşdiyi çoxmənzili yaşayış binasına (Bakı şəhəri, Yasamal rayonu, hüseyn Cavid prospekti, 194, 196, 198, 200,202, şəfaət Mehdiyev küçəsi, 129,133) dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilənin predmeti olan həmin mənzili təmin etdirmiş və artıq bir neçə ildir ki, mənzildə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etlməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı, ümumi sahəsi 141,45 kv.m. olan 2 saylı mənzilə dair xx.xx.2013-cü il tarixli, GMPE1-2/2013 saylı alqı-satqı müqaviləsinin tanınması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın həmin mənzilə dair hissəsində ləğv edilməsi, mənzilə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Yasamal rayonunda yerləşən X9 (ünvan 3 ünvanında) inşa etdiyi 23 mərtəbəli yaşayış binasının 3 otaqlı ümumi sahəsi 141,45 kv.m olan 2 saylı mənzilini əldə etmişdir. Mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və buna dair maliyyə arayışı mövcüddur. Ona məxsus olan, Cavabdeh2 MMC-nin Şəfaət Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərin xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən satışını həyata keçirən “İcraçı” Cavabdeh1 MMC olmuş və mənzillərin alqı-satqı müqaviləsi Cavabdeh1 MMC tərəfindən imzalanmışdır. Qeyd edilən mənzili artıq 8 ildir ki, tam təmir etdirib yaşayır. Lakin Cavabdeh2 MMC qeyd edilən mənzilə və ümumiyyətlə bütün kompleksə vahid çıxarış alaraq binanı öz mülkiyyətinə qəbu edərək, onlara mülkiyyət sənədi vermir, hədə qorxu gələrək hüquqlarını pozur, qanunsuz pullar tələb edir və mənzilin mülkiyyət sənədinin əldə olnumasına dair müqavilə üzrə üzərinə düşən hərəkətləri etmir. Beləliklə, Cavabdeh2 MMC öz hərəkətsizliyini nümayiş etdirərək, onun mülkiyyət hüququnu pozması ilə yanaşı müqavilə üzrə öz üzərinə götürdüy öhdəliyi yerinə yetirmir. Cavabdeh2 MMC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 2/2013 saylı müqavilənin 3.2-ci bəndində sifarişçinin vəzifələri hissəsində qeyd edilir ki: Aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədləri əslini və ya onların notarial qaydada təsdiq edilmiş sürətlərini icraçının tələbinə uyğun hazırlayıb təqdim etməyi, sənədləşmə zamanı bütün notarial xərcləri ödəməyi öz öhdəsinə götürür. Lakin hazırda üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyinə baxmayaraq, cavabdehlər mənzilin mülkiyyət sənədlərinin əldə olunmasını təmin etmir, bu istiqamətdə hər hansı hərəkət nümayiş etdirmir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1634/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

5. Daha sonra iddiaçı Cavabdeh3 MMC-ni Cavabdeh2 MMC ilə əvəz edilməsi barədə ərizə və iddia tələbinə əlavə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, digər tələblərin təmin edilməsi ilə yanaşı cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 MMC-nin üzərinə ünvan 2 ünvanında tikilən 23 mərtəbəli yaşayış binasının 3 otaqlı, ümümu sahəsi 141.45 kv.m olan 2 saylı mənzilinə dair Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətində mülkiyyət sənədinin alınmasına dair bütün lazımı sənədlərin verilməsi və bu işlə bağlı notariat hərəkətlərin aparılması öhdəliyinin qoyulmasını xahiş etmişdir.

6. Cavabdeh1 MMC iddia ərizəsinə qarşı yazılı etiraz verərək, qeyd etmişdir ki, İddiaçı mənzilinin sənədləşdirilməsinə Cavabdeh1 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh1 MMC sözügedən mənzili İddiaçı vasitəçilik xidməti göstərərək, tapşırıq əsasında satmışdır. Bununla bağlı bütün sənədləşdirmə işini digər şirkət həyata keçirirdi. Mənzilə dair verilmiş maliyyə arayışına diqqət yetirəndə görünür ki, arayışı verən Cavabdeh1 MMC deyil. Bundan başqa, mənzil yerləşən binanın mülkiyyətçisi Cavabdeh2 MMC-dir. Belə olan halda, Cavabdeh1 MMC mülkiyyət hüququ başqa şirkətə məxsus olan ərazidə yerləşən mənzilə istəsə belə, heç bir sənəd verə bilməz. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 MMC-yə aid olan hissədə iddia tələbinin rədd etməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2382/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən 23 mərtəbəli, 2 bloklu binanın E1 blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 141,45 kv. m. olan 3 otaqlı 2 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X2 qızı).

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə də, Cavabdeh2 MMC tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. İddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi həmin hissədə haqlı tələbdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-ci, 157.8-ci, 324.1-ci, 385.1-ci, 386.1-ci, 752-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia tələblərinin hər birisinin açıq aydın şəkildə ifadə olunmasına baxmayaraq, məhkəmə iddianı yalnız bir hissədə təmin etmiş, digər tələblərə hər hansı münasibət bildirməmiş, sanki başqa tələb olmadığı kimi yanaşmışdır. Məhkəmə digər iddia tələblərinin təmin edilməməsini heç bir formada əsaslandırmamış, həmin tələblərin mahiyyətinə varmamış, onları təkzib etməyə belə cəhd göstərməmişdir. Bütün bunlar qətnamənin işin faktiki hallarına və qanunvericiliyə uyğun olmadığını təstiqləyir. İddia tələbindən biri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən Cavabdeh2 MMC-yə verilmiş çıxarışın mübahisəli mənzilə dair hissəsində ləğv edilməsidir. Məhkəmə iddia tələbini təmin edərkən Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almamışdır. Belə ki, iddia tələbindən birisi, yəni mübahisəli mənzilin iddiaçının adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulmasına baxmayaraq, qeyd edilən çıxarışın mənzilə dair hissədə ləğv edilməməsi gələcəkdə həmin qətnamənin icrasını mümkünsüz etmiş olur. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini təmin edərkən onun icrasında yaranacaq uyğunsuzluğu nəzərə almamış, iddianı çıxarışın mənzilə dair hissəsində ləğv edilməsini təmin etməmişdir. İşin faktiki hallarından və təqdim olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və müəyyən olunmuş məbləği ödəmişdir. Belə olan halda, tərəflər bu müqaviləni notarial qaydada təstiqləməli idi, lakin əmlakın mülkiyyət sənədi olmadığından bunu etmək mümkün olmamışdır. Lakin bu o demək deyil ki, iddiaçı mübahisə predmeti olan əmlaka mülkiyyət hüququnu tələb edə bilməsin. İddiaçının mübahisə predmetinə mülkiyyət hüquq yaranmışdır və o bunun tanınmasını məhkəmədən tələb edə bilər. Bu məsələləri tənzimləyən normanın tələbindən də göründüyü kimi, Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra etməlidir. Başqa sözlə, qanunun yanaşmasına görə hazırki iş üzrə cavabdeh iddiaçıya mülkiyyət hüququnun təminatını verməlidir. Vermədiyi halda isə iddiaçı onu məhkəmə tərəfindən tanınmasını tələb edə bilər. Alqı-satqı münasibətlərin mövcudluğu bir tərəfdən əşyanın dəyərinin ödənilməsi digər tərəfdən isə daşınmaz əşyanı alıcının mülkiyyətinə verməsi faktlarının olmasıdır. Təqdim edilmiş sübutlardan qeyd edilən halların mövcud olması öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2013-cü il tarixli alqı-satğı müqaviləsinin və həmin mənzilə iddiaçının mülkiyyət hüququnun tanınmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, alqı-satqı münasibətlərinin mövcudluğu təkzib olunmazdır. Lakin barəsində şikayət verilmiş qətnamədə məhkəmə təmin olunmayan hissəni əsaslandırılmamış, ümumiyyətlə məhkəmə həmin tələbə belə toxunmamışdır. Məhkəmə tərəflər arasında olan və işin faktiki hallarını araşdırmamış, mülkiyyət hüqunun tənınmasına dair onun hüququnun olubolmamasına, mülkiyyət hüqunun tanınmasının tələb etmək hüqunun olub-olmamasına münasibət bildirməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində digər iddia tələblərini rədd edən dəlillər və ya hallar qeyd edilməmişdir. Məhkəmə təqdim edilmiş sübutları iddia tələbi üzrə araşdırmamış, təqdim edilmiş ödəniş qəbzlərinin və müqavilənin, o cümlədən əmlakın ona təhvil verilərək, həmin evdə yaşamasının faktiki alqı-satqı münasibətlərinin yaranıb-yaranmaması hissəsində qiymətləndirməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara, müqaviləyə, qəbzlərə və Maliyyə arayışına mülkiyyət hüqunun və alqı-satqı münasibətlərinin tanınması hissəsində hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamə qəbul edərkən tərəflər arasında alqı-satqı münasibətlərin olub-olmamasını, onun həmin mənzili qəbul edərək, təmir etməsini və uzun illər orada yaşamasını araşdırmamışdır ki, bu da öz növbəsində iddia tələbini alqı-satqı müqaviləsinin bağlanmasına və mənzilə mülkiyyət hüqunun tanınıb-tanınması hissəsində bütün faktların aydınlaşdırılmamasına gətirib çıxarmışdır.

12. Həmin qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə cavabdehin üzərinə əsassız öhdəliklər qoyulmuşdur. Halbuki, tərəf olaraq notarial qaydada alqı-satqı edilməsi üçün müvafiq (müqavilənin rəsmləşdirilməsi, sığorta haqqı, dövlət rüsumları, xidmət haqqı və s.) ödənişlər olunmalıdır. Lakin cavabdeh olaraq həmin xərcləri qarşılamaq cəmiyyət tərəfindən mümkün olmur. İddiaçı ərizədə tərəflər arasında olan müqavilənin 3.2-ci bəndinə istinad edərək, əqdin bağlanması zamanı həmin bənddə əksini tapan vəzifələri (notariusun xərclərinin, sənədləri və s.) səhvən cavabdeh tərəfdən qarşılayacağını qeyd edib və müqaviləyə zidd olaraq məhkəmə həmin öhdəliyi də cəmiyyətin üzərinə qoymuşdur. Halbuki, həmin öhdəliyi onlar daşımır. Nəticə etibarı ilə məhkəmə müqavilə üzrə iddiaçının üzərində olan öhdəliyi cavabdehin üzərinə qoymuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Tərəflər biri-birinin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdeh1 MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, onlar hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir; 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. İddiaçının apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın həmin hissədə də təmin edilməsi, Cavabdeh2 MMCnin apellyasiya şikayətində isə hüquqi nəticə etibarı ilə qətnamənin təmin edilən hissəsində ləğv olunması və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, apellyasiya şikayətlərinin hər hansı birinin təmin (tam və ya qismən) edilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Cavabdeh2 MMC-nin ünvan 1 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birini (“E1” bloku, 4-cü mərtəbə, 141,45 kv.m. ölçüdə, 3 otaqlı, 2 nömrəli, mənzil) tərəflərin razılaşdığı qiymətlə həmin müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda iddiaçıya satmağı, iddiaçı isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun ödəniş qrafikinə əsasən ödəməyi öhdələrinə götürmüşlər. Mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyəri, yəni 141.450 manat iddiaçı tərəfindən ödənilmiş və Cavabdeh2 MMC tərəfindən xx.xx.2016-cı il tarixdə bu halı təsdiq maliyyə arayışı verilmişdir. Lakin xx.xx.2018-ci il tarixdə həmin mənzilin yerləşdiyi çoxmənzili yaşayış binasına dair məhz Cavabdeh2 MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2013-cü il tarixli müqavilənin predmeti olan həmin mənzili təmin etdirmiş və artıq bir neçə ildir ki, mənzildə yaşayır.

25. Bununla belə, iddiaçı ilə Cavabdeh2 MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin münasibətlər çərçivəsində iddiaçı aldığı mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam şəkildə ödəmiş, lakin Cavabdeh2 MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini tam icra etməmiş, mənzili iddiaçıya təhvil versə də, onun iddiaçının adına sənədləşdirilməsi, həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsindən yayınaraq, mənzilin yerləşdiyi çoxmənzili yaşayış binasına dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır.

26. Həmin mənzili təmir etdirib, artıq xeyli müddətdir ki, orada yaşamasına baxmayaraq, mənzilə dair sənədlər cavabdeh tərəfindən verilmədiyi üçün iddiaçı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmir.

27. Hüquqi nəticə etibarı ilə cavabdeh müqavilənin 3.2-ci bəndinə əsasən tikinti başa çatdıqdan sonra mənzilin iddiaçının adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əsli və ya onların notarial qaydada təsdiq edilmiş surətini hazırlayıb təqdim etməmiş, bununla bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alıb, haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən cavabdeh müqaviləyə uyğun olaraq mənzili iddiaçının mülkiyyətinə verməli və bununla bağlı öz tərəfindən zəruri olanları həyata keçirərək, mübahisəli mənzilin iddiaçının adına sənədləşdirilməsini, həmin mənzillə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsini, habelə müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsini təmin etməlidir. Mövcud vəziyyətdə bu hərəkətlərin yerinə yetiriməsi öhdəliyi Cavabdeh2 MMC-nin üzərinə qoyulmalıdır.

28. Belə ki, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlansa da, sonuncu bu münasibətlərdə Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli xidmət müqaviləsindən irəli gələrək və Cavabdeh2 MMC tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş etibarnamə əsasında iştirak etmiş, məhz bu səbəbdən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı Cavabdeh2 MMC tərəfindən verilmişdir.

29. Məhkəmə kollegiyası da tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvəsini tanıyaraq, o cümlədən mənzilin təhvil verilməsi ilə qismən icra edildiyini nəzərə alaraq, müqavilənin predmetini təşkil edən mənzilin iddiaçının adına sənədləşdirilməsi öhdəliyini Cavabdeh2 MMC-nin üzərinə qoymuşdur. Belə olan halda, həmin müqavilənin ayrıca tələb üzrə tanınmasına hər hansı hüquqi zərurət qalmır. Sənədləşmə işinin həyata keçirilməsi də hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair Cavabdeh2 MMC-nin mülkiyyət hüququnun ləğv edilməsi və bu əmlaka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Hər bir halda, mübahisəli mənzilin iddiaçının adına sənədləşdirilməsi onun bu mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını özündə ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə dəlillərini əsassız hesab edir və onların təmin edilməməsi qənaətinə gəlir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sənədləşmə zamanı yaranacaq bütün notarial xərclərin ödənilməsini öz üzərinə götürmüşdür. Digər tərəfdən mülki məcəllənin bu sahəni tənzimləyən normaları alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərinin alıcı tərəfindən qarşılanmasını şərtləndirmişdir. Qeyd edilənlər öz növbəsində cavabdehin apellyasiya şikayəti üzrə dəlillərinin yalnız formal mülahizədən ibarət olduğunu təsdiq edir və onun hər hansı formada təmin edilməsini istisna edir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Onun gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamənin iddiaçı və ya Cavabdeh2 MMC-nin apellyasiya şikayəti üzrə hər hansı hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas mövcud deyil. Bu səbəbdən apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının və Cavabdeh2 MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2382/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar