Məhkəmə qərarları › İş №2(103)-4892/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4892/2025

23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-4892/2025 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamədən cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil/Nümayəndə və iddiaçı İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bankın ona vurduğu zərərin əvəzi olaraq 200.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi xidmətə görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 326 manat, mütəxəssis rəyinin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2015ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmişdir ki, “xxxx” ASC-nin iddiası təmin edilsin, həmin Bank ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 40.807,07 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 929,05 manat İddiaçı Bankın xeyrinə tutulsun, tutma ipoteka predmetinə, yəni İddiaçı məxsus olan və Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi, ev 3-də yerləşən ** saylı mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, satışdan əldə oluna biləcək pul vəsaiti kredit borcunun ödənilməsinə yönəldilsin və sair. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılan zaman Bank ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, iddiadan imtina etmiş və bu səbəbdən də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qərardadla iddiadan imtinanın qəbul edilməsini, Bərdə Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsini və Bankın iddiası üzrə həmin mülki işin icraatına xitam verilməsini qərara almışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bundan bir qədər sonra “xxxx” ASC ləğv edilmiş, onun İpoteka və Zəmanət Fondunun xətti ilə verdiyi “ipoteka kreditləri” üzrə tələblər həmin Fond ilə Bank “xxxx” ASC ilə bağlanmış “Xidmət müqaviləsinə” əsasən sonuncuya keçmişdir. Bərdə Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iş üzrə xitam verilməsinə baxmayaraq həmin qətnamə qanunsuz olaraq icraya yönəldilmiş, həmin qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş, mənzil açıq hərraca çıxarılmış, son nəticədə, Bank, ##.##.2020-ci il tarixdə həmin mənzili borcun əvəzi olaraq qəbul etmiş və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrində” öz adına ##.##.2021-ci il tarixdə qeydiyyata aldıraraq, mənzili ##.##.2021-ci il tarixdə X2. Qeyd edilmiş bütün bu hərəkətlə iddiaçı İddiaçı xəbəri olmadan həyata keçirilmişdir. İddiaçı bunlardan xəbər tutduqdan sonra müvafiq iddialar ilə məhkəmələrə müraciət etmiş və Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldığı üçün qanuni qüvvəyə minmiş ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş ##.##.2020-ci il tarixli hərraca dair protokol etibarsız hesab edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə qət edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair Bankın adına ##.##.2021-ci il tarixdə və mənzili Bankdan almış Əkrəm Kərimovun adına ##.##.2021-ci il tarixdə verilmiş “Çıxarışlar” ləğv edilsin, Əkrəm Kərimov mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə ləğv edilmiş və mülki iş yeni apellyasiya baxışına göndərilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin qismən, yəni “Daşınmaz əmlakın dövlət reyestrindən” mübahisəli mənzilə dair Əkrəm Kərimovun adına ##.##.2021-ci il tarixdə verilmiş “Çıxarışlar” ləğv edilməsi, Əkrəm Kərimovun həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin tələblərin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ##.##.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və onun əsasında ##.##.2024cü il tarixdə “İcra vərəqəsi” verilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil bunun üçün qanuni əsas olmadan satılması üçün açıq hərraca çıxarılmış, son nəticədə Banka satılmış, “Daşınmaz əmlakın dövlət reyestrində” Bankın adına qeydiyyata alınmışdır. Lakin nəzərə alınmalıdır ki, Əkrəm Kərimov ilə Bank arasında mübahisəli mənzilə dair bağlanmış “Alğı-satqı müqaviləsi” mübahisələndirilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestrində” Əkrəm Kərimovun adına aparılmış qeydiyyat ləğv edilə bilməz. Buna görə də, İddiaçı ona vurulmuş maddi zərinin əvəzinin Bank tərəfindən ona ödənilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin həcmi (məbləği) müəyyən edilərkən nəzərə alınmalıdır ki, mübahisə predmeti olan həmin mənzilin hazırkı qiyməti ən azı 200.000 manat təşkil edir. b) cavabdehin iddia tələbinə dair münasibəti haqqında məlumat

3. Cavabdeh Bankın nümayəndəsi X1 iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı irəli sürdüyü “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına artıq bir dəfə baxılmış və iddianın rədd edilmişdir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Bank tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 145.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının aldığı hüquqi xidmətə görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 326 manat, mütəxəssis rəyinin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh Bankdan tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil Rayon Məhkəməsinin sonradan ləğv edilmiş qətnaməsi əsasında icra olunaraq hərrac yolu ilə hazırkı iş üzrə cavabdeh olan Bank tərəfindən əldə edilmiş, sonradan isə Bank həmin mənzili hazırkı iş üzrə tərəf olmayan Əkrəm Kərimova satmışdır. Sonradan həmin hərracın nəticələri etibarsız hesab edilmiş, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrində” Bankın aparılmış qeydiyyat ləğv edilmiş, lakin mənzil artıq Əkrəm Kərimovun mülkiyyətində olduğundan iddiaçıya dəymiş zərərin ödənilməsi məqsədi ilə mənzilin iddiaçıya naturada qaytarılması mümkün olmamışdır. Göründüyü kimi iddiaçı qanunsuz olaraq öz əmlakından məhrum edilmiş, bununla da iddiaçıya maddi zərər dəymişdir ki, zərərin əvəzi Bank tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə mənzilin qiymətləndirilməsinin həyata keçirilməsi məhkəmə tərəfindən müstəqil qiymətləndiriciyə - “xxxx” MMC-yə tapşırılmışdır. Həmin MMC tərəfindən məhkəməyə verilmiş **-**/** saylı, ##.##.2025-ci il tarixli “Qiymətləndirmə rəyindən” görünür ki, mübahisəli mənzilin 2025-ci ilin mart ayına olan bazar dəyəri təxminən 145.000 manat təşkil edir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı, qiymətləndirmə tədqiqatının həyata keçirilməsi üçün 300 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi xidmətə görə vəkilə 326 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumuna görə 490 manat xərc çəkmişdir ki, həmin xərclərin əvəzi cavabdeh Bank tərəfindən iddiaçıya ödənilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

6. Cavabdeh Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli əmlak qanuni qüvvədə olan icra sənədi əsasında keçirilmiş hərrac nəticəsində Bank tərəfindən əldə edilmiş, sonradan isə Bank həmin əmlakı hazırkı iş üzrə tərəf olmayan Əkrəm Kərimova satmışdır. Həmin əmlak artıq Bankın mülkiyyətində deyil. Mübahisəli hərracın keçirilməsi ilə bağlı ehtimal edilən qanunpozuntusuna görə məsuliyyəti Bank deyil, hərracı təşkil etmiş “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC daşıya bilər. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları haqqında məlumat

8. Cavabdeh Bankın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.

11. İş üzrə cavabdeh Bank Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını Məhkəmədən xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, Bank iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.

12. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələblərini nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, hazırkı iş üzrə iddiaçı İddiaçı Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” Yaşayış kompleksi, ev 3-də yerləşən ** saylı mənzili almaq üçün “xxxx” ASC ilə “Kredit və ipoteka müqaviləsi” bağlamış, “xxxx” ASC-dən götürdüyü borc hesabına mənzili alaraq, mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Daha sonra kreditin ödənişlərində problemlər yarandığı üçün “xxxx” ASC İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir.

15. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2015ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, “xxxx” ASC-nin iddiası təmin edilsin, həmin Bank ilə İddiaçı arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 40.807,07 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 929,05 manat İddiaçı Bankın xeyrinə tutulsun, tutma ipoteka predmetinə - yuxarıda qeyd edilən mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, satışdan əldə oluna biləcək pul vəsaiti kredit borcunun ödənilməsinə yönəldilsin və sair.

16. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında baxılan zaman Bank ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, iddiadan imtina etmiş və bu səbəbdən də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qərardadla iddiadan imtinanın qəbul edilməsi, Bərdə Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Bankın iddiası üzrə həmin mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

17. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir.

18. “xxxx” ASC 2016-cı ildə ləğv edildikdən sonra Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (həmin vaxt: “Azərbaycan İpoteka Fondu” ASC) ilə Bank “xxxx” ASC arasında bağlanmış “Xidmət müqaviləsinə” əsasən “xxxx” ASC-nin həmin Fondun xətti ilə verdiyi “ipoteka kreditləri” üzrə tələblər Bank “xxxx” ASC-yə keçmişdir.

19. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli qərardadı ilə ləğv edilib, iş üzrə icraatına xitam verilməsinə baxmayaraq həmin qətnamə icraya yönəldilmiş, onun əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmiş, mənzil açıq hərraca çıxarılmış, son nəticədə, hazırkı iş üzrə cavabdeh Bank, ##.##.2020-ci il tarixdə həmin mənzili borcun əvəzi olaraq qəbul etmiş və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrində” öz adına ##.##.2021-ci il tarixdə qeydiyyata aldıraraq, mənzili ##.##.2021-ci il tarixdə X2.

20. İddiaçı müvafiq iddiasına dair *(***)-****/**** saylı mülki işə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzə qəbul etdiyi ##.##.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş ##.##.2020-ci il tarixli hərraca dair protokol etibarsız hesab edilsin.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsindən (iş № *(103)-11845/2021) görünür ki, həmin qətnamə ilə Bank “xxxx” ASCnin apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinin dəyşdirilmədən saxlanılması qət edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qərarından (iş № *(102)-2465/2022) görünür ki, həmin qərarla Bank “xxxx” ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

23. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, İddiaçı iddiası qismən təmin edilsin, “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair Bankın adına ##.##.2021-ci il tarixdə və mənzili Bankdan almış Əkrəm Kərimovun adına ##.##.2021-ci il tarixdə verilmiş “Çıxarışlar” ləğv edilsin, Əkrəm Kərimov mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsindən (iş № *(105)-1512/2023) görünür ki, həmin qətnamə ilə qət edilmişdir ki, həmin iş üzrə cavabdehlər Bank “xxxx” ASC və Əkrəm Kərimovun apellyasiya şikayətləri təmin edilməsin Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qərarından (iş № *(102)-1364/2024) görünür ki, həmin qərarla Əkrəm Kərimovun kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, mülki işə həmin işə apellyasiya qaydasında baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qət etmişdir ki, apellyasiya şikayətləri qismən təmin edilsin, Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi qismən, yəni “Daşınmaz əmlakın dövlət reyestrindən” mübahisəli mənzilə dair Əkrəm Kərimovun adına ##.##.2021-ci il tarixdə verilmiş “Çıxarışlar” ləğv edilməsi, Əkrəm Kərimovun həmin mənzilə dair istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin, həmin tələblər təmin edilməsin, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş “İcra vərəqəsindən” və işdə olan digər sənədlərdən görünür ki, həmin qətnamə ##.##.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və onun əsasında ##.##.2024-cü il tarixdə verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir.

28. Göstərilənlərə əsasən müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin ##.##.2015ci il tarixli qətnaməsi (iş № *(021)-2363/2015) və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi (iş № *(105)-1383/2024) qüvvəyə minmişlər.

29. Qeyd edilən və qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil bunun üçün qanuni əsas olmadan satılması üçün açıq hərraca çıxarılmış, son nəticədə Banka satılmış, “Daşınmaz əmlakın dövlət reyestrində” Bankın adına qeydiyyata alınmışdır. Lakin nəzərə alınmalıdır ki, Əkrəm Kərimov ilə Bank arasında mübahisəli mənzilə dair bağlanmış “Alğı-satqı müqaviləsi” mübahisələndirilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestrində” Əkrəm Kərimovun adına aparılmış qeydiyyat ləğv edilə bilməz. Buna görə də, İddiaçı ona vurulmuş maddi zərinin əvəzinin Bank tərəfindən ona ödənilməsi ilə bağlı iddia irəli sürə bilər.

30. Bunu nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 82.3-ci maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Odur ki, Məhkəmə qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş halları hazırkı iş üçün preyudisial hal kimi qəbul edir.

32. İddiaçı qeyd edilən məhkəmə aktlarını əsas götürərək, ona vurulmuş maddi zərinin əvəzinin Bank tərəfindən ona ödənilməsi ilə bağlı Banka qarşı hazırkı iddia iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.

33. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı onu vurulmuş zərərin aradan qaldırılması məqsədi ilə Bank “xxxx” ASC və Əkrəm Kərimova qarşı eyni zamanda “cavabdehlər arasında mübahisəli mənzilə dair ##.##.2021-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsinin” ləğv edilməsi tələbi barədə” iddia ilə də Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbinə dair *(***)-****/**** saylı mülki iş Xətai Rayon Məhkəməsinin icraatındadır.

34. Bunu müəyyən etmiş Məhkəmə iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadla hazırkı iş üzrə icraatı, qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır.

35. Xətai Rayon Məhkəməsi *(***)-****/**** saylı mülki işə baxaraq, qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə qət etmişdir ki, İddiaçı Bank “xxxx” ASC və Əkrəm Kərimova qarşı irəli sürdüyü “cavabdehlər arasında mübahisəli mənzilə dair ##.##.2021-ci il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsinin” ləğv edilməsi tələbi barədə” iddiası təmin edilməsin.

36. Xətai Rayon Məhkəməsi həmin nəticəni onunla əsaslandırmışdır ki, Əkrəm Kərimov həmin mənzili Bank “xxxx” ASC-dən satın alarkən İddiaçı ilə Bank “xxxx” ASC arasındakı mülki mübahisələrdən xəbərsiz olmuşdur, buna görə də o “vicdanlı əldə” edən şəxs hesab edilməli və onun hüquqları qorunmalıdır. İddiaçı da hüquqları pozulmuşdur. Lakin işin hallarından müəyyən edilir ki, o, ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia ilə artıq məhkəməyə müraciət etmişdir və həmin mülki iş artıq apellyasiya baxışının predmetidir (hazırkı mülki iş nəzərdə tutulur).

37. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən Məhkəmə hazırkı iş üzrə icraatı təzələmişdir.

38. Məhkəmə, MPM-in yuxarıda qeyd edilmiş 82.3-cü maddəsinin tələbini nəzərə alaraq Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin də hazırkı iş üçün preyudisial xarakter daşımasını nəzərə alır. 39 Yuxarıda qeyd edilən və hazırkı iş üzrə preyudisial xarakter daşıyan məhkəmə aktlarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasinın tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13.; hissə İ., maddə 29.; hissə II.). Məhkəmənin qərarı olmadan heç kəs mülkiyyətindən məhrum edilə bilməz (maddə 29.; hissə IV.; birinci cümlə).

40. Məhkəmə qeyd edir ki, Konstitusiyanın bu prinsipləri ölkədaxili və beynəlxalq qanunlarda, o cümlədən beynəlxalq konvensiyalarda da öz əksini tapmışdır. Buna baxmayaraq işin hallarından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzil yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş məhkəmə qətnaməsi əsasında verilmiş “İcra vərəqəsinin” icrası ilə bağlı açıq hərracdan cavabdeh Banka satılmış və Bank qeyd edilən həmin qətnamənin artıq ləğv olunduğunu bilirdi. Hazırda həmin mənzil onu sonradan Bankdan satın almış vicdanlı əldə edən şəxsin mülkiyyətindədir və bu səbəbdən mənzilin iddiaçının mülkiyyətinə qaytarılması mümkün deyil.

41. Bununla da müəyyən edilir ki, Bankın qanunazidd hərəkəti nəticəsində iddiaçı ona mənsub olan əmlakdan qanunsuz olaraq məhrum olmuş, bununla da ona maddi zərər dəymişdir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına zərər vurulması, yaxud hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna zərər vurulması nəticəsində əmələ gəlir (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərər zərərvuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).

43. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

44. Apellyasiya şikayətində Bank bildirir ki, onun tərəfindən iddiaçıya maddi zərər vurulmamışdır. Mübahisəli hərracın keçirilməsi ilə bağlı məsuliyyəti Bank deyil, hərracı təşkil etmiş “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC daşımalıdır.

45. Bununla bağlı Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi (bax: hazırkı qətnamənin 41-ci bəndinə) işin hallarından müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzil yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş məhkəmə qətnaməsi əsasında verilmiş “İcra vərəqəsinin” icrası ilə bağlı açıq hərracdan cavabdeh Banka satılmış və Bank qeyd edilən həmin qətnamənin artıq ləğv olunduğunu bilirdi. Belə olan halda Bank, “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin həmin qətnamənin ləğv edilməsindən əvvəlcədən məlumatlı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməli idi. Çünki MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Bank bu dəlilinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

46. Buna görə də, Məhkəmə hesab edir ki, Bankın bu dəlilini əsassızdır, Rayon Məhkəməsi iddiaçıya maddi zərərin məhz Bank tərəfindən yetirilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

47. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona dəymiş maddi zərər 200.000 manat məbləğindədir.

48. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, cavabdeh Bank tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Bankdan iddiaçının xeyrinə 145.000 manat tutulsun.

49. Bank, qətnamədən verdiyi apellyasiya şikayətində iddianın əsassız, Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsinin isə səhv olduğunu bildirsə də, apelyasiya baxışı zamanı vəsatətlə Məhkəməyə müraciət edərək, mübahisəli mənzilin təkrar qiymətləndirilməsini xahiş etmişdir.

50. Məhkəmə vəsatəti təmin etməmişdir. Belə ki, qeyd edilən vəsatət “gecikdirilmiş sübutun” əldə olunmasına yönəlmişdir ki, MPM-in tələblərinə görə bu mümkün deyil. Digər tərəfdən isə vəsatət əsaslandırılmamış, qiymətləndirici şirkət tərəfindən Rayon Məhkəməsinə verilmiş “Qiymətləndirmə rəyini” şübhə altına ala biləcək sübut (məsələn: başqa qiymətləndirici tərəfindən verilmiş rəy) Məhkəməyə təqdim edilməmişdir.

51. Məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə mənzilin qiymətləndirilməsinin həyata keçirilməsi Rayon Məhkəməsi tərəfindən müstəqil qiymətləndiriciyə - “xxxx” MMC-yə tapşırılmışdır.

52. Həmin MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş **-**/** saylı, ##.##.2025-ci il tarixli “Qiymətləndirmə rəyində” qeyd edilmişdir ki, mübahisəli mənzilin 2025-ci ilin mart ayına olan bazar dəyəri təxminən 145.000 manat təşkil edir.

53. Rayon Məhkəməsi də, həmin rəyin əsaslılığını və rəydə əks olunmuş tədqiqatın metodologiyasını şübhə altına ala biləcək sübutların nə iddiaçı, nə cavabdeh tərəfindən təqdim edilməməsini nəzərə alaraq rəyi etibarlı sübut kimi qəbul etmiş və rəyə əsaslanaraq yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.

54. Həmin rəyi şübhə altına ala biləcək sübutların cavabdeh Bank tərəfindən apellyasiya icraatı zamanı da təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçıya dəymiş maddi zərərin məbləğini həmin rəyə əsasən müəyyən etməkdə haqlı olmuşdur.

55. Apellyasiya şikayətində Bank bildirir ki, Rayon Məhkəməsi cavabdeh Bankın iddiaçıya münasibətdə həmçinin əsassız varlanması qənaətinə gəlməkdə haqlı olmamışdır.

56. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş zərərin əvəzinin Bank tərəfindən ödənilməsi qənaətinə gələrkən Bankın hərəkətlərinə həm “hüquq pozuntusu (delikt)” baxımından, həm də, “əsassız varlanma” baxımından qiymət vermiş və hər iki halda qənaətə gəlmişdir ki, Bankdan iddiaçının xeyrinə pul tutulmalıdır.

57. Məhkəmənin iş üzrə gəldiyi və yuxarıda qeyd edildiyi qənaəti ondan ibarətdir ki, cavabdeh Bank iddiaçıya qarşı törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Buna görə də, Məhkəmə hesab edir ki, elə yalnız bu nəticə kifayət edir ki, Rayon Məhkəməsinin “əsassız varlanma” ilə bağlı apardığı təhlilin əsaslılığı araşdırılmadan Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin əsaslılığı müzakirə edilən bu dəlili təmin edilməməlidir.

58. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 490 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının aldığı hüquqi xidmətə görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 326 manat, mütəxəssis rəyinin alınması üçün iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 300 manat məbləğində pulun cavabdeh Bankdan tutularaq iddiaçıya ödənilsin.

59. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də, əsaslıdır. Çünki işdə olan “Ödəniş qəbzlərindən” görünür iddiaçı qeyd edilən həmin xərcləri çəkmişdir. MPM-nin tələblərinə görə isə iddia təmin edildiyi halda məhkəmə xərcləri - məsrəfləri cavabdehə aid edilir. h) apellyasiya baxışının nəticəsi

60. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

61. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

63. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar