Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4897/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, “İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1517/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏ YYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh banka hazırda olan əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı” QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli 13.25711 saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-174 saylı, 23 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank borcalana 3.065 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Borcalan bu müqaviləyə əsasən borcu qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri bank qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh banka hazırda olan əsas borc üzrə 2.960,08 manat, faiz borcu üzrə 627,81 manat olmaqla, cəmi 3.587,89 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəlyinin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2019cu il tarixli qərardadı ilə İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi əsassız olaraq MPM-in 152.1.2-ci maddəsinə istinadla geri qaytarılmışdır. İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən 09 oktyabr 2019-cu il tarixidə Binəqədi Rayon Məhkəməsinə iddia tələbi irəli sürülmüş, Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli əsassız olaraq MPM-in 152.1.2-ci maddəsinə istinadla iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. 18 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qərardadından şikayət verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(103)-2451/2020 saylı qərardadı ilə İddiaçı QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2019- cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Borc tələbi üzrə yenidən məhkəməyə İddiaçı QSC adından müraciət edilməsi üçün mülki iş materiallarına əlavə olunmuş sənədlərin əsillərinin qaytarılması tələbi ilə 17 mart 2020-ci il tarixli 1310 saylı məktubla Bakı Apelyasiya Məhkəməsinə müraciət olunmuşdur. Müraciət məktubuna 15 iyun 2020-ci il tarixdə cavab olaraq 2(103)-2451/2020 saylı mülki işin 11 mart 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə qaytarılıması bildirilmişdir. İddiaçı” QSC - onun adından çıxış edən törəmə müəssisəsi olan "X2 Edilməsi Agentliyi” MMC tərəfindən 22 iyun 2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət olunaraq sənədlərin əsli istənilmişdir. Göstərilən xüsusatların cəmində hesab edirlər ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edəcəyi təqdirdə məhkəmə iddia müddətinin axımının pozulmadığını və iddiaçı təşkilat tərəfindən 08 avqust 2019-cu il tarixdən iddia qaldırılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1517/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, onların ilk dəfə 08.08.2019-cu il tarixdə iddia ərizəsi məhkəməyə təqdim olunduğunu, məhkəmənini 20.09.2019-cu il tarixli qərardadı ilə geri qaytarıldığını, ilk dəfə iddia ərizəsinin müddət ötürülmədən verildiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış apellyator nümayəndəsini məhkəməyə göndərməmiş, kollagiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin İslam Bankçılığı Departamenti ilə borcalan Cavabdeh arasında imzalanmış 08 avqust 2014-cü il tarixli № 366/14 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən (1 saylı Əlavədən) görünür ki, bank “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlığın alınması məqsədilə ilə Cavabdeh illik faiz dərəcəsi 20% olmaqla 24 ay müddətinə 3.065 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 8 avqust 2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 08 avqust 2014-cü il tarixdə “xxxx” ASC-nin İslam Bankçılığı Departamentindən 3.034 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan “X2 edilməsi Agentliyi” MMC-nin Cavabdeh ünvanladığı 18 oktyabr 2018-ci il tarixli 2929 saylı bildirişin surətindən görünür ki, cavabdehə borcu barədə məlumat verilmişdir. Həmçinin cavabdehdən 10 gün müddətində borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 01 yanvar 2017-ci il tarixinə banka 3.587,89 manat məbləğində əsas borcu vardır. “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsaitmüqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən «xxxx» ASCdən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 23 aprel 2018-ci il tarixli, S-FK-İB-174 saylı akta əsasən borclu Cavabdeh əsas borc 2.960,08 manat, faiz borcu 627,81 manat, cəmi 3.587,89 manat məbləğində borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarında olan 22 sentyabr 2014-cü il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, tərəflər arasında 26 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi haqqında razılaşmaya uyğun olaraq “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avadanlıq aksessuarları ilə birlikdə satıcı “X4” MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8127/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X2 edilməsi Agentliyi MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi, əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X2 edilməsi Agentliyi MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2451/2020 saylı, 12 fevral 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı QSC BOKT adından çıxış edən törəmə müəssisəsi X2 edilməsi Agentliyi MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8127/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla belə, işin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh arasında bağlanmış 08 avqust 2014-cü il tarixli kredit müqaviləsində kreditin 24 ay müddətinə verildiyi razılaşdırılmışdır. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, Cavabdeh ilə bank arasında 08 avqust 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 08 avqust 2016-cı il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, 08 avqust 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 08 avqust 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 08 avqust 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə ilk dəfə 09.10.2019-cu il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarından Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka sonuncu ödənişin hansı tarixdə həyata keçirildiyini müəyyən etmək olmur və iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilmədiyi aydın olur. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı bank apellyasiya şikayətində ilk dəfə iddia ərizəsi ilə məhkəməyə 08 avqust 2019-cu il tarixdə müraciət etdiklərini, məhkəmənin 20.09.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarıldığını irəli sürsə də, sözügedən qərardad iş materiallarında mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1517/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4897/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4897/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver