Məhkəmə qərarları › İş №2(103)-4899/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4899/2023

13.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4899/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4899/2022 (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1678/2023 nömrəli, xx.xx.2023-cü ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2525/2021 saylı, 07 iyul 2017ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X3 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment” tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan övladı 18 iyul 2010-cu il təvəllüdlü D.Məmmədzadənin anası G.Məmmədovanın yanında qalması və uşağı yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2021-ci il tarixindən başlayaraq, hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı G.Məmmədovaya ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı qızları üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı qızları dünyaya gəlmişdir. Nikahın ilk dövrlərində münasibətləri normal olsa da, müəyyən müddət sonra xasiyyətlərinin uyğun olmaması və davamlı mübahisələr səbəbindən münasibətləri korlanmışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2525/2021 nömrəli qətnamə ilə aralarındakı nikah pozulmuş, övladı iddiaçının himayəsində qalmaqla, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə çıxdıqdan xeyli müddət sonra qeyri-rəsmi mənbədən əldə etmişdir ki, cavabdehin aylıq gəliri 2000 manata qədərdir. Buna görə də alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur.

4. Xətai Rayon Məhkəməsinin 2(011)-1678/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilərək alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmaqla Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 2(006)-2525/2021 saylı, 07 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilmiş, hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı ödənilməsi müəyyən olunmuşdur.

5. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 76.1, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimentə aid hissədə ləğv edilməsini, 220 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, övladının saxlanılması üçün məhkəmənin müəyyən etdiyi məbləğdən artıq xərc çəkir, sadəcə olaraq iddiaçı onun yeni ailə qurmasını həzm etməyərək hazırki iddianı qaldırmışdır. Məhkəmə iddiaçının subyektiv mülahizələrinə əsaslanıb iddianı təmin etmişdir. İddiaçı guya mənim gəlirimin artdığını maddi vəziyyətimdə dəyişiklik hesab etmişdir. Həyatındakı yeganə dəyişiklik yeni ailə qurması və 2-ci övladının dünyaya gələcək olmasıdır. Onun əlavə gəlir yeri yoxdur, məhkəmə isə bu halı aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək cavabdehin həkim olmasını, yetəri qədər gəlirinin olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

13. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Cavabdeh tərəfindən qətnamə alimentin məbləğinə aid hissədə mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, yuxarıda qeyd edildiyi kimi Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 2525/2021 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq iddiaçının himayəsində qalmaqla, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

22. İddiaçı hazırki iddia ilə cavabdehin gəlirinin artmasını, maddi vəziyyətində dəyişikliyin olmasını əsas gətirməklə məhkəmənin əvvəl müəyyən etdiyi alimentin artılmasını tələb etməkdə haqlıdır.

23. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməklə bildirmişdir ki, onun aylıq əmək haqqı həvəsləndirici maaşla birlikdə, ümumilikdə 1114 manat təşkil edir.

24. İşin halları və apellyasiya şikayətindən də müəyyən edilir ki, cavabdehin iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək imkanı vardır. Cavabdeh şikayətində qeyd etmişdir ki, o, övladı üçün həmişə məhkəmənin müəyyən etdiyi alimentdən artıq xərcləri ödəmiş, onun maddi təminatını azaltmamışdır.

25. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü-cü maddələrində qeyd edilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

27. Kollegiya hesab edir ki, mövcud qanunvericiliyin tələbləri baxımından tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını artırmışdır.

28. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

30. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

32. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2856/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar