Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4900/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-2101/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi hayon Məhkəməsinin 2(001)-1702/2014 saylı, 27 mart 2014-cü il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsinə, Cavabdeh 21 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 12 iyun 2010-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 21 may 2011-ci il təvəllüdlü X3 doğulmuşdur. 27 mar 2014cü il tarixli qətnaməyə əsasən cavabdeh ilə aralarında olan nikah pozulmuş, uşağın onun yanında saxlanması və 21 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 103 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəf könüllü qaydada uşağa heç bir maddi yardım göstərmir. Artıq uşağın tələbatları artıb. Cavabdeh tərəfindən ödənilən aliment məbləği uşağın maddi tələbatını ödəməyə, sağlamlığının qayğısına qalmağa kifayət etmir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-2101/2021 saylı qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(001)-1702/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 21 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-2101/2021 saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh 3-cü dərəcəli əlildir və bu səbəblə işləyə bilmir. Cavabdehin əlillik təqaüdündən başqa gəliri yoxdur. O, mütəmadi olaraq stasionar müalicə alır, aldığı müalicə üçün xeyli vəsait sərf edir. Qeyd olunan məbləğdə alimenti hər ay ödəyəcəyi təqdirdə özünün maddi borcları yarana bilər və bu qədər alimentin cavabdeh tərəfindən ödənilə bilməsi mümkün deyildir. İddiaçı da bir valideyn kimi uşağın saxlanılmasında iştirak etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-2101/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)-2101/2021 saylı qətnaməsi alimentin məbləğinin müəyyən edilən hissəsində dəyişdirilməli, aliment məbləği 150 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 may 2011-ci ildə X3 anadan olmuşdur. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(001)-1702/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 12 iyun 2010cu il tarixində 744 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, 21 may 2011-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 yanvar 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin sabit pul məbləği hissəsinin artırılması ilə bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləği hissəsində uşaqların əvvəlki təminat səviyyəsini nəzərə alsa da, tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları tam olaraq nəzərə almamışdır. Belə ki, işdə olan cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki, o, İİİ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir. Buna görə də, kollegiya hesab edir ki, qətnamə alimentin məbləği ilə bağlı hər uşağa görə 175 manat sabit pul məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, uşağa görə alimentin məbləği 150 manat müəyyən edilməlidir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq, alimentin məbləğində qeyd olunan qaydada dəyişikliyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(001)- 2101/2021 saylı qətnaməsi alimentin məbləğinin 175 (yüz yetmiş beş) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin, alimentin məbləği 150 (yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4900/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4900/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver