Məhkəmə qərarları › İş №2(103)-4902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4902/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4902/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(001)-4316/2020 saylı qətnaməsindən cavabdehin Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə 15.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1067,48 ABŞ dolları əsas, 467,45 ABŞ dolları faiz və 1716,53 ABŞ dolları cərimə borcu, 15.08.2017-ci il tarixdən 10.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 152,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3404,16 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15.02.2016-ci il tarixli kredit müqaviləsinə əsasən 28 faizlə 18 ay müddətinə 1400 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq digər Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(001)- 4316/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 1067,48 ABŞ dolları məbləğində əsas, 467,45 ABŞ dolları məbləğində faiz, 60 ABŞ dolları məbləğində cərimə borcu, eləcə də 152,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində olmaqla, ümumilikdə 1747,63 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Pandemiya səbəbindən sərt karantin rejimi tətbiq edilmiş, iş yerləri bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin təxirəsalınmaz tapşırıqlarından biri də vətəndaşların karantin dövründə banklara olan borcları və faizləri nəzərə alınmaqla güzəşt edilməsi ilə bağlı olmuşdur. Lakin bank tərəfindən, nə də məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, əsas borca hesablanan faiz, dəbbə pulu və əldən çıxmış fayda şişirdilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, faiz və digər borcların silinməsini, yalnız əsas borcu ödəməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, maliyyə arayışında qeyd edildiyi kimi kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq məbləğ 293,15 ABŞ dolları olmuşdur. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.02.2016-ci il tarixli 1-Z1-1-0-32-16 saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə, illik 28% dərəcəsi ilə, 1400 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. 10.06.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 1067,48 ABŞ dolları əsas, 467,45 ABŞ dolları faiz borcu, 1716,53 ABŞ dolları cərimə borcu və əldən çıxmış fayda üzrə 152,7 ABŞ dolları borcu olmaqla, cəmi 3251,46 ABŞ dolları borcu yaranmışdır. Maliyyə arayışında həmçinin göstərilmişdir ki, kreditin bitmə tarixinə faiz borc üzrə qalıq məbləğ 293,15 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apelyasiya baxışı zamanı təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, hazırki iddia qaldırılan vaxtadək (10.06.2020) cavabdeh tərəfindən 16.03.2016-cı il tarixdə 100 ABŞ dolları ödəniş aparılmış (2,74 və 63,47 ABŞ dolları əsas borcuna, 33,79 ABŞ dolları faiz borcuna silinmişdir), 19.04.2016-cı il tarixdə 100 ABŞ dolları ödəniş aparılmış (3,27 və 62,21 ABŞ dolları əsas borcuna, 4,10 və 30,16 ABŞ dolları faiz borcuna, 0,26 ABŞ dolları cərimə borcuna silinmişdir), 16.05.2016-cı il tarixdə 100 ABŞ dolları ödəniş aparılmış (74,30 ABŞ dolları əsas borcuna, 25,70 ABŞ dolları faiz borcuna silinmişdir), 12.08.2016cı il tarixdə 210 ABŞ dolları ödəniş aparılmışdır (126,53 ABŞ dolları əsas borcuna, 5,04 və 58,24 ABŞ dolları faiz borcuna, 20,19 ABŞ dolları cərimə borcuna silinmişdir). 12.08.2016-cı il tarixindən sonra ödənişlər dayanmış və göründüyü kimi, həmin tarixə qədər cavabdeh tərəfindən əsas borc üzrə cəmi 332,52 ABŞ dolları ödəniş edilmiş və həmin vaxta 1067,48 ABŞ dolları əsas borcu (1400-332,52) qalmışdır. İddiaçı da hazırki 10.06.2020-ci il tarixli maliyyə arayışına əsasən həmin məbləğdə əsas borcu tələb edir. Hesabdan çıxarışdan həmçinin görünür ki, 14.11.2018-ci il tarixdə 10 ABŞ dolları, 31.10.2019-cu il tarixdə isə 5 ABŞ dolları ödəniş olmuşdur ki, həmin vəsaitlər də dəbbə borcuna silinmişdir. Nəhayət, Cavabdeh1 2021-ci il tarixdə kredit müqavilə üzrə ödənişlər etmiş və həmin ödənişlər əsas borc məbləğindən silinmişdir, ona görə Kollegiya həmin ödənişləri də nəzərə alınmaqla, hesablama aparıb yekun məbləği müəyyən etməyi əsaslı, həm də prosessual qənaət prinsipi baxımından qanuni hesab edir. Belə ki, Cavabdeh1 tərəfindən 27.04.2021-ci il tarixdə 30 ABŞ dolları, 16.05.2021-ci il tarixdə 29,37 ABŞ dolları və 19.05.2021-ci il tarixdə 29,37 ABŞ dolları ödəniş aparılmışdır ki, həmin vəsait də tam olaraq onun əsas borcuna silinmişdir. Müəyyən edilir ki, cavabdeh tərəfindən əsas borc məbləğindən cəmi 421,26 ABŞ dolları ödəniş edilmişdir, qalıq qalmış əsas borc məbləği isə 978,74 ABŞ dolları (1400- 421,26) təşkil edir. Odur ki, cavabdehlərdən tutulmalı olan əsas borc məbləği 978,74 ABŞ dolları müəyyən edilməlidir. Faiz borcuna aid hissədə Kollegiya qeyd edir ki, iddiaçı tələbində 467,45 ABŞ dolları faiz borcunu göstərsə də, təqdim etdiyi maliyyə arayışında kreditin bitmə tarixinə faiz borc üzrə qalıq məbləğin 293,15 ABŞ dolları olduğu göstərilmiş, apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi kreditin bitmə tarixinə faiz borcunun 293,15 ABŞ dolları olduğunu bildirmişdir. Həmçinin hesabdan çıxarışdan da aydın olur ki, müqavilə müddəti daxilində yaranmış faiz borcu 293,15 ABŞ dolları təşkil edir, ona görə də Kollegiya hesab edir ki, faiz borcuna aid hissədə də qətnamə dəyişdirilməli və faiz borcunun məbləği 293,15 ABŞ dolları müəyyən edilməlidir. Müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 152,7 ABŞ dolları borc hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, bank tərəfindən müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışının verildiyi 10.06.2020-ci il tarixdək həmin borc hesablanmışdır. Lakin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərin İ hissəsinin (Koronavirus pandemiyası dövründə əhalinin, iqtisadiyyatın və bank sektorunun requlyativ tədbirlərlə dəstəklənməsi) 1-ci bəndində Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi ilə bağlı tədbirlər sırasında Kredit öhdәliklәrinin (әsas borc vә faiz ödәnişlәri) tam vә ya qismәn gecikdirilmәsi halında borcludan әlavә cәrimә faizi, dәbbә pulu vә digәr ödәnişlәrin tutulmamasının banklara tövsiyә edilmәsi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qeyd olunan tövsiyələrini nəzərə alaraq, Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu (əldən çıxmış fayda) 19.03.2020-ci il tarixə qədər hesablanmalı, həmin tarixdən 10.06.2020-ci il tarixə qədər yaranmış borc məbləği isə silinməlidir. Belə olan halda, əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizləri 0.14 ABŞ dolları (978,74x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 946 gün, yəni müqavilə müddəti bitdiyi gündən (15.08.2017) 19.03.2020-ci il tarixədək olduğu müəyyən edilir ki, bu da 140,25 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə cərimə borcunu kifayət qədər azaldaraq 60 ABŞ dolları həddində müəyyən etmişdir və həmin məbləğ ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4316/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan əsas borc, faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan əsas borcun məbləği 978,74 ABŞ dolları, faiz borcunun məbləği 293,15 ABŞ dolları, müqavilə müddəti bitdiyi vaxtdan sonra gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcunun (əldən çıxmış fayda) məbləği isə 140,25 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar