Məhkəmə qərarları › İş №2(103)-4903/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4903/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4903/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı “xxxx” BOKT QSC-nin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3073/2020 saylı işi üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "xxxx” BOKT QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 17 iyun 2019-cu il tarixli, N219-0619- ******* nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh həmin müqavilə üzrə yaranmış 1680 manat əsas, 477,64 manat faiz, 139,7 manat dəbbə borcu olmaqla, ümumilikdə 2297,34 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur: 17 iyun 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə illik 44 faiz hesablanmaqla 12 ay müddətinə 1680 manat kredit verilmişdir (səh.3); maliyyə arayışına əsasən, 01 mart 2020-ci il tarixə cavabdehin iddiaçıya 1680 manat əsas, 617,34 manat faiz borcu vardır (səh.7). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3073/2020 saylı işi üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə “xxxx” Bank Olmayan Kredit X6 Cəmiyyətinin iddiası qismən təmin edilmiş, Cavabdeh 17 iyun 2019-cu il tarixli, N219-0***-******* nömrəli kredit müqaviləsi üzrə 1680 manat əsas, 477,64 manat faiz borcu olmaqla ümumilikdə 2157,64 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” BOKT QSC- yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” BOKT QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 442, 462, 463, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 17 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, iddia tələbində faiz borcu 477,64 manat göstərildiyi halda, maliyyə arayışında faiz borcu 617,34 manat göstərilmiş, maliyyə arayışında cavabdehin cərimə borcunun miqdarı göstərilməmiş, beləliklə cərimə borcunun miqdarına dair iş materiallarında sübuta rast gəlinmədiyindən, cavabdehə cərimə borcu hesablanmamalıdır. Həmçinin, iddianın müqaviləyə xitam verilməsi hissəsinə münasibətdə, 17 iyun 2019-cu il tarixdə 12 ay müddətə bağlanmış müqavilənin müddəti 17 iyun 2020-ci il tarixdə bitdiyindən iddia bu hissədə də təmin edilməməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nin 8.1, 14, 88, 217,218, 385, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 2019-cu ilin iyun ayının 17-də həmin “xxxx” Şirkətin direktoru X2 ona dedi ki, maşına qaz avadanlığı quraşdırılması üçün o, maşını 4 gün müddətinə şirkətə verməlidir. O razılaşdı. Abbasəli müəllim onu şirkətin ofisinə dəvət etdi. Müqaviləni ona imzalatdırdı və bildirdi ki, hər ayın 17-i tarixinə 175 AZN məbləğində 1 il müddətinə ödəniş etməlidir. Ödənişin kodunu da ona bildirdi. Onlar Abbasəli müəllimlə müqavilə bağlayan zaman ofisdə Cavabdeh və ondan savayı heç kim yox idi. Şirkətin vəd etdiyi 4 gün keçdikdən sonra 21.01.2019-cu il tarixdə avtomaşını götürmək üçün yenidən şirkətə gəldi. Ona əməkdaşlar bildirdilər ki, maşın hazırdır. O, maşını götürdü və evə gəldi. Səhəri gün nə qədər çalışsa da mühərriki işə sala bilmədi. Ona görə də yol maşını ilə rayona getdi və təqribən 11 iyul 2019-cu il tarixdə geri qayıtdı. Bu dəfə maşını işə salarkən hiss etdi ki, mühərrik fasilə ilə işləyir. O, bu barədə şirkətə məlumat verdi. Ona bildirildi ki, “narahat olma, bir müddətdən sonra problem özü-özünə aradan qalxacaq”. Ancaq deyilən kimi olmadı və o, təqribən 2019-cu ilin avqust ayının əvvəllərində şirkətə gəldi və şirkət tərəfindən maşınına quraşdırılmış qaz sistemi avadanlığını şəxsən şirkətin direktoru Abbasəli Ələkbərova təhvil verdi. Abbasəli müəllim qaz sistemi avadanlığını qəbul etdikdən sonra ona dedi ki, “gedə bilərsən”. O, qaz sistemi avadanlığını təhvil verdiyimdən təqribən 2020-ci ilin fevral ayının ortalarında onun tanımadığı və heç vaxt kontaktda olmadığı “xxxx” BOKT-dan onun yaşadığı ünvana məktub gəldi. O, zəng edib onlara belə bir təşkilatı tanımadığını bildirdi və məktubu təşkilata geri qaytardı. Bundan bir neçə ay sonra o, Binəqədi rayon məhkəməsinə çağırıldı. Bu zaman məlum oldu ki, tanımadığı “xxxx” BOKT QSC-i məhkəmədə pul tələbinə dair ona iddia irəli sürüb. Birinci instansiya məhkəməsində çıxışları zamanı ona qarşı irəli sürülən iddianın əsassızlığını sübut etsə də birinci instansiya məhkəməsi onun faktlara əsaslanan sübutlarını nəzərə almadan qətnamə çıxardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” BOKT QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, onların “xxxx” şirkəti ilə əməkdaşlıq etdiklərini, şikayətdə qeyd edilənlərə dair cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilmədiyini və işi uzatmaq məqsədi ilə şikayət verdiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh oğlunun iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421-425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462-467, 739, 741, 743, 744; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Qeyd edilməlidir ki, şikayətin dəlilləri üzrə cavabdeh avadanlığı qaytardığı təqdirdə təhvil-təslim aktı imzalamayaraq müqaviləni ləğv etməyə səy göstərmədiyindən, öz hərəkəti (hərəkətsizliyi) üzrə risk dairəsində (müqavilə öhdəlikləri həddində) mülki məsuliyyət daşımalıdır. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3073/2020 saylı işi üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar