Məhkəmə qərarları › İş №2(103)-4903/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4903/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4903/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-4903/23 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 20 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC (ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 249 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 22% olmaqla, 2400 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 124,51 ABŞ dolları ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən, borcalan Cavabdeh kredit müqaviləsinin təminatı kimi borcalanın mülkiyyətində olan 2003-cü il buraxılışlı “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nömrəli avtomobil 12000 ABŞ dolları məbləğində qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqaviləsinə 1 nömrəli əlavəyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli 249 saylı kredit müqaviləsinə əsasən verilmiş 2400 ABŞ dolları məbləğində kreditin qalıq 2349,33 ABŞ dolları əsas, 84,41 ABŞ dolları faiz məbləğinin ödəniş müddəti xx.xx.2015-ci il tarixli 249 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixindən uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə 2343,18 ABŞ dolları əsas, 1637,17 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 290,07 ABŞ dolları olmaqla, cəmi 4270,42 ABŞ dolları borc borcu vardır.

2. Problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh İddiaçı ASC-dəki (ləğv prosesindədir) borcu restruktruziya edilmiş, cavabdehə 3197,40 manat məbləğində əsas kompensasiya hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2343,18 ABŞ dolları əsas, 1637,17 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 290,07 ABŞ dolları olmaqla, cəmi 4270,42 ABŞ dolları borcun və 93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borcun məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün tələb olunan məbləğdə borcu yaranmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-745/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin olunaraq, cavabdehdən 2343,18 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc və 93 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-745/2023 saylı, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin edilərək cavabdehdən tutulmalı olan 2343,18 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc və 93 manat dövlət rüsumunun ipoteka predmeti olan “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, avtomobilin satışından əldə olunan vəsait borc məbləğindən artıq olduqda artıq qalan hissənin cavabdehə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, iddiaçının əsas borcun ödənilməsini tələb etməkdə haqlı olduğu qənaətinə gəlmiş, iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassız hesab etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739-cu maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti və ona dəqiqləşdirmə ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 249 nömrəli kredit müqaviləsi restrukturizasiya olunması üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın “restrukturizasiya olunması təklif olunan kreditlər” siyahısına düşməmişdir. Lakin, məhkəmə kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşmədiyini nəzərə almamışdır. Nəticədə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunan kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmədiyi halda kredit müqaviləsinin şərtlərinə uyğun olaraq tələb olunan faiz və cərimə borclarının məhkəmələr tərəfindən silinməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faktiki olaraq yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın faiz və cərimə borcunun tutulmaması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehdən faiz və cərimə borcunun tutulmaması barədə düzgün nəticəyə gəlmişdir.

20. Problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh İddiaçı ASC-dəki (ləğv prosesindədir) borcu restruktruziya edilmiş, cavabdehə 3197,40 manat məbləğində əsas kompensasiya hesablanmışdır.

21. Tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı Bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir.

22. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanunvericiliyin normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə (faiz və cərimə borcunun tutulması hissəsində) iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı ASC-nin (ləğv prosesindədir) apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar