Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4904/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il il tarixli, 2(004)- 648/2013 nömrəli qərardadından Cavabdeh3 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2013-cü tarixli, 2(004)- 648/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
3. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini və qətnamədən verilmiş şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü tarixli, 2(004)- 648/2013 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2013cü tarixli, 2(004)-648/2013 nömrəli qətnaməsindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməmişdir.
5. Həmin qərardaddan Cavabdeh3 şikayət vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(103)-3251/2024 nömrəli qərardadına əsasən şikayət əmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 aprel 2024-cü tarixli, 2(004)-648/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2013-cü tarixli, 2(004)-648/2013 nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə birlikdə təkrar Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə Cavabdeh3 yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanına rəsmi qaydada çatdırılmadığını üzürlü səbəb kimi nəzərə alaraq (elektron kabinetə gələn məlumat barədə telefonuna heç bir məlumat gəlməyib və yalnız icradan 10 iyul 2023-cü il tarixdə xəbər aldıqda məlumatlı olub) apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpa edilməsi təmin edilsin
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il il tarixli, 2(004)- 648/2013 nömrəli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır.
10. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən təqdim edilmiş qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə artıq münasibət bildirildiyindən və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan eyni məzmunlu ərizəyə təkrar baxıla bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Cavabdeh3 tərəfindən təqdim edilmiş şikayətdə digər nöqsanlar da mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada verilməlidir. Şikayət ərizəsinə əsasən müəyyən olunur ki, apellyasiya şikayətində forma tələblərinə əməl olunmamış, apellyasiya şikayəti üzrə müəyyən edilmiş Formaya dair müvafiq elementlər qeyd edilməmişdir. Nəticə etibarilə, mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1.3. cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7.ci maddəsin əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Lakin iş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh tərəfindən MPM-nin 10-1.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və 03 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə poçt vasitəsi ilə verilmişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(103)- 3251/2024 nömrəli qərardadı ilə yekun hüquqi qiymət verilmişdir. Hal-hazırda isə həmin xüsusatlar üzrə yeni halların ortaya çıxması müəyyən edilmir. Məsələyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan eyni xüsusatın yenidən mübahisələndirilməsi istisna olunur. 11 Həmin qərardaddan Cavabdeh3 şikayət vermişdir.
12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun apellyasiya şikayəti hüququnu əsassız və qanunsuz olaraq məhdudlaşdırır. Bir məsələki iş materiallarında qətanamənin ona rəsmi qaydada çatdırılmasını təsdiq edən heç bir sübut və ya dəlil mövcud deyil lakin bütün bunlara baxmayaraq məhkəmə əsassız və qanunsuz olaraq işi apellyasiya icraatına qəbul etmir. Məhkəmə əsas mübahisə predmetini qoyub əsassız olaraq işin apellyasiya baxışını əngəlləməyə çalışır. Məhkəmə ümumiyyətlə aydınlaşdırmır ki, iş materiallarında müvafiq qətnamənin ona çatdırılması barədə hər hansı qəbz və ya poçt bildirişi var və ya yoxdur. Məhkəmə sübut edə bilməyib ki, qətnamə ona rəsmi qaydada təqdim edilib. Çünki buna dair iş materiallarında heç bir dəlil və sənəd mövcud deyil. Lakin buna baxmayaraq onun apellyasiya şikayəti hüququnu əngəlləyir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2024-cü il il tarixli, 2(004)- 648/2013 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh3 tərəfindən təqdim edilmiş qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə artıq münasibət bildirildiyindən və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan eyni məzmunlu ərizəyə təkrar baxıla bilməz.
17. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıran məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada verilməli olduğu halda, bu tələblərə də riayət olunmamış, MPM-nin 10-1.3-cü maddəsinin tələblərinə zidd olaraq 03 iyul 2024-cü il tarixdə apellyasiya şikayəti məhkəməyə poçt vasitəsi ilə verilmişdir.
18. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(103)-3251/2024 nömrəli qərardadı ilə yekun hüquqi qiymət verilmişdir, yenidən verilmiş şikayətdə həmin xüsusatlar üzrə yeni halların mövcudluğu müəyyən edilmir, buna görə də məsələyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan eyni xüsusatın yenidən mübahisələndirilməsi istisna olunur.
19. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
20. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il il tarixli, 2(004)-648/2013 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il il tarixli, 2(004)- 648/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev