Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4907/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(008)-223/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, 2020-ci ilin yanvar ayından etibarən aylıq ödəncinin 426,8 AZN artırılması şərti ilə və 2010-ci ilin yanvar ayından 01.10.2020-ci il tarixinədək olan zaman kəsiyində yaranmış 107757,38 AZN məbləğin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 01.12.2020-ci il tarixindən etibarən aylıq ödəncinin 320,2 AZN artırılması şərti ilə 2010-cu ilin yanvar ayından 01.03.2021-ci il tarixinədək olan zaman kəsiyində yaranmış borcun əmsallaşdırılıb indeksləşdirilərək hesablanmış 93846,52 AZN məbləğin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1095/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 01.12.2020-ci il tarixdən aylıq ödəncinin 320.2 AZN artırılması şərti ilə 2010-cu ilin yanvar ayından 01.03.2021-ci il tarixədək olan zaman kəsiyində yaranmış borcun əmsallaşdırılıb indeksləşdirilərək, hesablanmış 93846.52 AZN məbləğin cavabdeh "xxxx" ASC-dən alınaraq, iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək zədəsi aldığı mexanik ştatı cavabdeh müəssisədə 01.01.2010-cu il tarixdən ləğv olumuşdur. Bu fakt cavabdeh tərəfindən məhkəmə iclasında etiraf olunmuş və məhkəmə protokolunda öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli №3 qərarının...Qaydaların 3.5-ci maddəsinin sonuncu abzasına əsasən “mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır”. Göründüyü kimi mexanik vəzifəsi cavabdeh müəssisədə ləğv olunduğundan iddiaçıya ödəniləcək aylıq ödənc məbləği hesablanarkən "xxxx" ASC-də müvafiq peşə üzrə orta əmək haqqı əsas götürülərək hesablanmalıdır. Buna baxmayaraq cavabdeh müəssisə ölkə üzrə minimum əmək haqqını əsas götürmüş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Daha sonra məhkəmə qətnaməsində göstərilir ki, “həmin orta aylıq əmək haqqının hesablamasında nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2000-ci il tarixli 126 saylı qərarına uyğun olaraq müəyyən edilir”. Lakin məhkəmə nəzərə almamışdır ki, Nazirlər Kabinetinin bu qərarı iddia predmetinə tətbiq edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 126 saylı qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısına” nəzər saldıqda müəyyən olunur ki, nəzərə alınan ödənclər sırasında əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinatlar daxildir, yəni konkret zaman kəsiyi üçün müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə verilən ödənclərdən bəhs edilir. İddiaçıya isə əlillik müddətsiz (ömürlük) təyin edilmişdir. Bunu da iş materiallarına əlavə edilmiş TSEK-in tibbi rəyi təsdiq edir. İddiaçı 29 ildir əlildir və onun əlilliyinin məhkəmənin tətbiq etdiyi siyahı ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, məhkəmə tərəfindən iddia rədd edilərkən tətbiq etdiyi Nazirlər Kabinetinin bu qərarı tətbiq edilməməli, edilməsi isə MPM-nin 385.1.1-ci maddəsinin pozulması anlamına gəlir, çünki MPM-nin 386-cı maddəsinə əsasən maddi normaların düzgün tətbiq edilməməsi həm də o deməkdir ki, məhkəmə hüququn tətbiqində səhv buraxmışdır, tətbiq edilməli olan normativ aktı tətbiq etmək əvəzinə işin hallarına uyğun olmayan normativ aktı tətbiq etmiş və bununla da qətnamənin ləğvi üçün əsas yaranmışdır. Daha sonra məhkəmə öz qətnaməsində “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarının 2.1-ci bəndini, 1.2-ci bəndini, 1.3-cü bəndini sadalamaqla nəticəyə gəlir ki, aylıq ödənişlərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin məhz həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir, lakin zavodda heç bir kütləvi artım baş verməmişdir, belə olan halda isə iddiaçının qeyd olunan məktuba istinad etməsi əsassızdır. Lakin məhkəmə bu normanı tətbiq edərkən sanki konkret bu işin hallarını deyil, hansısa başqa oxşar işin hallarını nəzərə almışdır. Belə ki, qeyd olunan Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinin iddiaçının işinə heç bir aidiyyəti yoxdur, çünki burada yeni baş vermiş hadisələrdən bəhs edilir. İddiaçı isə 1992-ci ildən xəsarətə görə əmək əlilidir və cavabdeh müəssisədə 2010-cu ilin yanvar ayında iddiaçının bu müəssisədə əvvəl tutduğu mexanik vəzifəsi ləğv edilmişdir. Belə olan halda Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş Qaydaların 3.5-ci bəndinin sonuncu abzası tətbiq olunmalıdır. Bundan başqa məhkəmə qətnaməsinin 4-cü səhifəsinin 5-ci abzasında yazılır ki, “Rəsmi Statistika haqqında” Qanunun tələblərinə əsasən vətəndaşların məlumatlar bankında özlərinə aid olan məlumatları almaq hüququ vardır. Lakin iddiaçı özünə və işlədiyi müəssisəyə dair deyil, məhz ümümrespublika göstəricillərinə dair məlumat əldə etmiş və ona istinad edərək əsassız iddia tələbi irəli sürmüşdü”. Halbuki iddiaçının məhkəməyə təqdim etdiyi Dövlət Statistika Komitəsinin 06/1-3 nömrəli 14 yanvar 2021-ci il tarixli məktubunda açıq aydın bildirilir ki, "xxxx" ASCnin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqları məsələn 2020-ci ilin noyabr ayı üçün 640 manat təşkil edirdi. Məktubda göstərilir ki, cavabdeh müəssisə məhz bu kateqoriyaya aiddir. İddiaçı tərəfindən məhkəməyə məhz bu sübutun təqdim olunması ondan irəli gəlmişdir ki, iddiaçının müraciətlərinə cavabdeh müəssisə heç bir məhəl qoymurdu və iddiaçı bu məlumatı müəssisənin özündən ala bilmirdi. İddiaçının vəzifəsi ləğv olunduğundan Statistika Komitəsi yalnız bu vəzifəyə oxşar vəzifələrin statistik məlumatların təqdim edə bilir. Bundan başqa məhkəmədə cavabdehin nümayəndəsi müvafiq ştatın (vəzifənin) ləğvini təsdiq etdikdə iddiaçı hal hazırda müəssisədə onun əvvəllər tutduğu vəzifəyə uyğun hansı vəzifənin olması və müvafiq əmək haqqı barədə məlumatın cavabdehdən tələb olunması barədə şifahi vəsatət qaldırsa da, məhkəmə buna diqqət yetirməmiş, vəsatət nəinki təmin olunmamış, ümumiyyətlə müzakirə olunmamış və məhkəmə protokoluna salınmamışdr. Beləliklə, məhkəmə təqdim olunmuş sübuta düzgün qiymət verməmiş və eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən sübutun əldə olunması məqsədi ilə iddiaçının şifahi vəsatətinə münasibət bildirməmişdir. Əgər birinci instansiya məhkəməsi vəsatəti müzakirə edərək təmin etsəydi və sübutu tələb etsəydi, həmin yeni sübuta əsasən başqa bir nəticəyə gələ bilərdi, bu da o deməkdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətliolan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə qətnaməsinin 4-cü səhifəsinin sonuncu abzasında yazılanlar da işin məhkəmə tərəfindən araşdırılmamasının təzahürüdür. Belə ki, cavabdeh tərəfindən icra vərəqinə əsasən ödənilən məbləğ 2010-cu ildə ləğv olunmuş “Səttərxan adma maşınqayırma zavodunun” borcu idi ki, həmin borcu zavodun hüquqi varisi kimi Bakı Neft Maşınqayırma Zavodu ödəmişdir. Bu borc köhnə müddət üçün nəzərdə tutulmuşdur, yəni 2010-cu ilə qədər “istehsalatda əmək xəsarətinə görə və peşə xəstəliyi ilə əlaqədar ödənclər üzrə yaranmış artım fərqlərinin əmsallaşdırılıb ödənilməsi” tələbinə dair iddianın təmin olunması nəticəsində məhkəmə qərarı ilə təsdiq olunmuş Səttərxan zavodunun iddiaçıya olan borcu idi və 2010-cu ildən sonrakı müddətə heç bir aidiyyəti yoxdur (Cavabdehin 06 aprel 2010-cu il tarixli SU-10/154 saylı iddia ərizəsinə etiraz ərizəsinin surəti əlavə olunur). Məhkəmə isə bu ödənişi 2010-cu ildən 2019-cu ilə kimi olan müddətə hesablamış və iddiaçının tələbini əsassız saymışdır. Məhkəmənin yol verdiyi növbəti qanun pozuntusu qətnaməni çıxararkən Mülki Məcəllənin 1116.3-cü maddəsinin tətbiqi ilə bağlıdır. Belə ki, həmin maddə Mülki Məcəllədən çıxarılmışdır, buna baxmayaraq məhkəmə həmin maddəyə istinad edir və bununla da bir daha MPM-nin 385.1.1-ci maddəsininin tələblərini pozur və deməli bir daha qətnamənin ləğvinə əsas yaradır. Birinci instansiya məhkəməsi bir-sıra prosessual pozuntulara da yol vermişdir ki, bu pozuntular nəticədə işin həllinə təsir edəcək mühüm əhəmiyyətli hallar araşdırılmamasma gətirib çıxarmışdı. Belə ki, MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddiaçının bu hüquqlarından sərbəst istifadə etməsinə imkan yaratmamış, bununla da qanunvericiliyin əsas prinsiplərini kobud surətdə pozmuş, konkret olaraq MPM-nin 8-ci və 9-cu maddələrinin tələblərinə zidd şəkildə prosesi aparmış və açıq aşkar ayrıseçkiliyə yol vermişdir. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalı, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflərin çəkişmə prinsipinə əsasən təqdim etdikləri dəlilləri yoxlamalı, bu dəlillərin hər hansı mötəbər sübutla təsdiq olunmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmənin qərarı qanuna və sübutlara əsaslanmalıdır, MPM-in 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisələndirilən qətnamə çıxarılarkən isə məhkəmə cavabdehin mülahizələrinə əsaslanmış və qanundan çıxarılan maddələrə və yaxud işin hallarına uyğun olmayan normativ hüquqi aktlara istinad etmişdi. Təkcə onu qeyd etmək kifayətdir ki, cavabdehin etirafına baxmayaraq, iddiaçının əlavə sübutun tələb edilməsi ilə bağlı vəsatətinə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş və bununla əhəmiyyətli və işin nəticəsinə təsir edən prosessual pozuntuya yol verilmişdir. Son nəticədə isə düzgün olmayan qətnamə qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(008)-1095/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(008)-223/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(008)-223/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2010-cu il tarixli, 2(008)-1180/2010 saylı icra vərəqəsindən görünür ki, 1.228 manat yaranmış borc, 2010-cu ilin aprel-may ayları üçün 304 manat məbləğində ödənc pulu, cəmi 1.532 manat məbləğində pul vəsaiti "xxxx" TASC-dən alınaraq, İddiaçı verilmişdir. İş materiallarında olan məhkəmənin 19.11.2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 01 dekabr 2020-ci il tarixli, 06/1-61 nömrəli cavab cavab məktubundan görünür ki, “Rəsmi statistika haqqında” AR Qanunun 16-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirrdir. Hüquqi və ya fiziki şəxslərin razılığı olmadan onlar haqqında məlumatların açıqlanması statistik sirr təşkil edən məlumatların açıqlanması, yaxud yayılması hesab olunur. Bu səbəbdən sorğunuzda qeyd edilmiş "xxxx" ASC-nin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin 2010-2019cu illərdə və 2020-ci ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əmək haqqına dair məlumatlar təqdim edilmişdir: 2010-cu il 227,4 manat; 2011-ci il 273,0 manat; 2012-ci il 326,2 manat; 2013-cü il 345,7 manat; 2014-cü il 366,8 manat; 2015-ci il 367,3 manat; 2016-cı il 373,5 manat; 2017-ci il 403,0 manat; 2018-ci il 412,0 manat; 2019-cu il 497,7 manat və 2020-ci ilin yanvar-sentyabr ayları 538,7 manat. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2021-ci il tarixli, 06/1-3 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin də aid olduğu “Maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2020-ci ilin sentyabr ayı üzrə 544,3 manat, oktyabr ayı üzrə 559,5 manat və noyabr ayı üzrə 640,4 manatdır. İş materiallarında olan AR ƏƏSMN tabeliyində olan DSMF-nin 05 dekabr 2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, "xxxx" ASC ilə əlaqədar müraciətə əlavə edilmiş əmək haqqı fondu və faktiki işçi sayına dair cədvəli nazirliyin “X1 Sistemi”ndən əldə edilən məlumatlara əsasən 1 yanvar 2010-cu il tarixdən 1 oktyabr 2018ci il tarixədək olan dövr üçün aidiyyatı üzrə doldurularaq təqdim edilmişdir. İş materiallarında olan məhkəmənin 19.11.2020-ci il tarixli sorğusuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 noyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, illik əmək haqqı fondunun məbləği və işçilərin sayı barədə məlumatlar 2010-2019-cu illər üzrə illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2020-ci il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən cədvəl formasında təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentiyinin 02 noyabr 2020-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, aparılan araşdırma çərçivəsində 44 nəfər Agentlikdə əyani müayinə olunmuş, hazırki vəziyyətlərini əks etdirən tibbi sənədlər araşdırılmış və müvafiq əlillik dərəcələri müəyyənləşdirilmişdir: İddiaçı müayinədən əvvəl əlillik dərəcəsi: 80%; müayinədən sonra əlillik dərəcəsi 50% olmuşdur. Müayinə tarixi 10.08.2020-ci il tarixdə aparılmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı 27.10.1990-cı il tarixində “İstehsalatda bədbəxt hadisə haqqında” tərtib olunmuş 7 saylı akta əsasən 27.10.1990-cu il tarixində saat 10 radələrində “körpülü kran”ın pilləkənlərinin altından keçərkən zədə almışdır. Həmin aktın 11/2 bəndində səbəb kimi göstərilmişdir ki, zədə alan bu sahədən keçməli deyildir. Habelə həmin aktın 13-cü bölməsində hadisəyə səbəb kimi, İddiaçı texniki təhlükəsizlik tələblərinə əməl etməməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rəyinə əsasən İddiaçı əmək qabiliyyətinin 80% (İİ qrup) itirilməsi müəyyən olunmuşdur. Zavodda işləmiş vətəndaşların əmək zədəsi səbəbindən əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qərar qəbul edilmiş, bu işin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə tapşırılmışdır. İddiaçı da əlillik dərəcəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 10.08.2020-ci il tarixində yenidən qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏƏSMNT Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış müayinə zamanı İddiaçı əmək qabiliyyətinin 80%-dən (İİ) 50%-ə (İİİ) qalxdığı müəyyən edilmişdir. İddiaçı zavod tərəfindən 01.01.2010- 30.08.2019-cu illər üzrə xəsarət ödəncinə görə hər ay 152 manat olmaqla zavod tərəfindən ödəniş həyata keçirilmişdir. 01.09.2019-31.12.2019 ayları üzrə isə ödənc məbləği (Zavod özəlləşdirmə ərəfəsində olduğu üçün Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanına əsasən) DOST Mərkəzi təfindən ödəniş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçı tələb etdiyi xəsarət pulunun məbləğini əsassız olaraq Azərbaycan Respublikası Statistika Komitəsinin sorğuya cavab məktubundakı göstəricilər əsasında hesablamışdır. İddiaçı yanlış olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Statistika Komitəsinin sorğuya verilən cavab məktublarında qeyd edilən ümumrespublika statistik göstəriciləri xəsarət pulunun artırılması üçün əsasdır. Əvvəla, Azərbaycan Respublikası Statistika Komitəsinin məktubunda öz əksini tapan göstəricilər ümumrespublika səviyyəsində müəyyən edilmiş sənaye maşın və avadanlıqların quraşdırılması sahəsində işləyən işçilərin orta aylıq əmək haqqlarına dair məlumatdır. Statistika Komitəsində illik hesabat tərtib edilərkən, nəinki "xxxx" ASC-də işçilərin əmək haqqısı ilə bağlı məlumatlar, həmçinin ölkə ərazisində olan bütün eynitipli müəssisə və zavodlarda işçilərin orta əmək haqqısı ilə bağlı məlumatlar toplanır və orta əmək haqqının ümumi göstəriciləri tərtib edilir. İddiaçı məhz "xxxx" ASC-də konkret mexanik vəzifəsini icra edərkən xəsarət almış, məhz həmin vəzifəyə görə ona xəsarət pulu təyin edilmişdir. Odur ki, iddiaçıya Statistika Komitəsinin məktubundakı ümumi göstəricilərə görə xəsarət pulu hesablana bilməz. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzasının peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, xəsarət pulunun məbləğinin müəyyən edilməsi qaydası AR Nazirlər Kabinetinin 3 saylı 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydalarının 3.5-ci bəndinə əsasən təyin edilmişdir. Həmin Qaydaların 3.5-ci bədinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə vəzifə üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud qruplara, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qeyd edilən Qaydaların 3.5-ci bəndinə istinad etsə də, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin normanın axırıncı bəndinin tələblərini nəzərə almamışdır. Cavabdehin məhkəməyə ünvanladığı məktublardan, həmçinin cavabdehin nümayəndəsinin izahatlarından müəyyən edilir ki, iddiaçının mexanik vəzifəsi cavabdeh müəssisədə ləğv edilmiş və müəssisədə mexanik vəzifəsinə uyğun vəzifə olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, mexanik vəzifəsi cavabdeh müəssisədə ləğv olunduğundan, iddiaçıya ödəniləcək aylıq ödəncin məbləği hesablanaraq "xxxx" ASC-də müvafiq peşə üzrə orta əmək haqqı əsas götürülərək hesablanmalı idi. Lakin cavabdeh yuxarıda qeyd edilən Qaydaların tələbinə uyğun müavinətin məbləğini hesablamamış və iddiaçı da bu səbəbdən məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin qaydaların tələblərini nəzərə almadan cavabdeh müəssisədə mexanik vəzifəsinin olmaması, müəssisədə əmək haqqında hər hansı bir artım olmamasına əsaslanaraq, iddianı rədd etmişdir. Kollegiya ilk növbədə cavabdehin müəssisədə mexanik vəzifəsinin ləğv edildiyi və mexanik vəzifəsinə uyğun vəzifə olmadığı, 2010-cu ildən hazırki vaxta kimi müəssisədə əmək haqqında hər hansı bir artımın olmaması barədə dəlillərinə qiymət verərək, həmin dəlilləri inandırıcı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçının müraciətinə verdiyi cavab məktublarında, həmçinin birinci instansiya məhkəməsinə və apelyasiya iinstansiyası məhkəməsinə təqdim etdiyi məktublarda, habelə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdikləri izahatlarda müəssisədə mexanik vəzifəsinin ləğv edildiyini və həmin vəzifəyə uyğun müəssisədə vəzifə olmadığını, müəssisədə iddiaçının tələb etdiyi müddət ərzində əmək haqqında hər hansı bir artım olmadığını bildirsə də, apelyasiya instansiyası məhkəməsinin 22 iyun 2021-ci il tarixli sənədlərin götürülməsi barədə qərardadına cavab olaraq verdiyi 02 avqust 2021-ci il tarixli SM-10177 saylı məktubunda müəssisədə mühəndis-mexanik, mühəndis texnoloq, mühəndis kimi vəzifələrin mövcud olduğunu və həmin vəzifələr üzrə illik orta əmək həqqının məbləğini göstərmişdir. Həmin məktubla müəyyən edilir ki, 2010cu ildən qeyd edilən vəzifələr üzrə orta əmək haqqında müxtəlif vaxtlarda artmalar və azalmalar olmuşdur. Kollegiya qeyd edilənlərə qiymət verərək hesab edir ki, iddiaçının işlədiyi mexanik vəzifəsi mühəndis vəzifəsinə uyğun vəzifə olsa da, cavabdehin iddiaçının peşəsinə uyğun vəzifə olmaması barədə dəlilləri əsassız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən məktubda qeyd edilən peşələr üzrə orta əmək haqqı barədə göstərdiyi məlumatlar da inandırıcı hesab edilmir. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apelyasiya məhkəməsinin sorğusuna verdiyi 16 iyul 2021-ci il tarixli 06/1-127 saylı cavab məktubunda "xxxx" ASC-nin də aid olduğu “maşın və avadanlıqların istehsalı” sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair məlumatla müəyyən edilir ki, 2010-cu ildən 2021-ci ilin müvafiq dövründə orta aylıq nominal əməkhaqlarında hər il artımlar olmuşdur. Nəzərə alınmalıdır ki, Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlar Rəsmi Statistika haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən komitəyə təqdim edilmiş rəsmi məlumatlar (o cümlədən cavabdehin təqdim etdiyi) əsasında hazırlanır. Beləliklə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar mötəbər hesab olunmaqla sübut kimi qəbul edilməli və iddiaçının iddia tələbi üzrə ziyan hesablanmaqla həmin məlumatlar əsasında hesablanıb ödənilməmiş fərq qətnamənin çıxarıldığı 2021-ci ilin avqust ayının birinə kimi olan dövr üçün cavabdehdən tutulub iddiaçıya öədnilməlidir. Kollegiya həmçinin qeyd edir ki, artımın hesablanması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 16 iyul 2021-ci il tarixli 06/1-127 saylı arayışa uyğun olaraq “Maşın və avadanlıqların istehsalı” sahəsində orta aylıq nominal əmək haqqı 2010-cu il üçün 227,4 manat, 2011-ci il üçün 273,0 manat, 2012-ci il üçün 326,2 manat, 2013-cü il üçün 345,7 manat, 2014-cü il üçün 366,8 manat, 2015-ci il üçün 367,3 manat, 2016-cı il üçün 373,5 manat, 2017-ci il üçün 403,0 manat, 2018-ci il üçün 412,2 manat, 2019-cu il üçün 497,7 manat, 2020-ci il üçün 551,1 manat, 2021-ci ilin avqust ayının 01-nə kimi olan dövr üçün 621,5 manat nəzərə alınmaqla, artımın məbləği və həmin məbləğə görə ödənilməli olan məbləğ aşağıdakı kimi müəyyən edilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ödənilməmiş məbləğ hesablanarkən onun əlillik dərəcəsi nəzərə alınıb 2020-ci ilin avqust ayına kimi 80%, 2020-ci ilin avqust ayından sonra isə 50% olmaqla hesablanmalıdır. Odur ki, 2010-cu il üzrə 227,4 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=181,92x12ay=2183,04 manat. Həmin ildə ödənilmiş məbləğ 80%-lə 1824 manat, fərq 359,04 manat. Ödənilməli məbləğ 359,04 manat. 2011-ci il üzrə 273 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=218,4x12ay=22620,8 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 796,8 manat. Ödənilməli məbləğ 796,8 manat. 2012-ci il üzrə 326,2 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=260,96x12ay=3131,52 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 1307,52 manat. Ödənilməli məbləğ 1307,52 manat. 2013-cü il üzrə 345,7 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=276,56x12ay=3318,72 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 1494,72 manat. Ödənilməli məbləğ 1494,72 manat. 2014-cü il üzrə 366,8 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=293,44x12ay=3521,88 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 1697,28 manat. Ödənilməli məbləğ 1697,28 manat. 2015-ci il üzrə 367,3 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=293,84x12ay=3526,08 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 1702,08 manat. Ödənilməli məbləğ 1702,08 manat. 2016-cı il üzrə 373,5 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=298,8x12ay=3585,6 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 1761,6 manat. Ödənilməli məbləğ 1761,6 manat. 2017-ci il üzrə 403,0 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=322,4x12ay=3868,8 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 2044,8 manat. Ödənilməli məbləğ 2044,8 manat. 2018-ci il üzrə 412,2 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=329,76x12ay=3957,12 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 2133,12 manat. Ödənilməli məbləğ 2133,12 manat. 2019-cu il üzrə 497,7 manat (orta aylıq əmək haqqı)x80%(əmək qabiliyyətinin itirilməsi faizi)=398,16x12ay=4777,92 manat. Həmin ildə ödənilmiş məbləğ 152x12ay=1824 manat, fərq 2953,92 manat. Ödənilməli məbləğ 2953,92 manat. 2020-ci il üzrə 551,1 manat (orta aylıq əmək haqqı)x2020-ci ilin avqust ayına kimi 80%(əmək qabiliyyətinin itirilməsi faizi)=440,88x7ay=3086,46 manat. 2020-ci ilin avqust ayından əlillik dərəcəsi 50% müəyyən edildiyindən 551,1x50%=275,55x5ay=1377,75 manat. Cəmi ödənilməli olan məbləğ 4463,91 manat 7 aya ödənilmiş məbləğ 1400 (7 ay 80%) manat və 625 (5 ay 50%) manat. Fərq 2438,91 manat. Ödənilməli məbləğ 2438,91 manat. 2021-ci il üzrə avqust ayının birinə qədər 621,5 manat (orta aylıq əmək haqqı)x50%(əmək qabiliyyətinin itirilməsi faizi)=310,75x7ay=2175,25 manat. Ödənilmiş məbləğ 875 manat, fərq 1300,25 manat. Ödənilməli məbləğ 1300,25 manat. Cəmi 359,04 + 796,8 + 1307,52 + 1494,72 + 1697,28 + 1702,08 + 1761,6 + 2044,8 + 2133 + 2953,92 + 4463,91 + 1300,75 = 19990,04 manat 2010-cu il tarixdən 01.08.2021ci il tarixinə kimi olan dövrə ödənilməmiş artıma görə birdəfəlik, 01.08.2021-ci il tarixdən başlayaraq hər ay 310,75 manat aylıq ödənc "xxxx" ASC-dən alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin cavabdeh təşkilatda orta illik əmək haqqının səviyyəsində hər hansı artım baş verdikdə aylıq ödəncin dərhal artırılması barədə cavabdeh "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulmalıdır. Kollegiya iddia tələbinin hər il üzrə inflyasiya faizlərinin nəzərə alınması ilə ödəniləcək ödənc məbləğinin indeksləşdirilməsi tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Çünki, məhkəmə kollegiyası orta əmək haqqının hər il üzrə artım səviyyəsini nəzərə aldığından, iddia tələbinin həmin hissəsinin təmin olunmasına əsas görmür. Şəhr olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2010-2021-ci illər üçün ödənilməyən ödəncin məbləği 19990,04 manat müəyyən edilməli, həmin məbləğ birdəfəlik, 01.08.2021-ci il tarixdən ödəncin məbləği 310,75 manat müəyyən edilərək, hər ay cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə istehsalatda xəsarət alması səbəbilə 01.01.2010-cu il tarixdən 01.08.2021-ci il tarixə kimi olan dövrdə ödənilməmiş artımın məbləğinə görə 19990,04 manat birdəfəlik və 01.08.2021-ci il tarixdən başlayaraq hər ay 310,75 manat aylıq ödənc tutulsun. "xxxx" ASC-də orta illik əmək haqqının səviyyəsində hər hansı artım baş verdikdə aylıq ödənc həmin artıma uyğun hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4907/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4907/2021
17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver