Məhkəmə qərarları › İş №2(103)-4907/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4907/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4907/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 19 noyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 8.500 manat məbləğində pul borc verir, borcalan isə krediti 19 fevral 2021-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Hazırda cavabdeh borcun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8500 manat məbləğində pul vəsaitinin, həmin məbləğin 5% məbləğində, yəni 425 manat məbləğində vəsaitin üç il müddətində toplam 1275 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci il dekabr ayında sosial şəbəkə vasitəsi ilə ev elanlarına baxarkən tanış olmuş və onunla görüş zamanı ona kredit şərtləri ilə mənzil almaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, Cavabdeh ilə görüşərək ilkin olaraq 1000 manat məbləğində və daha sonra isə xx.xx.2020ci il tarixində Bakı şəhəri Nəsimi rayonu 43 saylı notariat ofisində aralarında borc müqaviləsi imzalayaraq 8500 manat məbləğində pul vermişdir. Lakin 2020-ci il dekabr ayında hazırki vaxtadək Cavabdeh heç bir iş görməmiş və müxtəlif bəhanələr gətirərək, onun pulunu geri qaytarmamışdır. Buna görə də, o, bu müddətdə göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı, 15 may 2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 8.500 (səkkiz min beş yüz) manat əsas borc, 1275 (min iki yüz yetmiş beş) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat pul vəsaitinin və iddiaçı tərəfindən ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim X2)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, cavabdeh iddiaçıdan 8.500 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 8.500 manat borcunu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin, iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı 19 noyabr 2020-ci il tarixdə cavabdehə 8.500 manat məbləğində pulu 19 fevral 2021-ci il tarixdə qaytarılması şərtilə verdiyindən borc öhdəliyinin icra müddəti 19 fevral 2021-ci il tarixdə bitmişdir. Belə olan halda, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 1275 manat məbləğində gecikdirilmiş faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217-cü, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin bağlanmasına əsas iddiaçının “Zamin Əmlak ” Daşınmaz Əmlak Agentliyi vasitəsi ilə ev almaq üçün həmin agentliyin filal müdri Orxan adlı şəxslə aralarında olan şifahi razılaşmaya əsasən olmuşdur. Tərəflər arasında razılığa gəlindikdən sonra iddiaçı əldə etmək istədiyi mənzilə görə Orxan adlı şəxsə ilkin ödəniş etmək qərarına gəlmişdir. Ödənişi isə kredit müqaviləsi əsasında verəcəyini bildirmişdir. Məlumat üçün bildirim ki həmin vaxt o da sözügedən agentlikdə işləyirmiş. Bundan sonra tərəflər arasında əldə edilmiş razılığa əsasən ev alınması üçün ödəniləcək ilkin ödəniş kredit müqaviləsi əsasında onunla iddiaçı arasında bağlanmışdır. Müqavilə bağlandıqdan pul məbləği iddiaçının məlumatı olmaq şərti ilə “Zamin Əmlak” şirkətinə ödənilmişdir. Uzun müddədə iddiaçı həmin məbləği “Zamin Əmlak ” şirkətindən şifahi olaraq tələb etmişdir. Qeyd olunanlı nəzərə alaraq hesab edir ki, hazır ki, iş üzrə işin mahiyyəti birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadığndan qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

13. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 8.6-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan,qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız faiz məbləğininin tutulması hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiq etməklə faiz məbləğinin tutulması barədə səhv nəticəyə gələrək, faiz məbləğinin hesablanması ilə bağlı müddəti düzgün hesablama aparmamışdır. Bu səbəbdən gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması ilə bağlı qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Borc məbləğinin tutulması hissəsində isə məhkəmənin iş ürə gəldiyi nəticə qani və əsaslıdır.

23. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 19 noyabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 8.500 manat məbləğində pul borc verir, borcalan isə krediti 19 fevral 2021-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh iddiaçıdan 8.500 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır.

24. Tərəflər öz aralarında borc məbləğinin 19 fevral 2021-ci il tarixdə qaytarılmasını razılaşdırsalar da, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.

25. Məhkəmə kollegiyası borc məbləğinin 8.500 manat təşkil etdiyini, bu məbləğin 19 fevral 2021-ci il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırki iddianın xx.xx.2023-cü il tarixdə qaldırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2021-ci il - xx.xx.2023-cü tarixləri əhatə edən 24 aylıq müddət üzrə hesablanmalıdır. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği (8.500 x 5% / 100 % = 425 – 1 il üzrə, 425 x 24 ay / 12ay = 850) 850 manat təşkil edir.

26. Eyni zamanda apellyasiya şikayətinin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin bağlanmasına əsasın iddiaçının “Zamin Əmlak ” Daşınmaz Əmlak Agentliyi vasitəsi ilə ev almaq üçün həmin agentliyin filal müdri Orxan adlı şəxslə aralarında olan şifahi razılaşmaya əsasən olması barədə dəlilinə gəldikdə məhkəmə kollegiası hesab edir ki, həmin dəlil əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, işdən də göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən borcun qaytarılması barədə öhdəlik götürən şəxs cavabdeh olmuşdur. Apellyasiya şikaytində qeyd edilənlər əsasız olmaqla tərəflər arasında olan müqavilə üzrə cavabdehi öhdəliyin icrasından azad edə edə bilməz.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı, 15 may 2023cü il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün faizin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən 19 fevral 2021-ci il - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 850 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2023 saylı, 15 may 2023-cü il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün faizin tutulması hissəsində dəyişdirilərək Cavabdeh 19 fevral 2021-ci il - xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr üçün illik 5% dərəcəsi ilə hesablanmış 850 (səkkiz yüz əlli manat) manat məbləğində faiz borcu İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar