Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4908/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” X6 Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” X6 Səhmdar Cəmiyyətinin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsas kredit borcunun, faiz və cərimənin tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2.204,68 manat məbləğində əsas borc, 594,61 manat faiz, 51,32 manat məbləğində cərimə borcunun, cəmi 2.850,61 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 23.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 3.489 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” X6 Səhmdar Cəmiyyətinə qarşı “faiz və cərimənin silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, əsas borc 2.204 manatın hər ay 50 manat ödəniş etməyi üçün qrafik tərtib edib ona təqdim edilməsinin “xxxx” KB ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC-dən 23.01.2018-ci ildə 3.489 manat kredit götürmüş və götürdüyü krediti qısa vaxt ərzində ödəmişdir. Lakin 4 nəfər ailə üzvlərinin olması və ailədə tək o işlədiyi üçün 3 aya yaxındır ki, krediti ödəyə bilmir. Bu barədə banka yazılı və şifahi müraciət etmişdir ki, faizi dayandırsın, qalan məbləği də o az-az ödəsin, lakin bank müraciətini nəzərə almamışdır. 30.01.2019-cu il tarixdə o, məhkəməyə müraciət etmiş, Bakı şəhəri məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X4 məhkəməyə izahatında bildirmişdir ki, o, bankdan 3.489 manat kredit götürmüş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanına əsasən ona da şamil edildiyindən həmin məbləğ kreditdən çıxılmış və onun ümumilikdə ödənilməmiş 2.204 manat borcu qalmışdır, bu səbəbdən də məhkəmə iddia tələbini rədd etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, tərəflər arasında bağlanılmış 23.01.2018-ci il tarixli, 41nkAHM/18 saylı “Kredit və X5” üzrə əsas borca görə 2.204,68 (iki min iki yüz dörd manat, altmış səkkiz qəpik) manat, faiz borcuna görə 390,33 (üç yüz doxsan manat otuz üç manat) manat, cərimə bocruna görə 51,32 (əlli bir manat otuz iki qəpik) manat, ümumilikdə 2.646,33 (iki min altı yüz qırx altı manat otuz üç qəpik) manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx KB" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dəyəri olaraq 150 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuna müvafiq olaraq ödəniş etmədiyi üçün 3 ay müddətinə kreditor onu məhkəməyə verməli idi, lakin iddiaçı onu məhkəməyə verməyərək müddəti uzadaraq faiz məbləğini artırıb. Məhkəmə araşdırması zamanı bankın nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanı ona da şamil edildiyindən ümimilikdə banka ödənilməmiş 2.204 manat borcu qalmışdır, Lakin bu barədə banka müraciət etdikdə ki, 2.204 manat borc barədə qrafik tutub təqdim edin qrafikə uyğun ödəniş etsin, bunu bank nəzərə almadı, 2.204 manatdan əlavə kredit məbləği əlavə edilərək ödəməyi bildirildi. Ailə vəziyyəti çətindir, oğlu Vətən Müharibəsində iştirak edib, hazırda ağır ağciyər xəstəsidir, müalicəsini etdirə bilmir, buna baxmayaraq hələ də bank onu yükləməklə məşğuldur. Hesab edir ki, Xətai rayon Məhkəməsinin 2(011)- 163/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək 2.204 manat banka borcum qalmaqla qətnamənin digər hissəsi ləğv edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, faiz borcunun rədd edilməsi və əsas borc 2.204 manatın hər ay 50 manat ödəniş etməyi üçün qrafik tərtib edib ona təqdim edilməsinin “xxxx” KB ASC-nin üzərinə öhtəlik qoyulması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, faiz və cərimə borcunun ləğv edilməsi və əsas borc olan 2.204 manatın hər ay 50 manat ödəniş etməsi üçün qrafik tərtib edib ona təqdim edilməsinin “xxxx” KB ASC-nin üzərinə öhtəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X2 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlu apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin faiz və cərimə məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Apelyasiya şikayətində qətnamənin qalan hissələri iddiaçı tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli krеdit müqaviləsini əsas götürməklə, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl оlunmaması qənaətinə gəlməkdə haqlı оlmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” KB АSC-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli krеdit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 18 % olmaqla 3.489 manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, “xxxx” X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş BANK/PİKMD/892144 saylı, 28 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 2.204,68 manat əsas borcu, 594,61 manat faiz borcu və 51,32 manat məbləğində cərimə borcu, cəmi 2.850,61 manat borcu vardır. İş materiallarında olan, 03.02.2020-ci il tarixli bildirişin surətindən görünür ki, “xxxx” KB ASC Cavabdeh banka olan borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli krеdit müqaviləsinin 1.1-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 60 ay müddətinə illik 18 % ödəməyi öhdəsinə görürür. İş materiallarında olan, “xxxx” X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş BANK/PİKMD/892144 saylı, 28 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 2.204,68 manat əsas borcu, 594,61 manat faiz borcu və 51,32 manat məbləğində cərimə borcu, cəmi 2.850,61 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Göründüyü kimi “xxxx” KB ASC tərəfindən Cavabdeh verilmiş kredit məbləğlərinə görə 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - əsas kredit məbləğ üzrə 2.204,68 manat, faiz məbləği üzrə 594,61 manat, dəbbə pulu 51,32 manat təşkil edir. Bundan başqa məhkəmə kоllegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin əsas dəlili olan “xxxx” KB ASC tərəfindən faiz pulunun və cərimə məbləğinin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın nəzərə alınmaması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/4036 nömrəli, 08 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli “Kredit və X5” üzrə Cavabdehnın “xxxx” KB ASC-yə olan borcu 28.02.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) 2.916,73 manat: əsas borc üzrə 2.526,40 manat, faiz borcu üzrə 390,33 manat, 23.09.2020-ci il tarixədək (sualda soruşulan tarixə) 3.175,69 manat: əsas borc üzrə 2.526,40 manat, faiz borcu üzrə 649,29 manat müəyyən edilir. Qeyd оlunanlara əsasən məhkəmə kоllegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti və iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 9/4036 saylı, 08 oktyabr 2020-ci il tarixli rəyi nəzərə alınmaqla, 41nkAHM/18 saylı, 23 yanvar 2018-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” KB ASC tərəfindən 594,68 manat həddində müəyyən edilmiş faiz borcunun 390,33 manat həddində müəyyən edilməsi daha düzgün və ədalətli оlardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması işin hallarına və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənafeyinə uyğundur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kredit məbləği üzrə tələb olunan 51,32 manat məbləğində dəbbə pulun cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tam tutulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin faiz və cərimə borcunun tam silinməsi barədə dəlilini əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşıqlı iddia tələbinin təmin edilməsinə, yəni kredit müqaviləsi üzrə hər ay 50 manat ödəniş etməyi üçün ödəniş qrafiki tərtib edilməsi dair apеlyasiya şikayətinin dəlillərinə qiymət verərək deyd edir ki, apеlyasiya şikayətinin qeyd olunan dəlili mülki qanunvericiliyin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinə zidd olduğundan əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə məhkəmə kollegiyası iddiaçı Aqşin İsgəndərovun apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-163/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4908/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4908/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver