Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4908/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(005)-1989/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh rəsmi nikahda olmuş, birgə nikahlarından 30 yanvar 2008-ci il təvəllüdlü X5 doğulmuş, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, 30 yanvar 2008-ci il təvəllüdlü X4 anasının yanında qalması və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə ilk əvvəl 100 manat, daha sonra 170 manat miqdarında aliment tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan 30 yanvar 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Lakin xarakterlərinin uyğunsuzluğu səbəbindən ailənin davam etdirilməsi mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2011-ci il tarixli, 2(005)-407/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 10 aprel 2007-ci il tarixdə 229 nömrə ilə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə birgə nikahdan 30 yanvar 2008-ci il təvəllüdlü X4 iddiaçının, yəni anası İddiaçı himayəsində qalması və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamə ilə müəyyən edilən alimenti vaxtlı-vaxtında ödəməmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh ilə aralarında barışıq sazişi bağlanmışdır. Lakin, Cavabdeh həmin tarixdən, yəni xx.xx.2021- ci il tarixdən alimenti ümumiyyətlə ödəməmişdir. Hal-hazırda X4 15 yaşı var. Qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın məsrəfləri yetərincə artmışdır. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(005)- 1989/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 30 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 22, 75, 78-ci maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa” və “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarıdan xx.xx.2008-ci il təvəllüdlü övladları doğulmuşdur. ünvan 311-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş övladının anasının yanında qalmaqla ayda 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Bundan sonra iddiaçının təkidi ilə xx.xx.2021-ci il tarixdə aralarında notarial barışıq sazişi bağlanmış və iddiaçıya 2500 manat ödəniş etməkə ona qarşı aliment tələbindən imtina etmişdir. Həmçinin aliment tələb etməyəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçının bir daha cavabdehdən aliment tələb etməyəcəyinə dair notarial öhdəlik götürülməsi, onun sağlamlıq problemləri ilə bağlı heç bir yerdə işləməməsi, valideynlərinin himayəsində qalması və digər hallar nəzərə alınmadan iddia tələbini qismən təmin edilmişdir. Ümumiyyətlə qeyd olunan qətnamədə sübutlar araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik müəyyən olunmuşsa dəyişdirilə bilər. Bu dəyişikliklər özünü tərəflərin birinin ailə vəziyyəti gəlirlərinin miqdarı və sair bağlıdır. Hazırki halda isə cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-407/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, övladı anasının yanında qalmaqla ayda 100 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonradan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(005)-1091/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2008-ci il tarixli təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməsi qət edilmişdir. Lakin iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən alimenti ümumiyyətlə ödəməməsinə istinad edərək aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetməməsinə, uşağın məsrəflərinin yetərincə artmasına, təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməyin tək qadın olaraq çox çətin olmasına istinad edərək hazırki iddianı qaldıraraq cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 250 manat sabit pul məbləğində olmasını iddia etmişdir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1091/2020 №-li, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat alimentin tutulması müəyyənləşdirilərkən iddiaçının xahişi, eləcə də həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa təyin olunmuş aliment sonuncu dəfə dəyişdirilərkən həmin dövr (təqvim ili) üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat müəyyən edilsə də, iddiaçı uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. 2023-cü il üçün isə bu məbləğ 220 manat təşkil edir. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı müəyən edilmiş məbləğdən yüksək məbləğdə aliment tələb etməkdədir. Belə ki “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşağının maddi tələblatlarını ödəməyə məcburdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 220 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması və sağlamlıq problemlərinin olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. Apellyasiya şikayətinin hazırki mübahisə üzrə cavabdehin maddi vəziyyətinin məhkəmə tərəfindən araşdırılmasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayəti iddia tələbinin rədd edilməsinə yönəlmişdir ki, bu hal həm qanunvericinin şərtləri baxımından hazırkı halda yol verilən deyil, həm də azyaşlı uşağın diqqətəlayiq mənafeyinə tam ziddir. Belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması baxımından uşağın gündəlik və günü gündən artan maddi tələbatının qarşılanması məhz iddiaçının üzərindədir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin iddiaçının təkidi ilə xx.xx.2021ci il tarixdə cavabdehlə aralarında notarial barışıq sazişi bağlanması və ona 2500 manat ödəniş etməkə ona qarşı aliment tələbindən imtina etməsi, həmçinin aliment tələb etməyəcəyinə dair öhdəlik götürməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının belə bir öhdəlik götürməsi işin materiallarından görünmür. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(005)-1091/2020 saylı qətnaməsində əksini tapmış Nərimanov rayon İcra və Probasiya Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixə ödənilməmiş 3920 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixdə 5 saydı ASAN Xidmət notariat ofisində təsdiq edilmiş iddiaçının Nərimanov rayon İcra Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-407/2011 saylı, xx.xx.2011-ci il tarixli və 26 fevral 2020-ci il tarixli, 2(005)-1091/2020 saylı icra sənədlərinə əsasən borclu Cavabdeh tərəfindən ona aliment ödənilmişdir. Borclu ilə aralarında razılıq əldə olunduğu üçün icra sənədləri üzrə tələbin icra olunmuş hesab olunmaqla icraatlarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov rayon İcra Şöbəsinnin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2(005)-1091/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda ona istinad edilmişdir ki, tələbkar İddiaçı xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul olunması barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət edilmiş, Nərimanov rayon məhkəməsinin 8 (005)-33/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh iki icra sənədi üzrə borcunun ödənilməsi ilə bağlı iddiaçı ilə razılaşdığından o icra sənədi üzrə cavabdehə qarşı olan tələbindən imtina etmişdir. Bu isə iddiaçının aliment tələbindən imtina etməsi və bununla bağlı öhdəlik götürməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, belə bir imtina və öhdəlik olmuş olsa idi belə aliment tələbi davam edən münasibətərə aid olduğu üçün bu halların mövcudluğu əhəmiyyətsizdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(005)- 1989/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə