Məhkəmə qərarları › İş №2(103)-491/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-491/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-491/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı – cavabdehlər Cavabdeh1 Adil oğlu və Cavabdeh2 oğluna qarşı «zərər və s.» tələbi barədə ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı İkram qızına (Yasamal rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində) qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilkin iddia: zərər, qarşılıqlı iddia: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil3, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-118/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış və 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 21 aprel 2022-ci il tarixli «İcarə Müqaviləsi»nə əsasən icarəyə verən icarəçiyə Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən ümumi sahəsi 200.8 kv metr olan qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə aylıq 300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin cavadeh İddiaçı qarşı (üçüncü şəxs Cavabdeh1 oğu) “binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası əsassız hesab edilmişdir. Həmin iş üzrə keçirilmiş ekspert rəyində qeyd edilir ki, binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilməmişdir. Təmir-tikinti işlərinin tikinti norma-qaydalarına uyğun aparıldığı müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «zərər və s.» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada qeyri-yaşayış sahəsinə dəymiş ziyan olaraq 65282.70 manat məbləğində pulun, icarə haqqı olaraq 20000 manat pulun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 345.85 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri Yasamal rayonu 535-ci məhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəyə götürülməsi barədə razılıq olmuşdur. Bundan sonra xx.xx.2022ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən İddiaçı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 535-ci məhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi təmirli vəziyyətdə cavabdehlərə verilmiş, lakin onlar sözügedən əmlakı təmir etdirmək adı altında həmin əmlaka külli miqdarda ziyan vurulmuşlar və hələdə əmlak təmirsiz vəziyyətdə qalmaqdadır. “Qiymətləndirmə və Consalting Mərkəzi” tərəfindən verilmiş tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 535-ci məhəllə Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği 03 avqust 2023-cü il tarixi üçün 65282 (altmış beş min iki yüz səksən iki) manat 70 (yetmiş) qəpik təşkil edir. Dəfələrlə icarə haqqının ödənilməsi, vurulmuş ziyanın ödənilməsi və ya əmlakın əvvəlki təmirli vəziyyətinə qaytarılması ilə əlaqədar cavabdehlərə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, heç bir faydası olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Eyni zamanda Cavabdeh1 İddiaçı (Yasamal rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində) qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-bərpa işlərinə çəkilmiş 80,000 manat pulun, əldən çıxmış fayda olaraq 20,000 manat pulun və 390 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən, sonuncu mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra ilk iddia üzrə cavabdehə hissə hissə olmaqla, ümumilikdə 40 000 manat icarə haqqı ödənilmiş, bundan sonra o, həmin qeyri-yaşayış sahəsində təmir işlərinə başlamışdır. Qeyri-yaşayış sahəsinin təmir olunduğu vaxtda ilkin iddiaçının nümayəndəsi ilə qonşular arasında ədavət olduğu üçün təmir işlərinin aparılmasına maneələr törədirdilər. Qonşuların çox saylı şikayətinin nəticəsi olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təmir-bərpa işlərinin aparılmasına icazə verilməmiş, maneələr törədilmişdir. Buna görə də ondan asılı olmayan səbəblərdən həmin qeyri-yaşayış sahəsinin təmiri vaxtında başa çatdıra bilməmişdir. Ona görə ki, ilk iddia üzrə cavabdeh İddiaçı həmin qeyri-yaşayış sahəsini ona icarəyə verəndə bilirdi ki, orada yaşayan qonşular onunla qərəzli münasibətdədirlər və onun özünə dəfələrlə bildiriblər ki, qeyri-yaşayış sahəsinin istifadə edilməsinə imkan verməyəcəklər. İddiaçı bunu bildiyi halda, bu halı ondan gizlədərək qeyri-yaşayış sahəsini ona icarəyə vermiş, orada yaşayan qonşular sırf onunla qərəzli münasibətdə olduğu üçün müxtəlif bəhanələrlə Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu müraciətlərin əsaslı-olub olmamasına əhəmiyyət vermədən həmin qeyri-yaşayış sahəsində təmir işləri aparmağıma manelər yaratmış, hətta Yasamal Rayon İcra Hakimiyyəti cavabdeh İddiaçı qızma qarşı (üçüncü şəxs Cavabdeh1) “yaşayış binasının qeyri-yaşayış hissəsində (zirzəmi) sökülmüş divarların bərpa edilməsi və binanın əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-3102/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan apellyasiya şikayəti verilmiş, hazırda iş Bakı apelyasiya Məhkəməsinin inzibati kollegiyasının icraatındadır. Həmin qərarla müəyyən edilmişdir ki, Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər iş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Yasamal rayonu MKTB-nin 21 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli Aktı;Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış məktub; - MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış; - ünvan 4 ünvanında yerləşən 4 mərtəbəli binanın zirzəmisində gedən söküntü barədə FHN-nin 112 saylı qaynar xəttinə daxil olmuş şikayət əsasında tərtib edilmiş Akt; - Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən 200,8 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəmi) 170 kv.m hissəsinə dair bağlanılmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləsi; - Mübahisəli əraziyə keçirilmiş baxış nəticəsində ünvanda tikintinin gedişatma dair aparılmış foto şəkillər və video çəkilişin aparılmasına dair disk; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/917 nömrəli Ekspert Rəyi; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Aqentliyinin mütəxəssis rəyi. Həmin işə baxılarkən, 2-1(112)- 13379/2022-ci il saylı xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin edilmiş və mübahisəli qeyri-yaşayış sahəsində aparılmış söküntü və yenidən qurma işləri qanunvericiliyin tələblərinə uyğun aparıldığına dair ekspert qarşısında suallar qoymuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Rəyinin nəticə hissəsində qeyd edilmişdir: İş materiallarında olan, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/917 nömrəli Ekspert Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində baxış zamanı binanın yarım zirzəmi mərtəbəsin bir hissəsində təqribən 30-35 sm hündürlükdə torpaq qatının çıxardılaraq mərtəbə hündürlüyünün artırılması müşahidə edildi. Qazılmış sahədə qalmış mövcud torpaq kütləsi binanın bünövrəsindən üst səviyyədə yerləşir. Yarımzirzəmi mərtəbəsinin hündürlüyü h=3,0 metr təşkil edir. Torpaq qatı çıxarılan sahələrdə əsas yükdaşıyan divarların perimetri boyunca hündürlüyü 45-50 sm, qalınlığı isə 10-15 sm olmaqla monolit dəmir-beton divarların gücləndirmə tədbirləri görülmüşdür. Baxış zamanı binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu, 535-ci məhəllə, H.Cavid prospekti 22 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasının zirzəmi (qeyri-yaşayış) hissəsində hərhansı konstruksiyasında dəyişiklər edilmədiyi və aparılmış təmir işləri cari təmir işlərinə aid olduğundan, həmin görülmüş tikinti işləri tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən olunur. Qərardadın dördüncü sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssis rəyinə əsasən, ünvan 6 ünvanda yerləşən yaşayış binasının əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilmədi. Eyni zamanda tədqiq olunan ünvanda yerləşən yaşayış binasının yarımzirzəmi mərtəbəsi texniki cəhətdən işlək vəziyyətdədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Aqentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Mütəxəssis rəyi ekspertin rəyi ilə eynilik təşkil etmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə həmin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və qeyd olunan rəylərdən (ekspert və mütəxəssis) müəyyən edilir ki, tikinti obyekti də aparılmış təmirbərpa işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmamışdır. Göründüyü kimi, qeyri-yaşayış sahəsində təmir-işlərinin başa çatdırılmamasda onun təqsiri olmamışdır.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-118/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə ilkin iddianın qismən təmin edilməsi, 67,440 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, ilkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 180 manat hissəsinin Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh1 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** X3 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ********************, hesab AZ34CTRE********************, S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülməsi qət edilmişdir.

8. Məhkəmə ilkin iddia üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 386, 684.1, 684.2, 685.1, 692.2, 700.1-ci maddələrinə, qarşılıqlı iddia üzrə gəldiyi nəticəni isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 677.1, 677.2, 680.2, 1087.1, 1089.1 və 1090.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 220.5-ci maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən məhkəmə işi hərtərəfli araşdırmamış və iş üçün xüsusi əhəmiyyətə malik olan bəzi xüsusatlara qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, qətnamə aşağıda qeyd edilən əsaslar nəzərə alınmaqla ləğv edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 21 aprel 2022-ci il tarixli icarə müqaviləsindən sonrakı dövrlərdə o, hissə-hissə İddiaçı 40000 (qırx min) manat məbləğində icarə haqqı ödəmişdir. Bundan sonra həmin qeyri-yaşayış səhəsində təmir işlərinə başlamışdır. İddiaçı ilə qeyri-yaşayış sahəsinin qonşuları arasında ədavət olduğu üçün təmir işlərinin gedişatına müxtəlif maneələr olmuşdur. Qonşuların çox saylı şikayətləri nəticəsində təmir işlərinin dayandırılmasından ötrü Yasamal rayon İcra Hakimiyyəti İddiaçı qarşı Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət etmiş və X2 tətbiqi barədə ərizə vermişdir. Yasamal rayon İcra Hakimiyyətinin İddiaçı qarşı iddiası Bakı İnzibati Məhkəməsi təmin olunmamışdır. Bundan sonra iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibatı kollegiyasına apelyasiya şikayəti versə də, sonradan iddiasını geri götürmüşdür. Qeyd olunan məhkəmə çəkişmələri və X5 zamanı ondan asılı olmayan səbəblərə görə qeyri-yaşayış sahəsinin təmirini vaxtında başa çatdıra bilməmişdir. İddiaçı qeyri-yaşayış sahəsinin qonşuları ilə qərəzli olduğunu bildiyi halda onunla icarə müqaviləsi bağlayarkən bu barədə heç bir məlumat verməmişdir, bunu ondan gizlətmişdir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin təmir işlərinin vaxtında başa çatdırılmaması onun təqsiri üzündən olmamışdır. Bu da onu deməyə əsas verir ki, icarə müqaviləsi üzrə ödənilməmiş borcu yoxdur. Əksinə yuxarıda qeyd olunan səbəblərdən təmir işlərini vaxtında yekunlaşdıra bilməmişdir, əldən çıxmış fayda ilə qarşılaşmış və təmir işlərinə 80000 (səksən min) manata yaxın pul sərf etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsində qeyri-yaşayış sahəsinə dəymiş ziyanı 65282,70 manat məbləğində qeyd etmişdir və məhkəmə zamanı təyin olunmuş ekspertizanın mütəxəssis rəyində məhs 65282,70 manat məbləğində ziyanın dəyməsi göstərilmişdir. Ekspert rəyində göstərilən məbləğin iddia ərizəsində qeyd olunan məbləğlə qəpiyinədək eyni olması əslində hər kəsdə şübhə yaratmalı və inandırıcı olmamalı idi. Lakin məhkəmə bu hala qiymət verməmiş və möhtəbər olmadığı üçün məhkəmə həmin ekspert rəyini sübutlar siyahısından çıxartmalı olduğu halda bunu etməmişdir. Bunun əksinə olaraq isə ekspert rəyində onun qeyri-yaşayış sahəsinin təmirinə 1799 manat xərc çəkdiyimi qeyd etmişdir. Eksperti belə nəticəyə gəldiyi şübhə doğurur və tərəfiindən görülmüş işlərin dəyərinin bu məbləğdə qiymətləndirilməsi, ekspertin heç bir ölçü aparmadan, təmirə çəkilən xərci araşdırmadan rəyə saxta məlumat qeyd etdiyinə əsas verir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, üçüncü şəxs isə nümayəndəsinn iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

18. 677.1. əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir.

19. 677.2. əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz.

20. 680.2. kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.

21. 684.1. əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

22. 684.2. kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir.

23. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər.

24. 692.2. 1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır.

25. 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

26. 1087.1. özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.

27. 1089.1. əsasən icraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır.

28. 1090.1. əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki halda, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, ilkin iddia təmin edilməyən hissədə qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə yalnız ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-118/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

41. Məhkəmə kollegiyası iş üzrə ilkin və qarşılıqlı iddia tələblərinin olduğunu nəzərə alaraq hər bir iddia tələbinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir və apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir.

42. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

43. İlkin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsinə istinad edərək, ödənilməmiş icarə haqqını və eyni zamanda ona dəymiş zərərin əvəzini tələb edir.

44. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq, yuxarıda göstərilən maddi hüquq normalarına istinadən qeyd edir ki, tərəflər icarə müqaviləsi bağlayaraq əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəliklərlə yüklü edilmişlər. İcarəyə verən öhdəliyini yerinə yetirərək, icarə obyektini icarəçiyə təhvil vermişdir. İcarəçi isə müqavilə ilə şərtləşdirilmiş qaydada icarə haqqını ödəməkdən yayınmışdır. Bundan başqa işin hallarından müəyyən olunur ki, qeyri-yaşayış sahəsi icarəyə verilərkən təmirli və istifadəyə yararlı halda olmuşdur. Lakin icarəçi sahəni öz zövqünə uyğun olaraq təmir etdirməyə başlamış, daha sonra isə təmir işlərini yarımçıq qoymuşdur. İcarəçi bununla da icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsini yararsız hala salmış, daha sonra isə icarəyə verənə qaytarılmışdır.

45. Birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün tələb olunan vəsaitinin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin olunmuş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmalı müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri 1 kv.m sahəyə təqribən 300 manat dəyərində vəsaitinin sərf olunduğunu nəzərə alaraq qeyri-yaşayış sahəsində aparılmalı təmir işlərinin ümumi dəyəri 60,240 manat məbləğində müəyyən edilmişdir.

46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərin aradan qaldırılması üçün 60,240 manat və 7,200 manat icarə haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, İcarə müqaviləsinin 3-cü və 5-ci bəndlərinə əsasən icarə müddəti xx.xx.2024-cü il tarixədək və icarə haqqı aylıq 300 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda 24 ay üçün aylıq 300 manat icarə haqqı hesablanmaqla 7,200 manat təşkil edir.

47. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, əmlakdan istifadə ondan asılı olmayan səbəblərdən, icarəyə verənin təqsiri ucbatından mümkün olmamışdır. Əks halda o, qeyriyaşayış sahəsindən istifadə etməklə fayda əldə edəcək və müqavilə üzrə öhdəliyini yerinə yetirəcəkdi. Onun tərəfindən qeyri-yaşayış sahəsində yaxılaşdırma işləri aparılmışdır və bu səbəbdən həmin işlərin dəyərinin əvəzi cavabdehdən tutulmalıdır.

48. İş materiallarında olan Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyətinin cavadeh İddiaçı qarşı (üçüncü şəxs Cavabdeh1 oğu) “binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası əsassız hesab edilmişdir. Həmin iş üzrə keçirilmiş ekspert rəyində qeyd edilir ki, binanın əsas yükdaşıyan konstruksiyalarında və sonradan gücləndirmə tədbirləri görülmüş sahələrdə çat, deformasiya və aşınmalar müşahidə edilməmişdir. Təmir-tikinti işlərinin tikinti norma-qaydalarına uyğun aparıldığı müəyyən olunur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1 3-cü şəxs qismində cəlb edilməklə İddiaçı qarşı qaldırmış olduğu tələblə bağlı iddiaçı müvəqqəti olaraq sahədən istifadə edə bilmədiyinə istinad edir. Lakin iş materiallarından görünür ki, həmin tələb əsassız hesab edilmişdir. Həmin vaxtdan isə icarə müqaviləsinin qüvvədən düşmə vaxtına kimi 1 il müddətə yaxın vaxt qalmasına baxmayaraq icarəçi başladığı təmir-tikinti işlərini davam etdirməyərək, qeyri-yaşayış sahəsini istifadəyə yararsız hala salmışdır. İcarəçinin yalnız o halda icarə obyektinə xərcləmiş olduğu vəsaiti icarəyə verəndən tələb etmək hüququ var ki, həmin vəsaitlə obyektdə gördüyü işlər yaxşılaşdırma işləri olsun, həmin işlər nəticəsində qeyri-yaşayış sahəsinin cari vəziyyəti dəyişdirilərək daha yaxşı vəziyyətə gətirilsin. Hazırki işdə isə bu hal müşahidə olunmur. Bundan başqa eyni zamanda qeyri-yaşayış sahəsindən icarə müqaviləsi üzrə istifadəyə icarəyə verən tərəfindən icarəçiyə başqa heç bir maneçiliklər yaradılmamışdır. İddiaçı Cavabdeh1 iddiasında ona yaranmış maneələrin İddiaçı və ətrafı tərəfindən yaradıldığını göstərsə də, iş materialları ilə bu hal öz təsdiqini tapmır. Əksinə işin məhkəmədə baxılması müddətində S.Kərimovun nümayəndəsi-vəkilinin izahatından da görünmüşdür ki, icarəyə verən hazırki vaxtda da icarə münasibətlərinin davam etdirilməsində maraqlıdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında yaranmış icarə münasibətləri icarəçinin təqsiri ucbatından davam etdirilmədiyindən və icarəçi bu münasibətlərin davam etdirilməsindən qəsdən yayındığından onun hazırki tələbi əsassızdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddia tələbinin rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-118/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar