Məhkəmə qərarları › İş №2(103)-4911/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4911/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4911/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(010)-1569/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(010)-9389/2015 saylı qətnaməsinin qəbul edildiyi 14 dekabr 2015-ci il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 18 fevral 2022-ci il tarixədək olan 6 il 2 ay müddətində 589 (beş yüz səksən doqquz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli 2(010)- 9389/2015 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdehn qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh cəmi 1900 (min doqquz yüz) manat pulun tutularaq ona ödənilməsi qət edilib. Qətnamə qanuni qüvvəyə minib və icra edilməsi üçün borclunun qeydiyyatda oldugu yer üzrə Suraxanı rayon İcra Şöbəsinə göndərilib. Lakin Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qətnamənin icra edilməsi Cavabdeh icra tədbirlərindən yayınması səbəbindən mümkün olmayıb. İş üzrə cavabdeh məhkəmə qərarını icra etmədiyindən, ona məxsus olan pulu uzun müddət qanunsuz olaraq özündə saxladığından, bununla da onu pulundan fayda əldə etməkdən məhrum etdiyindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirdiyi vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Bununla əlaqədar olaraq 23 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 5 gün müddətinə 570 (beş yüz yetmiş) manat pulun ona ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyini Cavabdeh nəzərinə çatdırmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(010)-1569/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən həll etməli olduğu halda, Mülki Məcəllənin 449cu maddəsinə istinad etmişdir. Məhkəmə iddianı rədd edərkən iddiaçının cavabdehin icradan qəsdən yayınmasına dəlalət edən hallarla bağlı sübutları məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır. Məhkəmə nəzərə almamışdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsi cavabdehin öhdəliyini hansı səbəblərdən icra etməməsi ilə şərtləndirmişdir. Əksinə, həmin maddi hüquq normasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, bu halda cavabdeh gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. Göründüyü kimi, cavabdeh öhdəliyi icra etmir, iddiaçı isə daha böyük məbləğ tələb edə bilmir. Məhkəmə nəzərə almayıb ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi 6 ildən artıq müddətdə qismən olsa belə icra etməməsi qəsdlə bağlı hərəkətdir. Əks halda cavabdehin ölkədən çıxmaq hüququ məhdudlaşdırıla və barəsində axtarış qərarı qəbul edilməzdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş: Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-9389/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 1500 manat məbləğində pulun və iddiaçı tərəfindən vəkilin hüquqi yardım göstərməsinə görə "xxxx" MMC-nin hesabına ödənilmiş 400 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-9389/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, borclu Cavabdeh borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6530/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X4 12047 manat pulun bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla, əldən çıxmış faydaya görə 8670 manat pulun tutularaq iddiaçı X5 verilməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 11 manatının iddiaçı X5 aid edilməsi və qalan hissəsinin cavabdeh X4 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2017-ci il tarixli 2(103)-6068/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qismən dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulan pul məbləği 3564 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8901/2017 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli 2(103)-2680/2018 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-652/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. Hazırki AR Ali Məhkəməsi Mülki kollegiyasının qərarı ilə X11əli qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2018-ci il tarixli 2(103)- 2680/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-2019/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X4 2409 manat məbləğində pul və 30.40 manat dövlət rüsumu olmaqla cəmi 2439.40 manat pulun tutularaq iddiaçı X11əli qızına ödənilməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X6 19 aprel 2016-cı il tarixdən 10 iyun 2019-cu il tarixədək olan 3 il müddətinə hər il üçün 259 ABŞ dolları olmaqla cəmi 777 ABŞ dolları pul vəsaitinin AR Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-2297/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X6 12875.80 manat pulun bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla əldən çıxmış faydaya görə 4506.53 manat pulun tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-708/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək cavabdeh X1 1352.5 manat və 29.15 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2297/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin 2(057)- 708/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər arasında olan məhkəmə mübahisəsinin nəticəsi olaraq xx.xx.2015-ci il tarixli qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə pul məbləğinin tutulması qət edilmişdir. İddiaçının tələbinin faktiki əsaslandırması ondan ibarətdir ki, cavabdeh 6 ildən çox müddət ərzində onun pulunu qərəzli olaraq qaytarmadığına görə ona maddi ziyan vurmuşdur. Belə ki, o həmin puldan fayda götürməkdən məhrum edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbin sübutu kimi yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar 2016-cı il tarixində icra icraatının açılmasını göstərən sənədə və oxşar tələb üzrə ayrı-ayrı məhkəmələrin qəbul etdiyi qətnamələrə istinad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edərək, qeyd etmişdir ki, cavabdeh öhdəliyini icra etməməsinin qərəzli səbəblə əlaqədar olduğu sübuta yetirilmədiyinə görə hazırki iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya qeyd edir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-nin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmala, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kollegiya qeyd edir ki, Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-9389/2015 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu tərəfindən borc ödənilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə qətnaməsi əsasında tutulmalı olan pul məbləği Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarının tarixindən iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixədək beş faiz hesabı ilə tutulmalıdır. Buna görə də, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 577 manat (1900x5%/360 x 2188 gün=577 manat) məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(010)- 1569/2022 saylı qətnaməsindən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 577 (beş yüz yetmiş yeddi) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar