Məhkəmə qərarları › İş №2(103)-4911/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4911/2024

03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4911/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Eyvazov (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, Cavabdeh nümayəndə (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş zərərə görə 13000 manat pulun və 130 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “KİA” markalı, **- FO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən cavabheh “VAZ 2107” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Onun avtomobilində olan sərnişinlər, yaxın qohumları və o, bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər almışlar. Onlar həkimə müraciət etmişlər və ekspert səthi olaraq onları müayinə edərək xəsarətlərinin dərəcəsinin müəyyən olunmaması barədə rəy vermişdir. Bundan sonra, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Məhəmmədəli Fətəliyev qanunsuz və əsassız olaraq araşdırma aparmadan ekspertdən saxta rəy alaraq, 31 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan o, məhkəmə nəzarəti qaydasında şikayət etmiş, həmin qərar ləğv olunaraq iş yenidən araşdırılması üçün təhqiqat orqanına qaytarılmışdır. Araşdırma zamanı da X4 təqsirli olaraq yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi təsdiqini tapmış və yenə də onların xəsarətlərinin dərəcəsi yüngül olduğundan həmin şəxsin barəsində cinayət işi başlanılmamışdır. O, dəfələrlə X3 ona vurduğu maddi ziyanı ödəməsini tələb etsə də, həmin şəxs maddi imkanının olmamasını bəhanə edərək ona dəymiş ziyanə ödəməmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi, atası İddiaçı1 mülkiyyətində olan nəqliyyat vasitəsinə 17627 manat zərər dəymişdir. "xxxx" ASCnin zərərin ödənilməsi üçün qiymətləndirməsi nəticəsində “AutoBox” Avtomobil Servisinin verdiyi qiymətləndirmə rəyinə əsasən “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13575 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 4627 manat hissəsi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası hesabına "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 13000 manat zərər isə bugünədək ödənilməmişdir. Nəqliyyat vasitəsi təmir olunarkən qiymətləndirmə aparılan zaman görünməyən və məlum olmayan əlavə xərclər çıxıldığından zərər məbləği qiymətləndirmə nəticəsində göstərilən məbləğdən artıqdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia qismən təmin edilərək, Cavabdeh 8948 (səkkiz min doqquz yüz qırx səkkiz) manat zərər və ödənilmiş 89,48 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pulun Cavabdeh alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması maddi və prosessual hüquq normalarının pozulması, zərərin çox hesablanması, həmin qiymətə avtomobilin təmir olunması barədə sübutların təqdim olunmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq yol nəqliyyat hadisəsinin faktiki baş verməsinə baxmayaraq, dəymiz zərərin şişirdildiyini bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş emişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçılar qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası işə cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh mülkiyyətində olan “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 21 mart 2023-cü il tarixdə təxminən saat 21.20 radələrində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətməsi (işdə olan İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir), nəticədə İddiaçı1 mülkiyyətində olan, digər İddiaçı2 etibarnamə əsasında idarə etdiyi “KİA Sorento” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi (həmçinin, həmin avtomobildə olan şəxslərə dərəcəsi təyin olunmayan bədən xəsarətlərinin yetirilməsi), icbari sığortanı həyata keçirmiş "xxxx" ASC tərəfindən dəymiş maddi ziyana görə 4656,95 manat pul vəsaitinin ödənilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 1170 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, ümumi xidmət haqqı 2470 manat, ehtiyat hissələrinin ümumi dəyəri 11105 manat olmaqla “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 13575 manat təşkil edir. İddiaçı hazırki tələbində ona ümumilikdə 17627 manat ziyan dəyməsini, icbari sığorta tərəfindən ödənilmiş 4656,95 manat çıxılmaqla, cavabdehə qarşı 13000 manat məbləğində tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın obyektiv qiymətləndiriliməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/729 nömrəli, 30 aprel 2024-cü il tarixli rəyinə əsasən, iddiaçıya məxsus “KİA” markalı, “SORENTO” model, 77-FO135 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri aşağıdakı qaydada müəyyən edlimişdir. - Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13575,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 11105,00 manat; Təmirbərpa işlərinin qiyməti 2470,00 manat. - Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə (metodika üzrə avtomobillərin 1 illik istismarına 2%-6%dək aşınma nəzərdə tutulmuş, iddiaçıya məxsus avtomobilin 9 illik istismar müddətinə 27 faizlik amortizasiya aşınması tətbiq edilmişdir) 10912,37 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 8442,37 manat; Təmir-bərpa işlərinin qiyməti 2470,00 manat. İşdən görünür ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində bu halı mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi həmçinin ekspertiza rəyinə əsaslanaraq (icbari sığorta tərəfindən ödənilmiş müvafiq pul vəsaitini çıxmaqla), iddiaçıya dəymiş maddi zərəri 8948 manat həddində müəyyən etmiş və həmin pul vəsaitinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlarla cavabdehin təqsirli olaraq müvafiq yol-nəqliyyat hadisəsinin (deliktin) törətməsi və nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəyməsi müəyyən olunur. Cavabdeh apellyasiya şikayətində əsasən tələb olunan zərər məbləğinin yüksək olmasını mübahisələndirmiş, lakin bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırma çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da iddianın əsassız olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, iddiaçı avtomobilin qeyd edilən qiymətə təmir olunmasını təsdiq edən sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərcləri obyektiv olaraq müəyyən edilmişdir. Həmin məbləğ məhz iddiaçının hazırki tələb hüququ üzrə ona dəymiş maddi zərəri ehtiva edir. MM-nin 21.2-ci maddəsinə əsasən əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddiaçının təqdim etdiyi sübutları (qiymətləndirmə aktı və s.) şübhə altına alsa da, özü bunun əksini təsdiq edə və əsaslandıra bilməmişdir. Beləliklə, işdə olan sübutlarla ("xxxx" MMC-nin qaymətləndirmə aktı, sığorta aktı, ekspertiza rəyi və s.) cavabdehin təqsirli, hüquqazidd həkətətləri nəticəsində iddiaçının mülkiyyətdə olan avtomobilə dəymiş zərərin ümumi məbləğinin 13575 manat həddində olması müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi zərər dəymiş avtomobilin aşınmaya məruz qaldığı dövrü nəzərə almadan (avtomobilin istehsal ilini, istifadə müddətini, yürüyüşünü və s.), dəyişilməli hissələrin qiymətini təzə hissələrin qiymətinə müvafiq hesablama aparmışdır. Halbuki, ekspert rəyində aşınma (iddiaçıya məxsus avtomobilin 9 illik istismar müddətinə 27 faizlik amortizasiya aşınması) nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olan 2014-cü il buraxılışlı “KİA” markalı, “SORENTO” model, 77-FO135 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 10912,37 manat təşkil etməsi müəyyən edilmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən İddiaçı1 xeyrinə tutulmalı olan maddi zərərin məbləği 6255,42 manat həddində müəyyən olunmalıdır (10912,37 - 4656,95 manat icbari sığorta tərəfindən ödənilmiş məbləğ = 6255,42). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən İddiaçı1 xeyrinə tutulmalı olan pulun məbləği 6255,42 manat müəyyən olunmalı, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçılar qətnamə mübahisələndirməmiş, hazırkı halda isə iddiaçı tərəfindən qətnamənin mübahisələndirilə bilən hissəsində iddianın qiyməti 5000 manatdan azdır (8948 – 6255,42 = 2692,58 manat), bu səbəbdən də qətnamədən iddiaçı tərəf kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh dəymiq maddi zərərə görə İddiaçı1 xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 6255,42 (altı min iki yüz əlli beş manat, qırx iki qəpik) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı tərəf kassasiya şikayəti verə bilməz, həmçinin qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar