Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4913/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsi üzrə maliyyə arayışına əsasən qalan 50.000 manat əsas borc, 33.711 manat 04 qəpik faiz, 2.000 manat 01 qəpik cərimə, 1.173 manat 61 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış borc və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 % dərəcəsi olmaqla 50.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 50.000 manat əsas borcu, 20.354 manat 79 qəpik faiz olmaqla, cəmi 70.354 manat 79 qəpik borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən, yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 50.000 manat əsas borc, 32.000 manat faiz, 2.000 manat 01 qəpik cərimə, 1.173 manat 61 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) əsasən hesablanmış faiz və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 85.203,62 manatın Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, 145 manat və 145 manat olmaqla keçirilmiş iki ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə tanış edilməyib. Ekspertiza onun iştirakı olmadan keçirilib. Həmçinin iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 16 % ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 052/15/1 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsinə əsasən verilmiş 50.000 manat məbləğində kreditin qalıq məbləği 50.000 manatın ödəniş müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə 50.000 manat əsas borc, 33.711 manat 04 qəpik faiz, 2.000 manat 01 qəpik cərimə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1.173 manat 61 qəpik faiz olmaqla, cəmi 86.884 manat 66 qəpik borcunun olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 24401 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi borc alan Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə - əsas borc üzrə – 50.000 manat; - faiz üzrə – 8.000 manat. xx.xx.2017-ci il tarixə - əsas borc üzrə – 50.000 manat; - faiz üzrə – 20.355 manat 56 qəpik. Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh «xxxxxxxxx» ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə - əsas kredit borcu – 50.000 manat; - faiz – 11.861 manat 11 qəpik. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31985 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi borc alan Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə aşağıdakı kimi müəyyən edilir: xx.xx.2019-cu il tarixə - əsas borc üzrə – 50.000 manat; - faiz üzrə – 32.000 manat. xx.xx.2019-cu il tarixə (illik 5 % hesablanmaqla) - əsas borc üzrə – 50.000 manat; - faiz üzrə – 33.173 manat 61 qəpik. İş materiallarında xx.xx.2015-ci il tarixli 052/15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsində tərəflərin iştirakı nəzərdə tutulmayıb. Şikayətin dəlilləri açıqaşkar əsassız olub, qanunla və iş materiallarına istinadla əsaslandırılmamışdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-81/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4913/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4913/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver