Məhkəmə qərarları › İş №2(103)-4914/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4914/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4914/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-690/2021 saylı qərardadından İddiaçı ASC tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)- 690/2021 saylı qərardadına əsasən İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə xitam verilmişdir. İddiaçı LPO “xxxx” ASC tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində nəzərdə tutulan icraata xitam verilmə halı bu iş üzrə düzgün tətbiq edilməmişdir. Belə ki, MPM-nin 254.1.1-ci maddəsinə əsasən hakim işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə icraatı dayandırmalıdır. İddiaçı bank ilə cavabdeh arasında olan hüquq münasibəti hüquq varisliyinə yol verir və icraat hər bir halda dayandırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-690/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh 25 iyul 2019-cu ildə ölmüşdür. Yəni, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Belə bir vəziyyətdə iddia ərizəsinin icraata qəbul edilməsi ölmüş şəxsin cavabdeh kimi prosessual statusunun məhkəmə tərəfindən tanınması deməkdir ki, bu hal yolverilməzdir. Aydındır ki, ölmüş şəxsin heç bir prosessual statusu yoxdur və iddia tələbi üzrə cavabdeh qismində tanına bilməz. Kollegiya eləcə də şikayətdə hüquq varisliyi ilə bağlı qeyd edilənlərə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsində nəzərdə tutulan işdə tərəf olan şəxs öldükdə (barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə) iş üzrə icraatın dayandırılması halı o halda tətbiq edilə bilər ki, şəxs iddia ərizəsi icraata qəbul edildikdən sonra ölmüş olsun. Hazırkı işdə isə cavabdeh kimi göstərilən şəxs 25 iyul 2019-cu ildən ölmüşdür. Belə olan halda kollegiya hesab edir ki, bu maddənin işə tətbiqi mümkün deyil. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-690/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(004)-690/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar