Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4914/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 Qabiliyət oğlunun və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh 1000 ABŞ dolları və 10000 ABŞ dolları olmaqla, 11000 ABŞ dolları pul vəsaitini borc verdiyini və cavabdehin həmin borcu qaytarmadığını iddia edir. Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X2 24 yanvar 2023-cü il tarixli qərarla İddiaçı şikayəti əsasında toplanmış materiallar əsasında cinayət işinin başlanmasını rədd edilmişdir. Həmin qərarda izahatı alınmış Cavabdeh İddiaçı 1000 ABŞ dolları borc olaraq aldığını, 10 000 ABŞ dolları pulu isə Səmədlə sevgili olduğu üçün Səmədin ona həmin məbləği 2022-ci ilin noyabr ayında Türkiyə Respublikasına rəfiqələri Urqiyyə və Həcərlə birgə alış-verişə gedən zaman hədiyyə olaraq verdiyini bildirmişdir. Qərarda izahatı alınmış Urqiyyə Ələkbərova və X4 Arzuya 1000 ABŞ dolları borc olaraq verdiyini, hədiyyə olaraq 10 000 ABŞ dolları verdiyini təsdiq etmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 ABŞ dolları pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 146 manat pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında səmimi münasibətlər olmuşdur. Bu səbəbdən də ona etibar edərək cəmi 11000 ABŞ dolları məbləğində borc pul vermişdir. Sonradan cavabdeh pulu qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirmişdir. O, şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1496/23 saylı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilmiş, cavabdehdən 1000 (bir min) ABŞ dolları məbləğində pulun ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş 146 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun 40 (qırx) manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, yəni iddiaçı cavabdehin əsassız varlandığını sübuta yetirməli olduğu halda sübut edə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 442, 443.1, 448, 739- 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv, həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında səmimi və mehriban yazışmaların mövcudluğuna baxmayaraq, onlar faktiki nikah münasibətlərində olmamışlar. Məhkəmə 3000 manatdan yuxarı olan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanmış şifahi borc müqaviləsi üzrə pul vəsaitinin hədiyyə kimi nəzərə alınması qənaətinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İddiaçı da 2022-ci ilin noyabr ayında cavabdehə on min ABŞ dolları borc verəndə də bunu könüllü (heç bir zorakılıq olmadan) vermiş, eyni zamanda həmin vəsaitin saxlanmaq üçün deyil, xərclənmək üçün alındığını ehtimal etmişdir. 2022-ci ilin noyabr ayında cavabdehə iddiaçı tərəfindən verilmiş pul vəsaitinin şifahi bağışlama müqaviləsi əsasında verilməsi barədə cavabdehin gətirdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi və həmin pul vəsaitinin bağışlanmasına dair hər hansı maddi hüquq normasını tətbiq etməmişdir. 2022-ci ilin sentyabr ayında iddiaçı cavabdehə bir min ABŞ dolları pulu borc kimi verməsi bilavasitə tərəflər arasında olan səmimi yazışmaların biri-birinə pul hədiyyə etməsi anlamına gəlmədiyini, iddiaçının pul hədiyyə etmək kimi rəftarının olmadığını göstərir. Cavabdeh 2022-ci ilin sentyabr ayında iddiaçıdan aldığı bir min ABŞ dolları pul vəsaitini borc olaraq götürdüyünü etiraf etmiş, lakin təxminən iki ay sonra aldığı on min ABŞ dolları pulu isə hədiyyə kimi götürdüyünü qeyd edir. İddiaçının ona hədiyyəni nə məqsədlə, hansı əlamətdar hadisə münasibəti ilə verməsini, bir ay öncə cəmi bir min ABŞ dollarını borc qismində verən şəxsin bir ay sonra hansı səbəbdən belə səxavətlilik göstərməsini əsaslandırmamış və sübut edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər;
19. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunmayan hisssəsində mübahisələndirdiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunmayan hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator cavabdehə 10 000 ABŞ dolları borc verdiyini göstərsə də, məhkəməyə bunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
28. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
29. İşdən göründüyü kimi, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb və cavabdeh iddiaçıdan 10 000 ABŞ dolları məbləğində borc almasını etiraf etmir.
30. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
31. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 10 000 ABŞ dolları pul verdiyini sübut edə bilməmişdir.
32. Kollegiyanın gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır.
34. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə sübuta yetirə bilməmişdir.
37. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
39. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
40. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.