Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4919/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə (üçüncü şəxs: X4) qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin direktoru X2 və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-320/23 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MMC-nin AE452043 BC sürücülük vəsiqəsinə əsasən sürücü X3 buraxılış ili-2007-ci il, 99 DY023 dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsini “Bakı şəhəri və ətraf qəsəbələr” üzrə idarə etməsi üçün seriya HCR, 016889 nömrəli, 02-30 iyun 2022-ci il tarixli yol vərəqəsi üzrə ona yük avtonəqliyyatı üçün yol vərəqəsi təqdim olunmuşdur. İddiaçı özünə məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixində, saat təxminən 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman sürücü X4 ara məsafəsini pozaraq idarə etdiyi “FORD TRANSİT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirmiş, bu zaman onun idarə etdiyi avtomobilin ön hissəsində hərəkətdə olan İddiaçı məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. "xxxx" MMC servis xidməti tərəfindən xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasn yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Toyota Hıghlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnmiş detallarının təmir xərci ümumilikdə 14785.00 manat məbləğ təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəyən maddi ziyana görə 14785 manat pulun və 141 manat ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə avtomobilinin hadisə nəticəsində zədələnmiş detallarının təmiri üçün dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-320/23 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən İddiaçı məxsus “Toyota highhandler” markalı, 99NP900 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 13695 manat pulun Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə, 100 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-320/23 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim M.Əfəndizadə) ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat pulun Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh MMC-nin üzərinə düşür. Belə ki, yolnəqliyyat hadisəsi baş verən zaman Cavabdeh MMC-nin verdiyi yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında X4 99 DY023 dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı məxsus avtomobilə ziyan vurmuşdur. Məhkəmə avtomobilə dəymiş ziyanın həcmini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/8744 nömrəli ekspert rəyinə əsasən 13695 manat müəyyən etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1099, 1108, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil sorğusuna cavab olaraq alınmış sənədlərdən görünür ki, “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək həmin şirkət tərəfindən ona dəymiş ziyanın 4660 AZN məbləğində qiymətləndilməsi ilə razı olduğunu bildirmiş və həmin məbləğin ona ödənilməsini xahiş etmişdir. Buna görə də, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus bank hesabına 4660 AZN məbləğində sığorta məbləği köçürülmüşdür. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddia tələbini irəli sürərkən özünü qeyri-səmimi apararaq baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş həqiqi ziyan məbləğini və buna görə aldığı 4660 AZN sığorta məbləğini məhkəmədən gizlətmiş, habelə "xxxx" MMC-yə müraciət edərək qəsdən özündə şişirdilmiş ziyan məbləğini əks etdirən xx.xx.2022-ci il tarixli qüsur aktını almağa nail olduqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Məhkəmə isə həmin hissədə etiraz və dəlillərə qəsdən hüquqi qiymət verməmişdir. Əgər İddiaçı məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı ilə hazırkı apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx"MMC servisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı müqayisə edilsə iddiaçının qəsdən ona dəymiş ziyanın məbləğini şişirtməyə nail olmağa çalışmış olduğunu, əslində ona "xxxx" MMC servisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında hesablanmış 4660 AZN məbləğində ziyan dəydiyi, onun həmin ziyan məbləği ilə razı olduğunu və nəticə etibarı ilə həmin məbləği qəbul etdiyini, habelə qeyd olunanları məhkəmədən gizlətdiyini açıq aydın görünər. Belə ki, "xxxx" MMC-ə müraciət edərək qəsdən özündə şişirdilmiş ziyan məbləğini əks etdirən xx.xx.2022-ci il tarixli qüsur aktında 24 adda avto ehtiyat hissəsinin dəyişdirilməli olduğu, həmin ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsinə görə 8060,17 AZN və dəmirçi, rəngsaz, sökülüb yığılma və elektrik işlərinin görülməsi ilə bağlı 4469,49 AZN usta pulu olmaqla cəmi 14785 AZN məbləğində ziyan qiymətləndirilsə də, onda olan məlumata əsasən həmin avtomobil "xxxx" MMC-də təmir olunmamışdır. Sadəcə ora qeyri-rəsmi xidmət haqqı verilərək oradan şişirdilmiş qiymətlərlə qüsur aktı alınmışdır. Həmin qüsur aktının həqiqiliyi şübhə altındadır. İddiaçı avtomobilinə 14785 AZN məbləğində ziyan dəydiyini və həmin məbləğdə avtomobilinin təmirinə pul xərclədiyini sübuta yetirən qəbzləri məhkəməyə təqdim etməmiş, lakin məhkəmə bu hissədə iddiaçının heç bir mötəbər sübut təqdim etmədiyinə baxmayaraq iddianı əsassız olaraq təmin etmişdir. Belə ki, həmin qüsur aktı tərtib edilərkən həmin akta o dövrdə "xxxx" MMC-də satışda olan avto ehtiyat hissələrinin göstərilən qiymətlərini sübuta yetirən qaimə fakturaları əlavə edilməmiş, həmçinin aktda ümumiyyətlə zərər görməyən avto ehtiyat hissələrinin dəyişilməli olduğu qeyd edilsə də, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx" MMC servisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında həmin detalların zərər görmədiyi öz təsdiqini tapmışdir
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
16. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı:
19. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq, eləcə də işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin hazırkı apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və maddi hüquq normaları düzgün tərtib olunmadığından qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
23. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
24. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır.
26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, apellyator avtomobilə dəymiş zərərin məbləğini mübahisələndirir və bildirir ki, zərərin məbləği sığorta şirkətinin sifarişi əsasında "xxxx" MMC tərəfindən 4660 manat müəyyən edilib iddiaçıya ödənilsə də, o, yenidən məhkəmədə iddia qaldırmışdır ki, bu da qanunsuzdur.
27. İddiaçı avtomobilə dəymiş zərərin həcmini əsaslandırmaq üçün məhkəməyə "xxxx" MMC servis xidməti tərəfindən xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktını təqdim etmiş, həmin aktda avtomobilin zədələnmiş detallarının təmirinin ümumilikdə 14785.00 manat məbləğ təşkil etdiyi qeyd edilmişdir.
28. Birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8744 nömrəli ekspert rəyi ilə nəzəri hesablama əsasında, "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlar əsas götürülməklə 2021-ci il buraxılışlı “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13695,0 manat olduğu müəyyən edilmişdir.
29. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş məbləği əsaslı hesab etmiş və maddi ziyanın məbləğini həmin həcmdə təmin etmişdir.
30. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sığorta şirkətinin sifarişi əsasında aparılmış qiymətləndirmə rəyini və həmin rəylə müəyyən olunmuş zərər məbləğinin iddiaçıya ödənilmiş olduğunu nəzərə almamışdır.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Məhkəmə kollegiyası iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıraraq diqqəti ilk növbədə avtomobilə vurulmuş zərərin məbləği ilə bağlı bir deyil, iki qiymətləndirmə (qüsur) aktı olduğuna cəlb edir. Onlardan biri "xxxx" MMC, digəri isə "xxxx" MMC tərəfindən verilmişdir. Hər iki akt eyni tarixdə xx.xx.2022-ci ildə tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş akt sığorta hadisəsi baş verməsi ilə əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişi əsasında verilmişdir. Həmin aktda dəyişilməli olan hissələrin miqdarı cəmi 15 adda, təmir-bərpa xərci isə dəyişilməli hissələrin dəyəri ilə birlikdə cəmi 4660 manat müəyyən edilmişdir. İddiaçının özünün sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında isə dəyişilməli hissələrin miqdarı 24 adda, təmir-bərpa xərci isə dəyişilməli hissələrin dəyəri ilə birlikdə cəmi 14785 manat qeyd olunmuşdur. İddiaçıya məxsus avtomobil "xxxx" MMC-də təmir olunmamışdır. Həmin MMC tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar birinci instansiya məhkəməsində keçirilmiş ekspert tədqiqatı zamanı araşdırılmış və zərər məbləği 13695 manat müəyyən olunmuşdur.
33. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək "xxxx" MMC tərəfindən ona dəymiş ziyanın 4660 AZN məbləğində qiymətləndilməsi ilə razı olduğunu bildirmiş və bu məbləğin ona ödənilməsini xahiş etmişdir. O, ərizədə həmçinin qeyd etmişdir ki, sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəlikləri yerinə yetirmiş hesab olunur və gələcəkdə zərərçəkən, sığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia irəli sürülməyəcəkdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus bank hesabına 4660 AZN məbləğində sığorta məbləği köçürülmüşdür.
34. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktlarında zərərin məbləği ilə bağlı kəskin fərq və ziddiyyətli məqamlar olduğunu nəzərə alaraq iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında hər iki qiymətləndirmə aktında göstərilən məlumatlar əsasında tədqiqat aparılması və avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunması ilə bağlı sual qoyulmuşdur.
35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7520 saylı rəyində ekspertin tədqiqat əsasında gəldiyi nəticə aşağıdakı kimi olmuşdur: - nəzəri hesablama əsasında, "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlar əsas götürülməklə 2021-ci il buraxılışlı “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13695,0 manat olduğu müəyyən edilir; - nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlar əsas götürülməklə 2021-ci il buraxılışlı “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9423,00 manat müəyyən edilir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlarda dəyişilməli hissələrin miqdarının 15 adda olması ("xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlarda zədələnmiş hissələr 24 adda göstərilmişdir) dəymiş ziyan hesablanarkən ziyanın məbləğində fərqin yaranmasına səbəb olmuşdur.
36. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən ziyanın məbləğinin sığorta şirkərinin sifarişi əsasında müəyyən edildiyini, iddiaçının həmin şirkət tərəfindən aparılmış qiymətləndirmə ilə razı olduğuna dair sığorta şirkətinə yazılı ərizə verməsini, sığorta şirkəti tərəfindən bu hal nəzərə alınaraq ona sığorta ödənişi edildiyini, eləcə də iş üçün əhəmiyyəti olan digər halları nəzərə alaraq ekspetin "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar əsasında gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, məhz həmin məbləğ əsas götürülməklə ziyanın ödənilməsi məsələsi həll olunmalıdır. İş materiallarından, eləcə də iddiaçının özünün izahatından göründüyü kimi, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız arxa hissəsi zədələnmişdir. Buna baxmayaraq "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında akumulyatorun, antifrizin, frionun da dəyişdirilməli olduğu qeyd edilmişdir. Halbuki, bunlar avtomobilin arxa hissəsində deyil, ön hissəsində yerləşirlər və hadisə nəticəsində zərər görməmişlər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, qeyd olunanlar "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının mötəbərliyini şübhə altına alır və bu səbəbdən dəyişilməli hissələrin miqdarı (sayı) ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar əsas götürülməlidir.
37. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı əlavə ekspertiza təyin olunması barədə vəsatət verilsə də, məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq təmin etmədi.
38. Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya 4660 AZN məbləğində sığorta ödənişi verilməsi və onun həmin məbləği qəbul etdiyi nəzərə alınmalı, ekspetin "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktındakı məlumatlar əsasında müəyyən etdiyi ümumi zərər məbləğindən ödənilmiş sığorta məbləği çıxılmaqla (9423 – 4660) 4763 manat məbləğində zərər cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
39. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).
40. Məhkəmə kollegiyası izah edir ki, cavabdehin kassasiya qaydasında mübahisələndirə biləcəyi hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq o, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verə bilməz.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi qismən - “Toyota highhandler” markalı, 99NP900 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 13695 manat pulun Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh MMC-dən “Toyota highhandler” markalı, 99NP900 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 4763 (dörd min yeddi yüz altmış üç) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. İddia tələbi apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.