Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-492/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Xəqani Xıdırzadənin iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair 2(001)-1125/2013 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsindən cavabdeh Hacı Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 4583 manat məbləğində əsas, 6367,76 manat məbləğində faiz, 5451,50 manat məbləğində gecikdirməyə görə artırılmış faizlə hesablanmış borcun (dəbbə pulu), cəmi 16402,26 və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2007-ci tarixli, 180/M №-li kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin “Mərkəz” filialı tərəfindən X5 5000 (beş min) manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.1, 5.1 və 7.1-ci maddələrinə əsasən kreditin müddəti iyirmi dörd ay, illik faiz dərəcəsi 26 % müəyyən edilmiş və borcalan krediti və onun faizlərini həmin müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən verilmiş kredit xx xxxxxxxx 2007-ci il tarixli, Z-180/M saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh2 bank qarşısında kredit müqaviləsi və ona əlavə edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən 5000 manat məbləğində kredit xəttinin və ona hesablanmış faizlərin 12 ay müddətinə ödənilməsini, tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. X2 müəyyən olunmuş cədvəldən xeyli kənara çıxaraq, kredit üzrə ümumilikdə 525 manat məbləğində ödəniş etmişdir. O, kredit müqaviləsinin 5.1-ci maddəsi ilə qeyd edildiyi kimi kredit üzrə sonuncu ödənişi 21,09.2008-ci il tarixdən gec olmayaraq həyata keçirməli olduğuna baxmayaraq, bu günədək bank qarşısında olan borcunu tam icrasını təmin etməmiş və bununla da, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Kreditin götürüldüyü vaxtdan borclu tərəfindən ödənilmiş ümumilikdə 525 manatın 417 manatı əsas kredit məbləğinə, 108 manatı isə kredit faizlərinə silinmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması və ödənişlərin vaxtı vaxtında edilməməsi səbəbindən borclu və zaminə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar (iddia ərizəsinə əlavə edilmiş 09/1430 saylı, xx.xx.2010-cu il tarixli xəbərdarlıq məktubu) edilməklə kredit müqaviləsinin 2.5-ci maddəsi xatırladılmış və kreditin dərhal ödənilməsi tələb edilmişdir. X1 və Cavabdeh2 kredit və zaminlik müqavilələrinin şərtlərini pozmaqla öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdıqları səbəbində onların xx.xx.2013-cü il tarixi üçün banka olan ümumi qalıq borcu 16402.26 manat təşkil edir. Onlardan, 4583 manat məbləğində əsas, 6367,76 manat məbləğində faiz, 5451,50 manat gecikdirməyə görə artırılmış faizlə hesablanmış borcudur (dəbbə pulu). X2 üçün ayrılmış kredit üzrə onun xx.xx.2013-cü il tarixə ödəməli olduğu cəmi 16402,26 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər X6 və Cavabdeh2 müştərək qaydada tutularaq bankın hesabına ödənilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X3 4583 manat məbləğində əsas, 6367,76 manat məbləğində faiz, 451,50 manat məbləğində gecikdirməyə görə artırılmış faizlə hesablanmış borc (dəbbə pulu), cəmi 11402,26 və 15 manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Hacı Hacıyev apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmişdir, qətnamənin qəbul edilməsindən məlumatı olmamışdır, yalnız 7 il sonra icra şöbəsindən məlumat aldıqdan sonra bu prosesdən xəbər tutmuş, məhkəməyə müraciət etdikdən sonra qətnamə ilə tanış olmuş və şikayət vermək qərarına gəlmişdir. Məhkəmə çəkişmə prinsipinə riayyət etməmiş, cavabdehin müdafiə məhdudlaşdırmışdır. Cavabdeh Hacı Hacıyev məhkəmə prosesində iştirak etsə idi, mütləq şəkildə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edəcəkdi. Həmin ərizəni apellyasiya icraatı zamanı vermək niyyətindədirlər. Belə ki, əslində əsas borclu kimi Hacı Hacıyev, zamin kimi isə Cavabdeh2 qeyd olunmasına baxmayaraq, faktiki olaraq, proses əksinə olmuşdur. Hacının tanışı Zahid Hacıdan öz adma kredit götürməsini xahiş etmişdir və əminlik olsun deyə həmin kreditə zamin olmuşdur. Hacı pul götürməmiş, pul ödəməmişdir. 2 illik kredit müddəti bitdikdən sonra maraqlanmış, Zahid ona borcu ödədiyini bildirmişdir. Həqiqətən, nə həmin ərəfədə, nə də ondan illər sonra bank tərəfindən Hacı Hacıyevə heç bir bildiriş göndərilməmiş, zəng olunmamışdır. Hacı da normal olaraq borcun ödənildiyi qənaətində olmuşdur. Kreditin sonuncu ödənişi xx.xx.2008-ci il nəzərdə tutulsa da, iddiaçı bank yalnız 2013-cü ildə məhkəməyə müraciət etmişdir, əsassız olaraq faizləri və dəbbəni şişirtmişdir. Halbuki, qanunvericiliklə belə tələblərdə 3 illik iddia müddəti nəzərdə tutulur. Hələ bu azmış kimi, icra sənədi 2020-ci ildə icraata yönəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın cavabdeh Hacı Hacıyevə qarşı təmin edilmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, xx xxxxxxxx 2007-ci tarixli, 180/M №-li kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən cavabdeh X5 illik faiz dərəcəsi 26 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2007-ci tarixli, Z-180/M №li zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx xxxxxxxx 2007-ci tarixli, 180/M №-li kredit müqaviləsi və ona edilmiş bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən 5000 manat kredit xəttinin və ona hesablanmış faizlərin 24 ay müddətində ödənilməsini, tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən, X4 “xxxx” ASC-yə 16402,26 manat ümumi borcu yaranmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “xxxx” ASC-i “xxxx” ASC-nin hüquqi varisidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehlərdən kredit borcunun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan borcun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şaxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki, və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən, Hacı Hacıyevin xx.xx.2008-ci il tarixə Banka olan əsas borcu 4511,11 manat, faiz borcu 1045,83 manat təşkil edir. Qeyd edilməlidir ki, tədqiqat prosesinin təsvirinə əsasən, əsas borcu 4511,11 manat, faiz borcu 1045,83 manat hesablansa da, rəyin nəticə hissəsində faiz borcunun “1054,83 manat” kimi qeyd edilməsi texniki səhv olduğu aşkardır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Bundan başqa, apellyasiya şikayətində cavabdeh Hacı Hacıyev birinci instansiya məhkəməsindəki icraat barədə məlumatlandırılmadığını və bu səbəbdən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilmədiyini, halbuki hazırkı işə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh Hacı Hacıyev birinci instansiya məhkəməsindəki icraat barədə məlumatlandırılmışdır, bu hal iş materiallarının 23-cü səhifəsindəki xəbərnamə ilə təsdiqlənir. Lakin cavabdeh Hacı Hacıyev iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir, buna görə apellyasiya icraatı zamanı iddia müddəti tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və faiz borcunun tutulması hissəsində qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(001)- 1125/2013 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh X3 1045,83 (bir min qırx beş manat səksən üç qəpik) manat məbləğində faiz borcu “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-492/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-492/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver