Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4921/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz məhkum olunma ilə bağlı vurulmuş ziyanın ödənilməsi, sübutetmə, sübuta ehtiyac olmayan hallar) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, cəzasının əvvəlinin qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablanmasına hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qərarları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmış, zərərçəkmiş şəxs X5 məhkum İddiaçı qarşı verdiyi "maddi və mənəvi ziyana görə pulun tutulması, evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək həmin iddia ərizəsinin zərərçəkmiş şəxsə qaytarılması qərara alınmış, X7 Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə birinci instansiya məhkəməsinə mülki iddia vermək hüququ izah olunmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı barəsində cinayət təqibinə CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, 11 saylı fərdi yaşayış evinin darvaza və qapılarına vurulmuş qıfılın sındırılmasının İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı, X1, qızları X2, oğulları X6, onlara məxsus əşyaları və ev heyvanları ilə birlikdə X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 11 (Ç.Mustafayev küçəsi, döngə 9, ev 19) saylı fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə, İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqinin, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və s. hökm edilmişdir.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı “qanunsuz cinayət məsuliyyətinə cəlb olunması nəticəsində dəymiş 78 678 manat mənəvi ziyanın ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, məbləğ 3000 manat müəyyən edilmişdir.
14. Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır.
15. Yuxarıda qeyd olunan məhkəmə işlərinə baxıldığı zaman İddiaçı məhkəmə iclasları barədə bildirişlər göndərilmiş, onun özü tərəfindən isə müxtəlif orqanlara (şəxslərə) çoxsaylı müraciətlər edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
16. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona və ailə üzvlərinə dəymiş maddi ziyana görə 78 678 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X5 və onun nümayəndəsi X8 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilmişdir. İlk dəfə X5 şikayətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilmişdir. İkinci dəfə X5 nümayəndəsi X8 şikayətinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində verilmiş bəraət hökmü qüvvədə saxlanılmışdır. X5 və nümayəndəsi X8 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə ona, iki azyaşlı uşaqlarına və faktiki nikahda olduğu həyat yoldaşı X3 maddi zərər dəymişdir və bu ziyanın əvəzi ödənilməlidir. Cinayət məsuliyyətinə cəlb edildiyi üçün həm o, həm də ailə üzvləri aylarla ruhi-əsəb sarsıntısı və stress keçirmişlər. Həyat yoldaşı və uşaqları onun qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə gözü yaşlı qalmışlar, onların çəkdiyi əzablar ona da çox pis təsir etmişdir, günlərlə yuxusuz qalmışdır, hətta düşdüyü depressiyaya görə işləyə bilməmişdir. Hesab edir ki, iki dəfə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ödənilməli olan zərərin əvəzi müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 1) İlk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, 1 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur; 2) İkinci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin maddələr üzrə müvafiq olaraq 3 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yəni üstüstə 8 ilədək həbs edilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu təhlükə real olmuşdur, o, polisdə saxlanılmışdır, azadlığı qanunsuz məhdudlaşdırılmışdır, faktiki olaraq məhkəmə hökmü olmadan həbsdə yatmışdır; 3) Ölkə üzrə 2021-ci il üzrə orta aylıq əmək haqqının 728 manat 50 qəpik olmasını nəzərə alaraq, həbs təhlükəsi yaşadığı müddətlərin yuxarı həddi nəzərə alınmaqla ödənilməli olan kompensasiya miqdarı hesablansa, bu, ədalətli olar, onun və ailə üzvlərinin qarşılaşdığı görülməmiş qanunsuzluqlar qarşısında çəkdiyi əzab-əziyyətin bir qədər xəfifləməsinə kömək edə bilər. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 8742 manat (12 ay azadlıqdan məhrum etmə təhlükəsi olmasına görə, aylıq 728 manat 50 qəpik, 12 aya vuraraq hesablanmışdır), ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 69 936 manat (verilmiş ittihamla cəmi 8 il azadlıqdan məhrum etmə nəzərdə tutulduğuna görə), ümumilikdə 78 678 manat ziyan dəymişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdehin, habelə məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri isə məhkəməyə gəlməmişlər.
19. Birinci instansiya məhkəməsinin 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı 2 dəfə qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində real olaraq 9 il ərzində azadlıqdan məhrum edilmə təhlükəsi olduğuna görə, ona həmin müddət üçün orta aylıq əmək haqqı - cəmi 78 678 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı həmin vaxt rəsmi iş yerinin və VÖEN-nin olmadığını, fərdi qaydada usta kimi fəaliyyət göstərdiyini bildirmiş, məhkəmələrə gediş-gəlişlə, həmçinin, ərizələr, şikayətlər və müxtəlif qurumlara müraciətlər yazdırmaqla əlaqədar da xərclər çəkdiyini, özünün və ailəsinin maddi zərər gördüyünü iddia etmiş, lakin tələb etdiyi kimi həmin vaxt orta aylıq əmək haqqı həddində qazanc əldə etməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı ona elan edilən ittihamlar üzrə ən ağır sanksiyaları toplayıb həmin müddət üçün maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bu tələb ağlabatan olmamaqla yanaşı, hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının ailə üzvlərinə dəymiş maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, onun həmin tələbə həm də subyektiv hüququ yoxdur.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci, 1100-cü, Cinayət Prosessual Məcəlləsinin 56-cı, 57.1-ci və 58-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanununa, Avropa Konvensiyasına istinad etmişdir.
22. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün təfsir etmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
24. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
25. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğu nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
30. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun
31. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
32. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
33. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
34. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
44. Belə ki, məhkəmə iddiaçının tələbini rədd edərkən, onun bununla bağlı (əmək haqqı, məhkəmələrə gediş-gəlişlə, həmçinin ərizələr, şikayətlər və müxtəlif qurumlara müraciətlər yazdırmaqla əlaqədar xərclər, başqa gəlirlərin itirilməsi və sair) hər hansı sübut təqdim edə bilmədiyinə əsaslansa da, hamıya bəlli olan halların və ya faktların sübuta ehtiyacı olmadığını (§ 38) nəzərdən qaçırmışdır.
45. İddiaçının Bakı şəhərinin Xəzər rayonu ərazisində qeydiyyatda olmaqla orada yaşadığı və həmin rayon məhkəməsində, eləcə də Bakı Apellyasiya və Ali Məhkəmədə keçirilən məhkəmə proseslərinə, habelə müvafiq cinayət işləri üzrə istintaq orqanına gedib-gəldiyi işin mübahisələndirilməyən halları olduğu üçün kollegiya hesab edir ki, onun ən azından nəqliyyata (yola) xərc çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi həmin xərcin məbləği ilə bağlı sübut təqdim etmədiyindən bu məbləğ ağlabatan mühakimə əsasında hesablanmalıdır.
46. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
47. Kollegiya hesab edir ki, Xəzər Rayon Məhkəməsində, eləcə də Bakı Apellyasiya və Ali Məhkəmədə keçirilən məhkəmə proseslərinə, habelə müvafiq cinayət işləri üzrə istintaq orqanına gedib-gəlməsinə görə iddiaçının çəkdiyi nəqliyyat xərclərinin (avtobus, metro, digər ictimai nəqliyyat növləri üçün) 400 manat məbləğində müəyyənləşdirilməsi və bu məbləğin ona ödənilməsi ədalət, insaf və mənəviyyat tələblərinə uyğundur.
48. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən, cinayət işlərinə baxılarkən onun müxtəlif orqanlara (şəxslərə) çoxsaylı şikayətlər (teleqramlar) ünvanladığı, həmin şikayətlərin göndərilməsi üçün poçt xidmətinə ümumilikdə 78,08 manat ödədiyi aydın olur; kollegiyanın qənaətinə görə həmin məbləğ də maddi ziyanın əvəzi qismində ona ödənilməlidir.
49. İddiaçı daha artıq maddi ziyana məruz qaldığını iddia etsə də, o, bununla bağlı mötəbər sübut təqdim etməmişdir; hansı ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, habelə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (§ 35,36).
50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2010/2024 saylı iş üzrə 03 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Maddi ziyanın əvəzi qismində 478,8 (dörd yüz yetmiş səkkiz manat 8 qəpik) manat dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov