Məhkəmə qərarları › İş №2(103)-4922/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4922/2022

17.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4922/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, tərəflərin iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdın tutulan alimentin məbləğinin dəyişdirilərək və artırılaraq tərəflərin birgə nikahdan olan övladları xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər uşağa 200 manat olmaqla cəmi 400 manat məbləğində pulun hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş №2(005)-994/22) iddia qismən təmin edilərək, cavabdehdən Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2016-ci il tarixli 2(103)-4992/2016 saylı qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2016-cı il tarixli 2(103)- 4992/2016 saylı qərardadı nəzərə alınmaqla) ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni qismən – iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 24 iyun 2003-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü Rauf və xx.xx.2006-cı il təvəllüdlü Toğrul adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2014-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan övladlarının ananın yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 200 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra iddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq aliment məbləğinin cəmi 234 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Uşaqların xərclərinin çox olması, cavabdeh tərəfindən ödənilən cəmi 254 manat məbləğində pulun uşaqların zəruri xərclərinə yetərli olmaması hazırkı iddianı qaldırmağı zəruri etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmayıb. Əksinə, səhhətində problemlər yaranıb. 2018-ci ildən hepatit diaqnozu ilə dispanser qeydiyyatdadır, ambulator müalicə alır. Müalicə və dərmanlara xeyli vəsait sərf edir. Bununla bağlı borcları var. "xxxx" ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin Yevlax Sukanal sahəsində təmirçi çilingər işləyir. 368,60 manat əmək haqqı alır. Əlavə qazancı yoxdur. Uşaqları böyütmək təkcə onun vəzifəsi deyil, iddiaçı da uşaqların maddi tələbatını təmin etməlidir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, xeyrinə aliment tutulan uşaqlardan Rauf Məmmədovun xx.xx.2022-ci il tarixdə artıq 18 yaşı tamam olmuşdur və həmin tarixdən etibarən onun xeyrinə aliment tutulmur. İddiaçı qarşıdakı iki il ərzində yalnız bir uşağa görə aliment ödəyəcəkdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh qətnaməni qismən - iddianın təmin olunan hissəsində mübahisələndirir. İddiaçı isə apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 26 aprel 2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16 iyun 2016-ci il tarixli 2(103)-4992/2016 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli 2(010)-1783/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 117 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçının hazırkı tələbi məhkəmə qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 117 manat məbləğində alimentin miqdarının artırılaraq 200 manat müəyyən edilməsi barədədir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmamış uşaqların mənafeyini, onların maddi cəhətdən təmin olunmasını, ölkə üzrə bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq iddianı qismən təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 81, 112-ci, eləcə də “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 193 manata qədər artırmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halların mövcudluğunu təsdiq edən sübutlar təqdim etməmişdir. Eyni zamanda həmin hallar öz təsdiqini tapmış olsa belə, alimentin artırılmasını istisna etmir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin işləməməsi, maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Uşaqların bütün xərclərinin ödənilməsi yükünün ancaq cavabdehin üzərinə qoyulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaqlar iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin xeyrinə aliment tutulan Rauf Məmmədovun xx.xx.2022-ci ildə artıq 18 yaşının tamam olduğunu və onun xeyrinə aliment tutulmayacağını da nəzərə alır. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 08 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar