Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4923/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi yyyyyyyyyyyy iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı (üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat ofisi cəlb edilməklə) “icra qeydinin ləğvi və borc miqdarının müəyyən edilməsi tələbinə dair” 2(005)-815/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı icra qeydinin ləğvi və borc miqdarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 saylı Notariat ofisinin qəbul etdiyi icra qeydi üzrə Cavabdeh tərəfindən tələb olunan 3000 (üç min) manat pul ilə bağlı tələbin ləğv edilməsi (icra qeydinin ləğvi) və ödəniləcək məbləğin dəqiqləşdirilməsi ilə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ilin yanvar ayında “Cavabdeh” ilə CC/59839/66/14 nömrəli kredit müqaviləsi bağlayaraq 3000 (üç min) manat pul borc götürmüşdür. Kredit müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulmuşdur. O, 2019-cu ilin yanvar ayından dekabr ayınadək hər ay müqavilə üzrə 100 manat olmaqla Cavabdeh-yə ödənişlər etmişdir. Lakin, sonradan dünyada baş verən siyasi və iqtisadi hadisələr ilə əlaqədar (pandemiya, iqtisadi krizis və.s) maddi vəziyyətimin pisləşməsi səbəbindən ödənişləri edə bilməmişdir. Cavabdeh-nin Bakı şəhəri 24 saylı Notariat ofisinə müraciəti əsasında 23 oktyabr 2020-ci il tarixdə notarius X1 müqavilə əsasında icra qeydi aparmış və icraya yönəltmişdir. İcra məmurunun ona müraciətindən dərhal sonra o, icra məmuruna öz etiraz ərizəni təqdim etmişdir. Bildirir ki, o, bir il müqavilə üzrə hər ay 100 manat olmaqla ödəmişdir. Bunu nəzərə alsa, onun qalıq borcu 3000 (üç min) manat qala bilməz. Bundan əlavə müqavilənin müddəti hələ bitməmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq bu müqavilə üzrə qalıq borcun dəqiqləşdirilməsinə ehdiyac vardır. Ödənişlər etməyinə baxmayaraq ondan yenidən 3000 manat pul tutulması onun hüquqlarının pozulması deməkdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, 18.03.2021-ci il tarixli məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Məhkəmə iclası barədə onlara nə şifahi, nə də yazılı məlumat verilməmişdir. Bu səbəbdən həmin iclasda iştirak edə bilməmişlər. İcra qeydinin ləğvi ilə bağlı tələb Cavabdeh-yə qarşı yönəldilmişdir. Halbuki, icra qeydini çıxaran qurum 24 saylı Notariat ofisidir. Bankın notariat ofisinin çıxartdığı icra qeydini ləğv etmək və ya hər hansı dəişiklik etmək səlahiyyəti və hüququ yoxdur. Bu halda iddiaya cavab verən Cavabdeh yox, notariat ofisi olmalıdır. Həmçinin hesab edirlər ki, icra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. Amma əgər borclu Banka qarşı qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Məsələn, şəxs borcunun olmasını inkar etmirsə, sadəcə icra qeydinin tarixi, nömrəsi səhv olduğundan və ya icra qeydi yanlış olaraq borclunun olduğu yerdə deyil digər yerdə yerləşən notarius tərəfindən aparıldığından onun ləğvini tələb edirsə həmin əsasla icra qeydinin ləğvi mahiyyət etibarilə qanunsuz və ədadlətsiz olardı. Həmin halda sadəcə notariusun intizam məsuliyyətindən söhbət gedə bilər. Hesab edirlər ki, məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İcra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Digər tərəfdən iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir əsas göstərməmişdir. İddia ərizəsinə əsasən aydın olur ki, iddiaçının narazılğı icra qeydindən və onun çıxarılması prosedurundan yox, həmin icra qeydində qeyd edilmiş Cavabdeh-yə ödəməli olduğu məbləğdəndir. Bu əsasa görə isə notariusun icra qeydi ləğv edilə bilməz. "Notariat haqqında" qanuna əsasən icra qeydi borcun mübahisəsiz olduğu halda çıxarılır. Sözügedən icra qeydində borcun olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir və belə demək olarsa qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi məqam borcun məbləği yəni əsas və faiz borcunun məbləğidir. Borc və borcun məbləği ayrı-ayrı anlayışlardır. Borcun olmasını iddiaçı öz iddia ərizəsi ilə artıq etiraf etmişdir. Borcun olması faktına görə də icra qeydi bununla bağlı "Notariat haqqında" qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır (bildirişin surəti və çatdırılması barədə qəbz şikayətə əlavə edilir). Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Məhkəmə araşdırması tam aparılmamışdır. Diqqət çəkən və fikirləricə maddi və prosessual normaların pozulması ilə müşayiət olunan qətnamənin qəbul edilməsinə səbəb olan hal ondan ibarətdir ki, məhkəmə araşdırması natamam aparılmışdır. Məhkəmə baxış iclasında iş üçün sübut əhəmiyyəti daşıyan lazımi sənədlər tədqiq edilmədən qətnamə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində həm icra qeydinin ləğv edilməsi həm də ödəniləcək məbləğin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin əsas məğzi olan bu hissəsi-məbləğin dəqiqləşdirilməsi hissəsi ümimiyyətlə tədqiq edilməmişdir. Qətnamənin nə əsaslandırıcı, nə də qət etdi hissəsində məbləğin dəqiqləşdirilməsi hissəsinə heç bir hüquqi münasibət bildirilməmişdir. Halbuki qətnamə ilə iddia tələbi tam təmin edilmişdir. Eyni zamanda, icra qeydinin çıxarılmasına əsas olmuş lazımi sənədlər bankdan tələb edilməmişdir. Ədalət mühakiməsinin əsas prinsiplərindən olan "ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi" müddəası məhkəmə prosesi zamanı nəzərə alınmamışdır. Sanki məhkəmə tələm-tələsik və prosesi tez zamanda yekunlaşdırmaq naminə bu formada qətnamə çıxarmışdır. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tələbkar Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin borclu İddiaçı ünvanladığı 10 sentyabr 2020-ci il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclu şəxsə göndərilən bildiriş”in, poçt qəbzinin surətindən və məzmunundan görünür ki, borclu İddiaçı barəsində 10 dekabr 2018-ci il tarixli, CC/59839/66/14 nömrəli borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 48 ay müddətinə, illik 24 faiz olmaqla 3000 (üç min) manat məbləğində kredit götürmüş və bununla bağlı müvafiq öhdəlikləri yaranmışdır. 10.01.2020-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində 10.09.2020-ci il tarixinə 10.12.2018-ci il tarixli, CC/59839/66/14 nömrəli sənəddən irəli gələrək 2491,24 manat əsas, 446,92 manat faiz, 32,74 manat cərimə borcu ödənilməlidir. Borc 20 (iyirmi) gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə borclu İddiaçı xəbərdar edilmişdir; Cavabdeh-nin Bakı şəhəri 24 saylı Notariat ofisinə müraciəti əsasında notarius X1 tərəfindən 23.10.2021-ci il tarixdə icra qeydi tərtib edilmişdir. Həmin icra qeydindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir ki, təqdim edilən sənədlər üzrə AZ1069 Bakı şəhəri Nərimanov rayonu, X3, ev 42 ünvanında yerləşən Cavabdeh-nin xeyrinə Bakı, Suraxanı, Günəşli qəs., d y\s 31 167 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********. 09.07.2016 - Asan4-2) CC/59839/66/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3006 manat 28 qəpik (üç min altı manat iyrmi səkkiz qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borclu İddiaçı 32 manat 74 qəpik (otuz iki manat yetmiş dörd qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 3059 manat 02 qəpik (üç min əlli doqquz manat iki qəpik) pul tutulsun. Cavabdeh-nin 04.06.2021-ci il tarixli, №MXD-471/2021 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 10 dekabr 2018-ci il tarixli, CC/59839/66/14 nömrəli müqaviləyə əsasən 01.06.2021-ci il tarixədək 1221,68 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişlərdən 508,76 manat əsas, 669,74 manat faiz, 43,18 manat cərimə borcundan silinmişdir. 10.09.2020-ci il tarixə İddiaçı Cavabdeh-yə 2491,24 manat əsas, 446,92 manat faiz, 32,74 manat cərimə borcu vardır. 23.10.2020-ci il tarixə İddiaçı Cavabdeh-yə 2491,24 manat əsas, 518,36 manat faiz, 32,74 manat cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Hazırkı iş üzrə mübahisələndirilən 23.10.2021-ci il tarixli icra qeydi Bakı şəhəri 24 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmişdir. İddiaçı icra qeydinin ləğvi barədə iddia tələbini icra qeydini vermiş Bakı şəhəri 24 nömrəli notariat ofisinə qarşı deyil, cavabdeh qismində Cavabdeh-yə qarşı irəli sürmüşdür. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-815/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh-nə qarşı 24 saylı Notariat ofisinin qəbul etdiyi icra qeydi üzrə Cavabdeh tərəfindən tələb olunan 3000 (üç min) manat pul ilə bağlı tələbin ləğv edilməsi (icra qeydinin ləğvi) və ödəniləcək məbləğin dəqiqləşdirilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4923/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4923/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver