Məhkəmə qərarları › İş №2(103)-4924/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4924/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4924/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1022/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2071,60 manat məbləğində zərərin və 40,74 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2112,34 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1022/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə müraciət edərək, buraxılmış prossesual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2(005)- 1022/2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın Birinci instansiya məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə hər iki tərəfə göndərilmiş, cavabdeh poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə əldə etmişdir. Həmçinin cavabdeh qeyd olunan imzanın ona məxsus olmadığını, hazırda həmin ərazidə yaşamadığını bildirsə də, məhkəməyə təqdim olunmuş apellyasiya şikayətindən də görünür ki, iddiaçı həm faktiki və qeydiyyat üzrə yaşayış yerini ünvan 1 ünvanı kimi qeyd etmişdir. Belə olan halda, cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti buraxılmışdır. Digər tərəfdən, məhkəmə iş materiallarında olan qətnamənin 22 may 2023-cü il tarixdə cavabdehə şəxsən təqdim olunmasına dair qəbzə münasibətdə qeyd edir ki, bu hal məhkəmə aktınık təkrar alınması kimi qiymətləndirilməlidir. Hazırda da cavabdeh prosessual müddətin hər hansı üzürlü səbəbə görə buraxılmasını bildirmir. Müddətin bərpası üçün əsas kimi qətnamənin təqdim edilmədiyini göstərir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq, həmçinin qeyd edir ki, qətnamə rəsmi qaydada cavabdehin ünvanına göndərilmiş və işdə olan xəbərnaməyə əsasən qətnamə şəxsən (xəbərnamədə - “Cavabdeh” yazılmaqla imza edilmişdir) təqdim olunmaqla xx.xx.2023-cü il tarixdə alınmışdır. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan (qeydiyyatda olduğu) ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni hətta cavabdeh artıq həmin ünvanda yaşamasa da, məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir. Qətnamədən qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilmədiyindən, qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin «Raihani – Belçikaya qarşı», «Məmmədov və digərləri Rusiyaya qarşı» işlərdəki mövqeyi). Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Cavabdeh isə prosessual müddətin bərpasına dair ərizəsində müddətin keçməsinin konkret üzrlü səbəblərini göstərməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız qətnaməni almamasına, onu sonradan əldə etməsinə, qeydiyyatda olduğu ünvanda yaşamamasına əsaslanmışdır ki, bu hallar da prosessual müddətlərin bərpası institutunun mahiyyəti ilə uzlaşmır. Yəni, əgər şəxs həqiqətən məhkəmə icraatından və qətnamədən ümumiyyətlə məlumatlı olmamışsa, o zaman müddətin bərpasına dair ərizə verməsinə də zərurət olmazdı. Cavabdeh ərizə verməklə bir tərəfdən müddəti ötürməsini təsdiq edir, digər tərəfdən isə əks mövqe sərgiləyir. İşdən isə müddətin ötürülməməsi halı müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün prosessual əsaslar yoxdur. Cavabdehin irəli sürdüyü dəlillər prosessual müddətin üzrlü sayılması üçün qanuni əsas təşkil edə bilməz. Belə olan halda, məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, qərardad qanuni və əsaslıdır. Həmçinin, qeyd edilməlidir ki, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1022/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1022/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar