Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4924/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Essert (Kazımov) Kazım Davud oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: “mənzilə köçürülməklə istifadə hüququnun tanınmış hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1279/25 saylı iş üzrə 06 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı Essert (Kazımov) Kazım Davud oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ1053, ünvan 1 ünvanında yerləşən 0.12537 ha torpaq sahəsi X10 məxsus olmuşdur. O, xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsələri: oğlu İddiaçı, qızı X11 (bundan sonra iddiaçı) və qızı Cavabdeh3 müəyyən edilmiş, onların hər birinə qeyd edilən torpaq sahəsindən 1/5 hissədə pay verilmiş, əmlakın qalan 2/5 hissəsi açıq saxlanılmışdır. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması barədə müqaviləyə əsasən İddiaçı və X11 atalarından miras qalmış əmlakdan onların hər birinə çatası 1/5 hissədə miras paylarını bacıları Cavabdeh3 bağışlamışlar. Həmin torpaq sahəsinin 3/5 hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2/5 hissəsi X9 adında açıq saxlanılmışdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3437/2024 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Ofisinə, Cavabdeh3, X6, İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır.
3. Qeyd olunan torpaq sahəsinin üzərində fərdi yaşayış evi var və iddiaçı həmin evdə qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Essert (Kazımov) Kazım Davud oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evə istifadə hüququnun tanınmış hesab edilməsi və mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1960-cı ildə valideyinləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə köçmüş və həmin vaxtdan da qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla, son vaxtlaradək yaşamışdır. Həmin ev atasına məxsus olmuş, uzun müddət əsaslı təmir işləri aparılmadığından məhdud kommunal şəraitli olduğundan mübahisə predmeti olan evi birlikdə əsaslı şəkildə təmir etməklə yaşayış üçün normal şəraitli otaqlar yaratmışlar. İş üzrə cavabdehlər onun mərhum qardaşının həyat yoldaşı və qızıdır. Əvvəllər münasibətləri normal olmuş, aralarında mənzilə və yaşayış sahəsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Son vaxtlar səhhətində yaranan problemlərlə əlaqədar mütəmadi olaraq xarici ölkəyə müalicəyə gedir. Hətta orada qalmaq xərcləri çox olduğundan müvəqqəti yaşamaq icazəsi üçün Essert Svetlana adlı xanımla nikah müqaviləsi bağlamışdır. O, müalicə dövründə orada qaldıqdan sonra öz daimi yaşayış ünvanına gələrkən cavabdehlər tərəfindən evin giriş qapısının açarının dəyişdirilməklə onu daimi qeydiyyatda olmaqla yaşadığı evə buraxmamışlar. Hazırda da, bu səbəbdən öz yaşayış yerinə qayıda bilmir. Hesab edir ki, cavabdehlərin bu hərəkəti qanunsuz və əsassızdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1279/2025 saylı iş üzrə 06 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.”. İş üzrə müəyyən edilir ki, hazırda iddiaçı tərəfindən istifadə hüququnun tanınmış hesab edilməsinə istinad edilən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ev hazırda dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Başqa sözlə, həmin ünvanda yerləşən torpaq sahəsinə dair çıxarış mövcud olsa da, üzərində inşa edilmiş ev özbaşına tikilməklə, dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə Almaniya Federativ Respublikasında yaşayır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 18, 152.1, 152.2, 152.3, 157.2, 157.8, 158.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, təqdim olunmuş sənəd və sübutlara hüquqi qiymət verməmiş, bununla da iddiaçıların məhkəmə müdafiəsi təminatı hüquqlarını pozmuş, iddiaçı əvvəllər həmin mübahisəli tikilinin yerləşdiyi yerdə yaşadığını, sonradan şəxsi vəsaiti hesabına tikilini əsaslı təmir etdirdiyini və orada yaşamağa davam etdiyini, həmin ünvan üzrə pasport qeydiyyatında olduğunu, səhhətində yaranan problemlərlə əlaqədar bir müddət orada yaşaya bilmədiyini, lakin sonradan cavabdehlər tərəfindən həmin evə buraxılmamasını nəzərə almayaraq istifadə hüququ olan mənzilə köçürülməsini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı subyektiv hüququn olmaması qənaətinə gəlinsə də bu hal sübuta yetirilməmişdir. Belə ki, təqdim olunan hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan mənzilə dair hüququmuzu olması təsdiqlənməsinə baxmayaraq məhkəmə bu halı qəbul etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. Cavabdeh1 nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
14. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, birinci instansiya məhkəməsi mənzilə köçürülmə tələbinə aid hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən – mənzilə köçürülmə tələbinin rədd olunması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməlidir.
21. Mənzilə köçürülmə tələbi hissəsində Kollegiya aşağıdakıları qeyd edir.
22. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla: AZ1053, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12537 ha olan torpaq sahəsi iddiaçının atası X10 məxsus olmuş, bu şəxs xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. X9 iddiaçı ilə birlikdə 4 övladı: iddiaçı, İddiaçı, Cavabdeh3 və X15 olmuşdur. X15 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 miras qalmış torpaq sahəsi üzərində oğlu İddiaçı, qızı X5 və qızı Cavabdeh3 hər birinin 1/5 hissədə pay hüququ tanınmış, 2/5 hissə isə açıq saxlanılmışdır. Bundan sonra iddiaçı və İddiaçı həmin torpaq sahəsi üzərindəki payından Cavabdeh3 xeyrinə imtina etmiş və xx.xx.2023-cü il tarixdə sonuncunun həmin torpaq sahəsinin 3/5 hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin 2/5 hissəsi X9 adında açıq saxlanılmışdır. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 və Cavabdeh2 başqa bir işdə İddiaçı və qeyrilərinin adına verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəmə qaydasında mübahisələndirmiş, lakin onların iddiası təmin olunmamışdır.
23. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsinin 3/5 hissəsi hal-hazırda Cavabdeh3 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yerləşən və iddiaçının da qeydiyyatda olduğu 39 saylı fərdi yaşayış evi isə dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı məhz fərdi yaşayış evinə istifadə hüququnun tanınmış hesab edilərək, köçürülməsini xahiş edir.
24. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
25. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və hal-hazırda mübahisəli evdə yaşamaq istəsə də, hal-hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, bu cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
26. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsinin mülkiyyətçisi olan Cavabdeh3 iddiaçının mübahisəli evə köçüb yaşamasına etiraz etməmişdir. O, bu barədə rəsmi ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin ərizədə onun imzasının həqiqiliyi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda, Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsi cavabdeh olan Cavabdeh3 mülkiyyətindədir və onun mübahisəli fərdi yaşayış evinə gözlənti hüququ vardır ki, onun da yaşayış yeri mübahisəli fərdi yaşayış evi olan iddiaçının həmin evə köçürülməsinə hər hansı bir etirazı yoxdur və bununla bağlı razılıq ərizəsi var.
28. Hazırki iş üzrə digər cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 iddiaçının və eləcə də Cavabdeh3 xx.xx.2005-ci il tarixdə ölmüş qardaşı X12 müvafiq olaraq arvadı və qızıdır. Onlar qeyd edilən xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmişlər. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3437/2024 saylı qətnaməsi ilə onların iddiası təmin edilməmişdir. Həmin icraat çərçivəsində aparılan araşdırma zamanı mübahisəli evin Cavabdeh1 ilə xx.xx.2005-ci il tarixdə vəfat etmiş X12 birgə nikahda olduqları dövrdə onlar tərəfindən inşa edilməsi sübuta yetirilməmiş, o cümlədən onların həmin evlə bağlı hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmişdir.
29. Həmçinin, Kollegiya qeyd edir ki, iş materiallarında iddiaçının mübahisəli fərdi yaşayış evi ilə əlaqəsini kəsməsini və orada yaşamamasını sübut edən hər hansı dəlil mövcud deyildir.
30. Beləliklə, məhkəmə, cavabdehlər kimi iddiaçının da yaşayış yerinin həmin fərdi yaşayış evi olmasını və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh3 iddiaçının həmin evə köçürülməsinə razılığının olmasını, cavabdehlər kimi iddiaçının da mübahisəli fərdi yaşayış evində yaşamaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı Essert (Kazımov) Kazım Davud oğlu Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11 (yeni qaydalarla Bakı şəhəri,Binəqədi rayonu,Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, giriş 277) torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi tələb etməkdə haqlı olmuşdur.
31. Bununla belə məhkəmə kollegiyası onu da vurğulayır ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir, bu səbəbdən iddiaçının “həmin evə istifadə hüququnun tanınmış hesab edilməsi” tələbi təmin edilə bilməz, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir.
32. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli qətnaməsi qismən – iddiaçı Essert (Kazımov) Kazım Davud oğlunun mənzilə köçürülmə tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. İddiaçı Essert (Kazımov) Kazım Davud oğlu Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 11-də (yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi 277) 0,1254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.