Məhkəmə qərarları › İş №2(103)-4925/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4925/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4925/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5529/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı – cavabdehdən 441,42 manat əsas, 10,53 manat faiz, 5,35 manat cərimə, cəmi 457, 30 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5529/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat borc və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı “xxxxxxx” KB ASC ilə onun arasında 84 ay müddətinə illik 30 faizlə 500 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Ağır maddi vəziyyəti ilə əlaqədar olaraq o, krediti vaxtında ödəyə bilməmiş və bankın xx xxxxxx 2019-cu il tarixli “bildiriş”inə əsasən xx xxxxxx 2019-cu il tarixə 477,25 manat əsas, 59,85 manat faiz, 5,79 manat cərimə, cəmi 542,89 manat borcu yaranmışdır. 2019-cu ilin fevral ayından başlayaraq məhkəmə qətnaməsi çıxarılan xx xxxxxxxx 2019-cu il tarixədək terminal vasitəsilə onun adından 230 manat ödəniş edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə cavabdehin təqdim etdiyi ödəniş qəbzlərini nəzərə almamış, onları bankın verdiyi maliyyə arayışı ilə müqayisəli şəkildə araşdırmamış, qalan 161,07 manat borcun bankın xeyrinə tutmaq əvəzinə, yekun olaraq banka cəmi 391,07 manat borcun qalması qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən cavabdeh qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Dadaşzadə apellyasiya şikayətini müdafiə edərək, qardaşının banka olan borcunu onun ödədiyini, qardaşının həbsdə olduğunu, bu barədə banka məlumat verdiyini, banka olan 500 manat borcun 400 manatını hər ay ödədiyini, lakin ödədiyi pulun kifayət etmədiyini, böyük məbləğdə borc yazıldığını qeyd etdi. O, qardaşının həbsdə olduğunu, borcu onun ödədiyini, götürülən kreditin isə onun borclarına ödənildiyini nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Tağızadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: 5771tkİNSH/14 saylı, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxx” KB ASC ilə Cavabdeh arasında 84 ay müddətinə illik 30 faizlə 500 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. “xxxxxxx” KB ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5771tkİNSH/14 saylı kredit müqaviləsi üzrə 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, borclu öhdəliklərini yerinə yetirməmiş, əsas və faiz borcu ödənilməmiş qalmışdır. Bununla yanaşı, iddiaçı 441,42 manat əsas, 10,53 manat faiz, 5,35 manat cərimə, cəmi 457,30 manat borcun ödənilməsini tələb etsə də, iş materiallarına əlavə edilmiş maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh banka 380,10 manat əsas, 8,67 manat faiz, 2,30 manat cərimə, cəmi 391,07 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. ««Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5529/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar