Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4926/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1387/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 7 770.82 manat, faiz borcu üzrə 818.36 olmaqla, cəmi üzrə 8 589.18 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 105,89 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 məhkəməyə ərizə ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadən)müraciət edərək,hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İşə baxmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1387/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Aqrarkredıt QSC-nin cavabdehlər Cavabdeh1 Qurbanəlı oğlu, Cavabdeh2 və X2 əsas borc üzrə 7770.82 manat və faiz borcu üzrə 818.36 manat olmaqla cəmi 8589.18 manat pul vəsaitinin və ödənilmiş 105.89 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 105.89 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 377.1, 377.2, 375.2, 554.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-ci maddələrinə, «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə edilmiş saziş və ödəniş cədvəlindən görünür ki, müqavilənin icra müddəti xx.xx.2018-ci il, cavabdehin son ödəniş tarixi isə xx.xx.2018-ci ildir. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş, yəni həm müqavilənin icra müddətindən, həm də borclu şəxsin sonuncu ödəniş tarixindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
4. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki: - Cavabdeh1 ilə "Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015ci il tarixli, № 1855/-xx.xx.2015- SÜR56 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 21% olmaqla 8800 manat məbləğində pul vəsaiti verilmişdir; -"Azərbaycan Respublikası Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur; -11 avqust 2015-ci il tarixli, "Aqrarkredit” QSC ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış müqavilə ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu "Aqrarkredit” QSC-yə güzəşt etmişdir; xx.xx.2021-ci il tarixli bildirişə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu "Aqrarkredit” QSC-yə güzəşt etməsi barədə cavabdehlərə məlumat verilmişdir;-Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7920.82 əsas borc və 818 manat faiz borcunun tutulması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8034/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədə qeyd edilir ki, iddiaçı "X7 Edilməsi Agentliyi özünün yox, məhz başqasının - "AqrarKredit” QSC-nin mənafeyinə iddia qaldırmış, "X7 Edilməsi Agentliyi”nin öz mənafeyi üçün iddia qaldırmasına maddi-hüquqi əsas yoxdur, belə ki, o, həmin borc məbləğini tələb etmək hüququna malik deyildir (iş.səh.12-31, 42, 48, 70, 74).
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1387/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Şikayətdə Mülki Məcəllənin 373, 385, Mülki Prosessual Məcəllə 1, 14.2, 77.1, 78.1, 80, 81, 384-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı “Aqrarkredit" QSC-nin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı “əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürməmişdir. Hesab edir ki, mülki mübahisəyə baxılan zaman qeyd olunan hallar məhkəmə tərəfindən xüsusi ilə nəzərə alınmalı və iddia müddətinin axımının davam etməsi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 150,00 manat məbləğində ödəniş edildiyi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən davam edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində ödəniş edildiyini, ilk dəfə xx.xx.2021ci il tarixdə iddia verdiklərini, iddia ərizəsinin Suraxanı rayon Məhkəməsinin 2(010)- 835/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarıldığını, bunu nəzərə alaraq iddia müddətinin ötürülmədiyini hesab etdiklərini və başqa bir əlavəsinin olmadığını bildirmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 barışıq əldə edilmədiyini, iddia müddətinin ötürüldüyünü hesab etdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
10. (Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına əsasən) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda tam, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 372- 390, 477, 550-554, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80- 82, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına əsasən, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
12. Diqqətə çatdırılmalıdır ki, Mülki Məcəllənin 377-ci maddəsinə görə: iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
13. Məcəllənin 378-ci maddəsinə görə: Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
14. Məcəllənin 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.
15. Məcəllənin 379.2-379.6-cı maddələrinə əsasən: Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir.Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
16. Məcəllənin 380-ci maddəsinə görə: Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
17. Məcəllənin 382-ci maddəsinə görə: İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına əsasən: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
19. Hazırki münasibətlərdə məhkəmə kollegiyası, hətta analogiya üzrə belə müddətin axımının dayanması, kəsilməsi və müddətin üzrlü hesab edilərək bərpası üçün əsaslar müəyyən etmir. Belə ki, iddiaçının özünün apellyasiya şikayətində etiraf edilənlərə əsasən belə, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 150,00 manat məbləğində ödəniş edildiyi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən hesablanan (davam edən) müddət xx.xx.2018-ci il tarixdə bitmiş və müddəti ötürərək, xx.xx.2021-ci il tarixdə iddia ilə ilk dəfə, sonra isə xx.xx.2022-ci il tarixdə hazırki icraat üzrə məhkəməyə müraciət etmişdir.Müddətin dayandırılması və bərpası üzrə dəyərləndirmə iddia müddətinin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında təsadüf etdiyini ehtiva edir. Lakin qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də apellyasiya baxışının hədləri baxımından mümkün deyildir. Bundan əlavə, iddiaçı müddətin ötürülməsi səbəblərinin (iddia müddətinin son altı ayında) üzrlü sayıla bilən halları müzakirəyə təqdim etsə də, kollegiya bunları da nəzərə aldıqda yenə müddətin ötürüldüyünü müəyyən edir.
20. Belə ki, apellyasiya icraatı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab məktubunda İddiaçı QSC Bank olmayan kredit təşkilatının xx.xx.2021-ci il tarixində (poçt zərfinə əsasən) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdiyi və həmin mülki işin xx.xx.2022-ci il tarixində hakim Təranə Mahmudovanın icraatına daxil olduğu qeyd edilmişdir.
21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalı, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ : İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1387/2022 saylı işi üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.