Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4926/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «borcun ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2503/2023 saylı, 20 aprel 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi qeyd olunub.
2. xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub.m; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub.m, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub.m; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub.m. Bu sərfiyyatın cəmi 73440 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir.
3. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi qeyd olunub.
4. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 864 kub.m; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2160 kub.m; - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2016 kub.m; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 1080 kub.m; Bu sərfiyyatın cəmi 6120 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 734,40 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9547,20 manat zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulmasını xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, cavabdehin təbii qazdan istifadəyə görə 1159 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 9547,20 manat maddi ziyan vurmuşdur.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2503/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi (hakim Vidadi Qasımov) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 2564,35 manat məbləğində maddi zərər və 1159 manat debitor borcu, cəmi 3723,35 manat alınaraq İddiaçınə ödənilməsi; iddianın maddi ziyanın 6982,85 manat hissəsində təmin edilməməsi; iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,46 manat hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçınə ödənilməsi; ödənilmiş dövlət rüsumunun qalan 79,66 manat hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı ərizəsində həmin məbləğin 8812,80 manat hissəsinin xx.xx.2022-ci il tarixli ******* nömrəli, 734,40 manat hissəsinin isə xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında hesablandığını bildirsə də, məhkəməyə xx.xx.2022ci il tarixli deyil, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar təqdim etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, ******* nömrəli aktın tarixinin iddia ərizəsində səhvən xx.xx.2022ci il kimi yazıldığını, əslində isə həmin aktın tarixinin xx.xx.2022-ci il olduğunu bildirmişdir. Eyni zamanda, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablamasını məhkəmə düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7- ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamanın 30 gün üçün aparılması isə düzgündür, çünki xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra ötən müddət məhz 30 gün olmuşdur. Qeyd olunan 182 gün və 30 gün müddətlərinin cəmi 212 gün təşkil edir. Cavabdehə məxsus qaz qurğularının sayına gəldikdə isə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə qaz plitəsi ilə yanaşı əlavə olaraq hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyri standart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə (1,2 + 3) maksimal saatlıq qaz sərfi 4,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 212 gün olmaqla, cəmi 21369,6 kub.m qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub.m qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (21369,6 kub.m x 0,12 manat) 2564,35 manat təşkil edir. Odur ki, iddia qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin və 1159 manat debitor borcun, cəmi 3723,35 manat məbləğin tutulması hissəsində təmin edilməli, maddi zərərin qalan 6982,85 manat hissəsində isə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həin hissədə də təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat müddətlərini düzgün hesablamamış, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən, itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
13. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:
Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir, yəni təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın tam təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilməyən hissəsində faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia o hissədə haqlı sayılmır.
22. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin ona təmin edilən məbləğdən artıq miqdarda maddi zərər vurulduğunu göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
23. Düzdü, cavabdeh ərizə ilə məhkəməyə müraciət edib 3 gün ərzində qazdan qanunsuz istifadə etdiyini, evində iki gözlük qaz sobası və qeyri-standart su qızdırıcısının olduğunu bildirib. Məhz cavabdehin bu etirafını nəzərə alaraq birinci instansiya məhkəməsi qazdan sayğacdan kənar istifadəyə görə iddianı qismən təmin etmişdir. İddiaçı tərəf sayğacdan kənar istifadənin həcminə dair məhkəməyə mötəbər sübut təqdim etməsə də birinci instansiya məhkəməsinin təmin etdiyi məbləğ iddiaçının mənafeyinə kifayət qədər uyğun olmuşdur.
24. Ancaq cavabdeh iddianın təmin edilən hissəsini mübahisələndirməsə də iddiaçı təmin edilməyən hissəni mübahisələndirir, lakin şikayətində, şikayət xatirinə istifadə olunan ümumi dəlillər göstərir və maddi və prosessual hüquq normalarının tətbiqində konkret hansı səhvə yol verildiyini açıqlamır. Yəni, birinci instansiya məhkəməsi birinci akt tərtib edilən vaxtdan əvvəlki altı ay üzrə qazdan sayğacdan kənar istifadəyə görə iddiaçının xeyrinə fərdi yaşayış evi üçün kifayət qədər yüksək məbləğin ödənilməsini təmin etmişdir.
25. İddiaçının bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin ona vurduğu maddi ziyan həcmini müəyyən etmək mümkünsüzdür. Çünki, cavabdehin qeyd olunan məbləğdə iddiaçıya zərər vurması inandırıcı və ağlabatan görünmür. İddiaçı cavabdehin sayğac vasitəsilə əvvəlki dövrələr üzrə istehlak etdiyi qazın həcminə dair də məhkəməyə sübut təqdim etməyib. Buna görə də, dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.
26. Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa iddiaçı “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. O isə bu barədə yalnız iki akt və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əksini əks etdirən tələbnamə təqdim etmişdir. Bu gür sənədlər isə mötəbər hesab edilə və iddianın tam təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin də törətdiyi mülki hüquq pozuntusu həcmində öhdəliyi yarana və buna uyğun məsuliyyət daşımalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2503/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2503/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.