Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4929/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir.
2. Cavabdeh tərəfindən bu Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya 2.484 manat məbləğində zərər vurmuşdur. Həmçinin 2.484 manat məbləğində hesablanmış zərərdən başqa cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 1.689,60 manat borcu (debitor borc) da yaranmışdır.
3. 2020-ci ilin mart ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh tərəfindən cəmi 241 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 2484 manat maddi zərər, 1689,60 manat debitor borc və 61,74 manat dövlət rüsumunun məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir..
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus ev təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Hazırda həmin akt əsasında hesablanmış ziyan məbləğlərinin, qalıq borcun, məhkəmə xərclərinin tutulması xahiş olunur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 329,4 manat dəymiş zərər, 1598,6 manat məbləğində sərfiyyat borcu olmaqla, cəmi 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin və 39,28 (otuz doqquz manat, iyirmi səkkiz) manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən Qaydaların tələbləri kobud surətdə pozulmuş, qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə olunmaqla iddiaçıya xx.xx.2019-cu il tarixli akt əsasında 329,4 manat məbləğində zərər vurmuşdur.
8. Digər aktlarla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı sonrakı aktlar üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz.
9. Həmçinin işdə olan, abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin yanvar ayından dekabr ayınadək 756 manat, yeni tarifə keçidlə əlaqədar 49 manat, 2021-ci il üzrə 712,10 manat, yeni tarifə keçidlə əlaqədar 8,3 manat, 2022-ci il üzrə 277,16 manat, yeni tarifə keçidlə əlaqədar 37,04 manat məbləğində debitor borcu vardır. 2020-ci ildə 45 manat, 2021-ci ildə 40 manat, 2022-ci ildə 156 manat ödəniş edilmişdir.
10. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən – xx.xx.2019-cu il tarixli akt əsasında hesablanmış 329,4 manat dəymiş ziyan məbləğinin və istehlak edilmiş, lakin əvəzi ödənilməmiş qaz sərfiyyatına görə 1598,6 manat borcun tutulması hissələrində təmin edilməlidir.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1770/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması, həmçinin də sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyri-qanuni xətt ləğv edilmişdir. Lakin sonradan istehlakçı yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bu hal bir neçə dəfə də əməkdaşlarımız tərəfindən aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmiş və hər dəfə də qeyri-qanuni xətt ləğv edilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə, həmiçinin də sayğaca müdaxilə etməklə istifadə edərək İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Bundan əlavə istehlakçının sayğac vasitəsilə istifadə edilmiş təbii qaza görə debitor borcu da yaranmışdır. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddianın tam şəkildə təmin edilməsi xahiş edilir. İddia tələbinin qismən təmin olunduğunu nəzərə alan kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
23. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqımüqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
27. 3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
28. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
29. Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
30. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
33. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “sərfiyyat borcu üzrə tutulmalı olan məbləğ” hissəsində dəyişdirilməlidir.
36. Beləliklə məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, ünvan 2 ünvanına dair qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi üzərinə götürmüşdür.
37. Cavabdeh alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı cavabdehdən yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
38. Beləlikə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı xeyrinə Cavabdeh hesablanmış debitor borcunu tutmuşdur. Lakin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin cəmini hesablayarkən texniki səhvə yol vermişdir.
39. Belə ki, işdə olan, abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin mart-dekabr ayları üzrə 269 manat sərfiyyat borcu və limitdən əlavə 49 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 712,10 manat və limitdən əlavə 8,3 manat, 2022-ci ilin yanvar-may ayları üzrə 277,10 manat və limitdən əlavə 37,04 manat məbləğində sərfiyyat borcu vardır. Həmçinin sayğac dəyişikliyindən sonra abonentin 578 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. 2020ci ilin mart ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh tərəfindən cəmi 241 manat məbləğində ödəniş edilmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə tələb edilən sərfiyyat borcu üzrə 1.689,60 manat pulun tutulmalı olması əvəzinə 1.598,60 manat məbləğində pul tutulmuşdur.
40. Məhkəmə kollegiyası cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər üzrə hesablanmış borc ilə əlaqədar hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qeyd edilən hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan mübahisələndirilən qətnamənin bu hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh barəsində xx.xx.2019-cu il tarixdən başlayaraq ardıcıl olaraq xx.xx.2022-ci il tarixədək qaz xəttinə qanunsuz qoşulmağa görə aktlar tərtib edilmişdir. Həmin aktlarla bağlı kollegiya qeyd edir ki, istehlakçının üç il ərzində qaz paylayıcısına davamlı zərər vurmasına görə qaz paylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkətin edilməsi isə müəyyən edilmir.
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh hesablanmış debitor borcunun miqdarı dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə sərfiyyat borcu olaraq 1.689,60 manat məbləğində puı tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi “sərfiyyat borcu üzrə tutulmalı olan məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə təmin edilsin. Cavabdeh sərfiyyat borcu olaraq 1.689,60 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova