Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4929/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)- 1828/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 9.000 manat, mənəvi zərərin əvəzi kimi 2.000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 2.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, 5.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. İddianın qalan hissəsi təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçıdan cəmi 5.040 manat borc pul alıb, həmin pulu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan müddətdə bank kartı vasitəsilə hissə-hissə alıb, hər hissənin miqdarı 3.000 manatdan az olduğuna görə pul şifahi razılaşma əsasında verilib, 5.040 manatın 4.567 manatını eyni dövrdə qaytarıb, qalan borc 473 manatdır, həmin pulun qaytarmağa hazırdır. Bundan başqa, iddiaçı verdiyi pul görə faiz tələb etdiyinə görə, faiz kimi 1.000 manat ödəməyə razıdır. Yəni iddiaçıya ümumilikdə 1.473 manat ödəməyə razıdır. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 2024-cü ilin qış aylarında cavabdehə 4.000 manat borc pul verib, pul hissə-hissə bank kartı vasitəsilə verilib. Bundan sonra 2024-cü ilin payız aylarında Nərimanov rayonunda 45 saylı məktəbin qarşısında cavabdehə 5.000 manat nağd formada borc verib. Cavabdehə ümumilikdə 9.000 manat borc verib. Cavabdeh 4.000 manatı qaytarıb, 5.000 manatı isə qaytarmayıb. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Müəyyən olunur ki, 2024-cü ildə iddiaçı (borc verən) ilə cavabdehin (borc alanın) arasında müxtəlif məbləğlərə dair şifahi formada bir neçə borc müqaviləsi bağlanıb. Bunu hər iki tərəf təsdiq edir. 7.Müəyyən olunur ki, borc bank kartı vasitəsilə hesabdan hesaba köçürmə yolu ilə verilib və borc verilən pulun ümumi məbləği 5.040 manat təşkil edib. Belə ki, cavabdeh ümumilikdə 5.040 manat borc aldığını etiraf edir, iddiaçı isə 5.040 manatdan artıq borc verdiyini təsdiq edən sübut təqdim edə bilmir. Ona görə də cavabdehin etiraf etdiyi məbləğ borc verilmiş pulun ümumi məbləği kimi müəyyən olunmalıdır. 8.Borc müqavilələri şifahi formada bağlansa da etibarlıdır. Belə ki, 5.040 manat ümumi borc ayrı-ayrı vaxtlarda bağlanmış bir neçə müqavilə əsasında verilib. Hər müqavilənin predmetinin məbləği 3.000 manatdan artıq olmadığına görə, şifahi müqavilə etibarlı sayılır. 9.Borc alınmış pulun qaytarılmayan hissəsi 473 manat təşkil edir. Belə ki, cavabdeh bildirir ki, borc aldığı 5.040 manatın 4.567 manatını qaytarıb, qalan borc 473 manat təşkil edir. Cavabdeh bunu həm apellyasiya şikayətində yazılı formada qeyd edib, həm də apellyasiya icraatı zamanı bu barədə yazılı ərizə verib. İddiaçı bank kartı vasitəsilə verilmiş borcun qaytarıldığını bildirsə də, cavabdeh bank kartı vasitəsilə aldığı borcun 473 manatının qaldığını etiraf etdiyinə görə, 473 manat borc iddiaçının xeyrinə tutulmalıdır, çünki bu, iddiaçının mənafeyinə zidd sayılmır. İddiaçı bank kartı vasitəsilə borc verilən puldan əlavə nağd formada 5.000 manat borc verdiyini və həmin borcun qaytarılmadığını iddia etsə də, nağd formada 5.000 manat borc verdiyini sübut edə bilmir. 10.Bundan başqa, cavabdeh apellyasiya icraatı zamanı izahatında bank kartı vasitəsilə aldığı 5.040 manat borca görə iddiaçıya 1.000 manat faiz borcunun qaldığını etiraf edib, habelə məhkəməyə bu barədə ərizə verərək qeyd edib ki, həmin pulu iddiaçıya ödəyə bilər. 11.Beləliklə, cavabdeh ümumilikdə 1.473 manat məbləğində öhdəliyinin olduğunu etiraf edir. İddiaçı isə cavabdehin bundan artıq məbləğdə öhdəliyinin olduğunu sübut edə bilmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə cəmi 1.473 manat pul tutulmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1828/2025 nömrəli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 1.473 (min dörd yüz yetmiş üç) manat məbləğində pul tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4929/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4929/2025
03.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver