Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4931/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-203/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanında, iş üzrə cavabdeh olan qonşusu Cavabdeh isə mənzil 17 ünvanında yaşayır.
2. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil- Kommunal Təsərüfat Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi V.Ə.Rəşidov, mühasibi Z.M.Rüstəmova və fəhləsi Ə.Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzildə yaşayan İddiaçı şikayət ərizəsinə əsasən həmin mənzilə baxış keçirilmiş və bu zaman Cavabdeh məxsus 17 saylı mənzildən 15 saylı mənzilə su axıdılaraq ziyan dəydiyi müəyyən olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş ziyanın əvəzi olaraq 2.000 manat və ödənilmiş dövlət rüsmumun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında, iş üzrə cavabdeh olan qonşusu Cavabdeh isə, ünvan 3 ünvanında yaşayır. Cavabdehin səhlənkarlığı səbəbindən, onun mənzilinə su axıdılmış və nəticədə, 2.000 manat maddi ziyan vurulmuşdur. Bu barədə cavabdehə şifahi şəkildə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. O, vurulmuş ziyanla bağlı 44 saylı Mənzil Kommunal İstismar sahəsinə ərizə ilə müraciət etmiş, bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Göstərilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddianı qəbul etmir. Evində su açıq qalmış və iddiaçının evinin damına su axıdılmışdır. İddiaçının evi köhnə təmirlidir. O, usta gətirərək iddiaçının istədiyi kimi evinin 30 ildən artıq istifadə olunmamış köhnə divar kağızlarını soydurmuşdur. Onun razılığı ilə divarları emulsiya ilə ağartmışdır. İddiaçının qonaq otağının tavanı islandığı halda ona bütün evinin təmir işlərini və elektrik işlərini gördürmüşdür. İddiaçının evinin təmirinə cəmi 318 manat pul xərclənmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-4398/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4941 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 17 saylı mənzildən su axıdıldığı, su sızma hadisəsi nəticəsində 15 saylı mənzilin zal və dəhliz otaqlarının divarlarına və döşəməsinə ziyan dəydiyi, əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 941 manat olduğu müəyyən edilmişdir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-203/2023 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddianın təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 941 manat və ödənilmiş dövlət rüsmumun əvəzi olan 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 17 saylı mənzilindən su axıntısı nəticəsində həmin evin 15 saylı mənzilində qüsurlar meydana çıxmışdır. Həmin qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetirilməli olan təmir işlərinin dəyərinin cavabdehdən alınaraq, ödənilməsi barədə iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 10/4941 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzilindəki qonaq (zal) otağında və dəhlizində qüsurların həmin evin 17 saylı mənzilindən su axıntısı nəticəsində əmələ gəlməsi, 15 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin təqribən 941 manat məbləğində dəyərləndirildiyi müəyyən olunmuşdur.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 941 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1115.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.7, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəl iddiaçının evinə su axsa da, hazirda nasazlıq cavabdehin hesabına aradan qaldırılmışdir. Ekspert rəyi əsassızdır. Ekspertizanın keçirildiyi zaman onun iştirakı təmin olunmamışdır. İddiaçının göstərdiyi zədələr əsasında keçirilmişdir ki, həmin ziyanın onunla heç bir bağlılığı yoxdur. İddiaçı bu barədə ona məlumat verən kimi ziyanın aradan qaldırılması üçün 450 manata kimi pul xərcləyərək həmin yeri təmir etmişdir. Məhkəmədə bu barədə bildirsə də, aydınlaşdırılmamışdır. Bundan başqa, iddiaçı bir il əvvəl aldığı aktdan istifadə etmişdir ki, həmin aktdan sonra artıq həmin zərəri könüllü olaraq aradan qaldırmışdır. Bir ziyana görə iki dəfə pulun ödətdirilməsi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı ilə barışmaq niyyəti olmuşdur. Bu məqsədlə evinə usta gətirmiş və təmir etdirmişdir. Eyni zamanda iddiaçıya pul da vermişdir. İddiaçının evini təmir etdirməyə hazırdır. Əlavə olaraq ona 200 manat da verməyə razıdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh tərəfindən ona pul verilməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115.1. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən həmin hissədə mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi cavabdehdən dəymiş zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul vəsaitinin tutulması olsa da, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 941 manat məbləğində vəsait tutulmuş, buna baxmayaraq qətnamənin nəticə hissəsində iddianın yanlışlıqla tam təmin edildiyi göstərilmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
24. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının evinin mənzilinə suyun axıdılması həm Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil- Kommunal Təsərüfat Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş akt, həm də ekspert rəyi ilə öz təsdiqini tapır.
25. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının evinin təmir edilməsi üçün 318 manat, apellyasiya şikayətində isə 450 manat məbləğində pul xərclədiyini bildirsə də, göstərilənlər iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə təsdiq edilmir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinin dəhliz və zal otağında qüsurların olduğu və həmin qüsurların su sızmaya xarakterik olduğu müəyyən edilmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: