Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4933/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə borc əsas məbləğ üzrə: 3822,45 manat, faiz məbləği üzrə: 292,21 manat, cərimə məbləği üzrə: 26,6 manat, cəmi borc: 4141,26 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 61.41 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2736/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 3822,45 manat əsas, 292,21 manat faiz, 26,6 manat cərimə borcu, ümumilikdə 4141,26 manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 61,41 manat məbləğində pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verərək həmin qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2736/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin olaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən əldə edilmiş, apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Qətnamə cavabdehə poçt vasitəsilə göndərilməsinə baxmayaraq, cavabdeh qətnaməni əldə etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsini üzrlü hesab edərək qeyd etmişdir ki, ərizə təmin edilməli və buraxılmış prosessual müddət bərpa edilməli, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-2736/2025 saylı qərardadının ləğv edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında bildirilmişdir ki, qətnamə xx.xx.2025-ci il tarixində əldə edilsə də, cavabdeh onun poçt vasitəsilə verilməsinə baxmayaraq əldə edilmədiyini bildirmişdir. Məhkəmə bu bəyanatı əsas tutaraq müraciət müddətinin buraxılmasını üzrlü hesab etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 360-cı maddəsinə əsasən, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə cavabdehə rəsmi poçt vasitəsilə göndərilmiş və təhvil-təslim sənədi ilə təqdim olunmuşdursa, onun alınmaması barədə bəyanat subyektiv və sübutsuz olduğu üçün hüquqi nəticə doğurmamalıdır. Qətnamənin rəsmi təqdim olunduğu gün xx.xx.2025-ci il kimi məhkəmə sənədlərində qeyd edilibsə, cavabdehin xx.xx.2025 tarixində şikayət verməsi təxminən 2,5 ay gecikmədir və bu, aşkar şəkildə qanuni müddətin kobud şəkildə pozulmasıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın mahiyyəti təhrif olunmuş şəkildə tətbiq edilmişdir: Konstitusiya Məhkəməsi açıq şəkildə bəyan edir ki, müddətin bərpası üçün üzürlü səbəb yalnız o zaman mümkündür ki: Bu hal şəxsin iradəsindən asılı olmayan obyektiv maneələrlə bağlı olsun; Bu maneələrin rəsmi sənədlərlə sübut edilməsi zəruridir; Və bu səbəblər məhkəmə tərəfindən dərin və obyektiv surətdə araşdırılmalı və əsaslandırılmalıdır. Hazırkı işdə cavabdeh heç bir sənəd təqdim etməmiş, sadəcə “almamışam” bəyanatı ilə yetinmişdir. Məhkəmə isə bu subyektiv bəyanatı əsas kimi qəbul edərək qeyri-obyektiv və sübutsuz bir mülahizə ilə qərar çıxarmışdır. Belə yanaşma qanunun “müddətin bərpası istisna haldır” prinsipinə ziddir. Əgər apellyasiya şikayəti üçün istənilən şəxs “mən sənədi almamışam” deyərək müddəti bərpa etdirə bilirsə, bu: MPM-də nəzərdə tutulmuş müraciət müddəti institutunu mənasız edir; Qanuni qüvvəyə minmiş qətnamələrin icrasını qeyri-müəyyən edir; Ədalətli məhkəmə araşdırması prinsiplərinə xələl gətirir. Qərardadda məhkəmə sadəcə “mülahizə ilə belə nəticəyə gəlmişik” formasında fikirlər bildirmiş, lakin hansı sübutlara əsaslanaraq bu qənaətə gəldiyini göstərməmişdir; cavabdehin bəyanatının hansı obyektiv sübutlarla dəstəkləndiyini analiz etməmişdir; Bu isə MPM-in 9.1 və 14.1-ci maddələrinin – işin tam və obyektiv araşdırılması və əsaslandırılmış qərar verilməsi tələblərinin pozulması deməkdir. Cavabdeh iddia edir ki, qətnamənin ona təqdim olunmadığı halda, poçt xəbərnaməsindəki imza ona məxsus deyil. Lakin iş materiallarında olan poçt bildirişində “Şəxsən təqdim olundu” qeydi və imza vardır. Bu, Mülki Prosessual Məcəllənin tələblərinə tam uyğundur və qətnamənin rəsmi şəkildə cavabdehə təqdim olunduğunu sübut edir. Cavabdeh bu imzanın ona məxsus olmadığını iddia edir, lakin əvvəldən heç bir hüquqi reaksiya verməmiş, bu məsələni yalnız apellyasiya şikayəti ilə birlikdə qaldırmışdır. Bu isə göstərir ki, həmin iddia formaldır və süni şəkildə hazırlanmışdır. Bundan başqa, cavabdehin məhkəmə ekspertizası tələb etməsi onun əslində qətnamədən əvvəlcədən xəbərdar olduğunu və yalnız vaxt udmaq və işin icrasını gecikdirmək məqsədi daşıyan hüquqi manevrlərə əl atdığını göstərir. Apellyasiya müddətinin bərpası üçün cavabdeh: Əvvəlcə qətnaməni rəsmi qaydada alır, sonradan isə ehtimal ki, vəkil və ya hüquqi maarifləndirici tanışının məsləhəti ilə, işin icrasını ləngitmək üçün aldadıcı mövqe sərgiləyir, əvvəlki imzasından fərqli formada yeni imza təqdim edərək ekspertiza tələb edir, məqsədi isə təkcə bu yolla müddətin bərpasına nail olmaqdır. Bu hal, sistemli, məqsədli və sui-istifadə xarakterli davranış nümunəsidir və məhkəmə bu cür niyyətli addımlara qanunvericilik çərçivəsində kəskin reaksiya verməlidir. Cavabdeh qətnamə ilə tanış olduqdan sonra bu barədə heç bir etiraz verməmiş, yalnız icra prosesi başlayanda apellyasiya üçün saxta əsaslar formalaşdırmağa çalışmışdır. Bu isə açıq şəkildə Mülki Prosessual Məcəllənin tələblərinə ziddir – yəni tərəflər öz prosessual hüquqlarından yaxşı niyyətlə istifadə etməlidirlər. Süni şəkildə imza inkarı, ekspertiza tələbi, müddət uzatması – bunların hamısı cavabdehin məsuliyyətdən yayınmaq və işi məhkəmə sistemini sui-istifadə edərək uzatmaq cəhdidir. Qətnamə cavabdehə təqdim olunub, bu barədə poçt sənədi vardır və cavabdeh həmin dövrdə heç bir hüquqi reaksiya verməmişdir. “aldım, amma indi inkar edirəm” yanaşması hüququn aliliyinə ziddir. Əgər bu tip yalan iddialar qəbul edilərsə, gələcəkdə bütün tərəflər poçtla təqdim olunan qərarları inkar etməklə süni şəkildə işin müddətini uzatmağa cəhd edə bilərlər. Bu isə məhkəmələrin funksional yükünü artırmaqla yanaşı, hüquqi sistemə olan inamı sarsıdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmılşdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin sənədlərindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2736/2025 saylı qətnaməsi cavabdehə məhkəməyə məlum ünvanı üzrə göndərilmiş, müvafiq poçt şöbəsinin xəbərnaməsinin “etibarnamə üzrə verildi” qrafası imzalansa da, həmin imzanın kimə məxsus olması aydın qeyd edilməmişdir. Həmin imzanın cavabdehə aid olmasını mülki işdə olan cavabdeh tərəfindən imzalan özünün məhkəməyə təqdim etdiyi sənələrdəki imzaları ilə müqayisə edərkən müəyyən olunmuşdur ki, xəbərnamədə olan imza cavabdehə məxsus deyil, bu halı müəyyən etmək üçün hər hansı bir tədiqatın aparılmasına isə zərurət yoxdur. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmələr tərəfindən işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada təqdim edilməlidir. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Qeyd olunan qaydalara əməl edildikdə nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırkı işdə isə məhkəmə aktının cavabdehə rəsmi qaydada təqdim edilməsinin, yalnız xx.xx.2025-ci il tarixdə baş verməsi müəyyən olunduğundan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, apellyasiya şikayətinin dəlillərini qərardadın ləğv edilməsi üçün əsas olaraq qəbul etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2736/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4933/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4933/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver