Məhkəmə qərarları › İş №2(103)-4934/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4934/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4934/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-518/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.109 ABŞ dolları 93 sent əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 3.427 ABŞ dolları 27 sent faiz, 4.975 ABŞ dolları 67 sent cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 310 ABŞ dolları 30 sent, cəmi 10.823 ABŞ dolları 17 sentin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASCdən illik 32 %-lə 18 ay müddətinə 5.100 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 4.1- ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-yə 2.109 ABŞ dolları 93 sent əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 3.427 ABŞ dolları 27 sent faiz, 4.975 ABŞ dolları 67 sent cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 310 ABŞ dolları 30 sent, cəmi 10.823 ABŞ dolları 17 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə X2 xx xxxxxx 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, X1 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-518/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2.109 ABŞ dolları 93 sent əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 3.427 ABŞ dolları 27 sent faiz, 1.000 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 310 ABŞ dolları 30 sent, cəmi 6.847 ABŞ dolları 50 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları iddia ərizəsində düzgün şərh olunmamışdır. İş üzrə iddia tələbləri Azərbaycan Respublikasının qanunlarına və normativ hüquqi aktlarında təsbit olunan tələblərə uyğun əsaslandırılmamışdır. İddianın əsassız və qanunsuz olmasını təsdiq edən sənədlər və sübutlar məhkəmə materiallarına əlaqə edilməmişdir ona görə ki, iştirakı təmin olunmadığından iddiaçının qanunun tələb etdiyi məbləğdə təmin edə biləcək mötəbər sübutların məhkəməyə təqdim etmək hüququndan əsassız olaraq məhrum edilmişdir. Bu da hakimin qərar qəbul edərkən düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə, prosesdə iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin izahatını, onların təqdim eldikləri sübutları və işdə olan digər materialları müəyyən dərəcədə araşdırsa da iddia tələblərini qismən təmin etməklə tam düzgün hüquqi nəticəyə gəlməmişdir. İddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Hesab olunur ki, iddianın qismən təmin edilməsinə səbəb məhkəmənin (hakimin) həmin tələblərlə bağlı, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyət kəsb edən faktiki halları və subutları lazımınca tədqiq etməməsidir.Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaşlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən cavabdeh olaraq üzərinə götürdüyü öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun yerinə yetirirmişdir. Lakin buna baxmayaraq 2015-ci ilin dekabr avında manatın 2-ci kəskin devalvasiyasından sonra hamı kimi onun da maddi vəziyyəti pisləşmiş və xərcləri ikiqat artmışdır. Maddi vəziyyəti getdikcə daha da ağırlaşdığı üçün ödəmələrdə müəyyən problemlər yaranmışdır.Belə ki, məhkəmədə iddiaçı LPO İddiaçı ASC tərəfindən onun yəni Cavabdeh1, iddiaçı LPO İddiaçı ASC-yə olan borcunun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cıı il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilməməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Müştəri kimi onun birinci devalvasiya zamanı, yəni xx.xx.2015-ci il tarixinə xarici valyutada əsas kredit borcunun hansı məbləğdə olması, həmçinin ikinci devalvasiya zamanı, yəni xx.xx.2015-ci il tarixinə hansı məbləğdə olması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən ona birinci və ikinci devalvasiya zamanı neçə manat kompensasiya hesablanması da araşdırılmamışdır. Onun sonradan gecikməyə düşməsi barədə də heç bir sübut yoxdur. Bu səbəbdən hesab edir ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı da düzgün tərtib olunmamışdır. Bununla yanaşı Maliyyə X2 təqdim etdiyi siyahıya əsasən Cavabdeh1 LPO İddiaçı ASC-yə "xxxxxxxxxx" QSC-yə olan borcu restruktizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilmişdir.Azərbaycan Respublikası Mərkəzi Bankının sayıtdan əldə etdiyi və apellyasiya şikayətinə əlavə etdiyi çıxarışdan da görünür ki. Restruktizasiya olunması təklif olunan kreditlər üzrə Cavabdeh1 hazırki iş üzrə 3.586, 88 (üç min beş yüz səksən altı 88) manat kredit borcunun olması öz təsdiqini tapır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəkli iclasında Cavabdeh1 vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəkli iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qeyd olunan qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdehlərdə isə yalnız Cavabdeh1 qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-518/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin «Xəzər» filialı tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik faiz dərəcəsi 32 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2.109 ABŞ dolları 93 sent əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 3.427 ABŞ dolları 27 sent faiz, 4.975 ABŞ dolları 67 sent cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 310 ABŞ dolları 30 sent, cəmi 10.823 ABŞ dolları 17 sent borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2- ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri birinci və ikinci devalvasiya zamanı ona kompensasiya hesablanmasının araşdırılmaması ibarətdir. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, qeyd olunan kredit müqaviləsi üzrə cavabdehə hər hansı miqdarda kompensasiya düşməsi təsdiq olunacağı halda cavabdehin həmin kompensasiyanı almaq hüququ istisna edilmir. Lakin hazırki halda iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-518/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-518/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar