Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4937/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ödənilməli olan aylıq 250 manat ödənişin 2020-ci ilin avqust ayından hazırkı mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alan günədək hesablanmaqla cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması, verilməli olan, lakin verilməyən putyovkaların cavabdeh tərəfindən ona verilməsi, habelə ona ödənilməli olan birdəfəlik müavinətin ödənilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 1967-ci ildən təyinatla ’‘Sənayeventilyasiya” ASC ilə əmək müqaviləsinə əsasən həmin müəssisəyə işə qəbul olunmuş, 24 may 1976-cı ildə xidməti vəzifəsini yerinə yetirərkən ona əmək xəsarəti yetirilib. TSEK-in keçirdiyi ekspertizasının nəticəsinə əasən o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətini 80% itirmişdir. 4 il ağır xəstə olduğuna görə xəstəxanada yatmışdır. İşləməyinə icazə verməyiblər. 1992-ci ilin oktyabr ayının 1-də ona 2-ci qrup əlillik dərəcəsi verilib və əmək haqqının 80%-i hər ay ödənilib, 2020-ci ilin avqust ayına kimi ona ayda 250 manat ödəniş edilib. Bundan sonra 2020-ci ilin avqust ayının ödənişi çoxsaylı şikayətlərindən sonra 2021-ci ilin may ayında ödənilib, həmin vaxtdan etibarən müxtəlif bəhanələr gətirilərək, qanuni əsaslarla ona ödənilməli olan məvacib ödənilməyib. Həmçinin işlədiyi müddətdə ona sanatoriya da verilməyib, səhhətinə dəymiş xəsarətin ağırlıq dərəcəsinə görə birdəfəlik müavinəti də verilməyib.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fikrət Mirzəyev) ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə badbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 mant 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması, qalan hissədə iddianın təmin olunmaması qərara alınmışdır.
4. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir.
5. İşə apellyasiya qaydasında baxılarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, rayon məhkəməsi onun iddia tələbini putyokaların verilməsi hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, xəstəxanadan verilmiş ambulator kartadan olan çıxarışa görə bir sıra xəstəliklərinə görə qeydiyyatdaddır. Rayon məhkəməsi müvafiq tibbi rəylərin təqdim edilməməsi əsası ilə iddianı təmin etməməkdə haqlı olmamışdır. Bundan başqa səhhətinə dəymiş xəsarətin ağırlıq dərəcəsinə görə birdəfəlik müavinətin verilməsi hissədə də onun iddia tələbi əsaslı olmuşdur. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən ona birdəfəlik müavinətin verilmədiyi öz təsdiqini tapsa da həmin hissədə də iddia tələbi təmin olunmamışdır. Bu səbəbdən qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, müəssisənin gəliri yoxdur ona görə də ödənişləri edə bilmirlər, gəliri olsa aylıq ödənişlər ümumi qaydada ödəniləcəkdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, onlar həm aylıq ödənişin, həm də sanatoriya-kurort putyovkaları (yollayışları) xərclərinin verilməsinə etiraz etmirlər, lakin müəssisənin gəliri olmadığından bu ödənişlərin edilməsi obyektiv səbəblərdən mümkün olmur. İqtisai böhran qurtarsa, müəssisə gəlir əldə etsə, həmin məbləğlər ödəniləcəkdir, lakin birdəfəlik müavinətin istənilməsi qanunsuzdur, çünki hadisədən 50 ilə yaxın müddət keçmişdir, həmin müəssisə özəlləşdirilmiş, iddiaçının xəsarət alması ilə bağlı ödənişlərin edilib-ediliməməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir.
10. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Ə.Əsədullayev bildirdi ki, iddia tələbi aylıq ödəniş hissədə əsaslıdır. İddia tələbinin sanatoriya-kurort putyovkaları (yollayışları) hissəsi ilə bağlı qeyd etdi ki, müvafiq həkim rəyi olduqda mümkündür. İddia tələbinin bədbəxt hadisə nəticəsində səhhətə dəymiş xəsarətə görə birdəfəlik müavinətin verilməsi hissədə isə hesab edir ki, iddia tələbi əsassızdır, hadisədən 50 ilə yaxın vaxt keçdiyini bildirdi. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan istehsalatda bədbəxt hadisə barədə aktın məzmunundan görünür ki, "xxxx" müəssisəsində çilingər vəzifəsində işləyən İddiaçı may 1976-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır.
12. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X3 ambulator kartadan verilmiş xx.xx.2021-ci il tarixli, 1950 nömrəli çıxarışdan görünür ki, İddiaçı keçirilmiş QKBT-dən sonrakı vəziyyət USX gərginlik, stenokardiyası fs İİ, B 18.2 Xroniki virus hepatiti B K 80.1 Xr. Kalkulyoz xolesistit, Asteno-nevrotik vəziyyət, Arterialhepertenziyaİİ, Hepatomeqaliya diaqnozlu xəstəliklərlə qeydiyyatdadır.
13. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X6 Xırdalan Ailə Sağlamlıq Mərkəzində olan ambulator kartadan verilmiş xx.xx.2022-ci il tarixli, 54 nömrəliçıxarışdan görünür ki, iddiaçı QKBTdən sonrakı ensefalopatiyaAsteno-nevrotik vəziyyət, gərginlik stenokardiyası Arterialhipertenziya İİ d., Hepatomeqaliya diaqnozu ilə xəstə olduğundan, dəfələrlə ambulator və stasionar müalicə almışdır.
14. Bundan başqa Abşeron rayon Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya QKBT-dan sonrakı ensefalopatiya Asteno-nevrotik vəziyyət diaqnozu ilə Mərdəkan-Günəşli sanatoriyasında nevroloji cəhətdən müalicə tövsiyyə edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları: Əmək Məcəlləsi.
15. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət.
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Mülki Məcəllə:
16. Maddə 1117. Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri.
17. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
18. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
19. 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
20. Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi
21. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
22. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır.
23. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
24. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır.
25. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
30. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
31. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
32. 372.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
35. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Hüquqi dəyərləndirmə:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır.
39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən sanatoriya-kurort putyovkaları (yollayışları) hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Kollegiya qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi etirazda qeyd etmişdir ki, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə bağlı müvafiq rəyləri təqdim etməmişdir, həm də onların qazancı olmadığından həmin putyovkaların verilə bilməyəcəyini bildirmişdir.
42. Apellyasiya icraatı zamanı da cavabdeh iddiaya etirazının əsası kimi sanatoriya-kurort putyovkaları (yollayışları) ilə bağlı ödəmənin aparılması üçün müəssisənin gəliri olamamasına istinad etmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili iddiaçının tələbinin həmin hissədə təmin edilməsindən imtina üçün əsas ola bilməz.
44. Bu baxımdan, Kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sanatoriya- kurort müalicəsinin zəruriliyinə dair müvafiq həkim rəyi əsasında iddia tələbi sanatoriya-kurort putyovkaları (yollayışları) hissəsində təmin edilməlidir.
45. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının xx.xx.2076-cı il tarixində istehsalatda almış olduğu xəsarətə görə birdəfəlik müavinətin verilməsi hissədə isə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmuşdur və təmin edilə bilməz. Belə ki, həmin vaxtdan 46 il müddət keçmişdir ki, bu da həm həmin vaxt qüvvədə olmuş, həm də hal-hazırda qüvvədə olan mülki qanunvericiliklə müəyyən olunmuş müddətləri, eləcə də ağlabatan müddət anlayışını da aşır.
46. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə isə bildirir ki, şikayət əsassızdır. Belə ki, cavabdeh rayon məhkəməsində izahat verərkən iddia tələbinin aylıq ödənişlərlə bağlı hissədə təmin edilməsinə etiraz etməmişdir. Lakin sonradan qətnamənin həmin hissəsindən apellyasiya şikayəti vermiş və yeganə dəlil kimi müəssisənin aylıq qazancı olmadığına istinad etmişdir. Apellyasiya icraatı zamanı da cavabdehin nümayəndəsi həm aylıq ödənişlərin, həm də sanatoriya-kurort müalicəsi ücün ödənişin edilməsinə etiraz etmədiyini, lakin ödənişin edilməsi üçün müəssisənin hazırda zəruri vəsaitinin olmadığını, əgər qazanc olsa, ödənişin ediləcəyini bildirmişdir.
47. Kollegiya bir daha qeyd edir ki, cavabdehin iddiaya qarşı etirazının həmin dəlili iddiaçının aylıq müavinətin ödənilməsi ilə bağlı tələbin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Nəticə:
48. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən sanatoriya-kurort putyovkaları (yollayışları) hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
49. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən- sanatoriya-kurort putyovkaları (yollayışları) xərclərinin ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı müvafiq həkim rəyi təqdim etdiyi halda sanatoriya-kurort putyovkaların (yollayışların) xərcləri cavabdeh "xxxx" ASC tərəfindən ona ödənilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev