Məhkəmə qərarları › İş №2(103)-4939/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4939/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4939/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı “X3 Azərbaycan” QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “gecikdirilmiş pul öhdəliyinin icra edilməsi və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-42/2016 saylı qərardadı ilə iddia ərizəsi MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı qərardadın ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini, iddia ərizəsinin mahiyyəti üzrə baxılaraq təmin edilməsini və eyni zamandan buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin iddia icraatına keçirildiyi mərhələdən sonra məhkəmə iclasının vaxtı və yeri barədə hər hansı bildiriş banka təqdim edilməmiş, eləcə də iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı banka rəsmi qaydada verilməmişdir. Nəhayət, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində bank tərəfindən məhkəməyə iş üzrə sənədlərin qaytarılması barədə müraciətlər edilmiş və yalnız bundan sonra ərizəyə əlavə edilmiş sənədlər banka qaytarılmışdır. Qeyd edilən hallar açıqca göstərir ki, bank icraatda hərəkətsiz qalmamış, işin nəticəsinə dair davamlı şəkildə informasiya almağa cəhd göstərmiş, lakin iş üzrə çıxarılmış yekun məhkəmə aktı barədə yalnız 2024-cü ildə qeyri rəsmi məlumat əldə etmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə iş materialları ilə tanışlıq əsasında məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-42/2016 saylı qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, iş iddia icraatına keçdikdən sonra məhkəmə iclasları barədə onlara məlumat verilməmişdir, yekun məhkəmə aktı Banka rəsmi qaydada verilməmişdir. Bank tərəfindən müxtəlif vaxtlarda məhkəmədən şifahi formada məlumat almağa çalışılmış, lakin hər dəfə qeyri-dəqiq və ziddiyyətli cavablar verilmiş, sənədlərin rəsmi qaydada təqdim ediləcəyi bildirilsə də, bu reallaşmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “X3 Azərbaycan” QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi "xxxx" MMC xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli məktubu ilə iddia ərizəsinin baxılmamış saxlanıldığı barədə cavab verilmişdir. Bundan 3 il sonra X3 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə müraciət ünvanlayaraq, mülki iş üzrə qəbul edilmiş qərardadın və sənədlərin əsllərinin geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə isə QSC-nin Fariz.S adlı nümayəndəsi işlə tanış olmuş və qərardadın surətini, sənədlərin əslini almışdır. xx.xx.2025-ci il tarixdə Bankın hüquqşünası yenidən məhkəməyə müraciət edərək, mülki iş iş materialları ilə tanış olmaq və sənədlərin surətlərinin əldə edilməsi üçün şərait yaradılmasını istəmişdir. Bankın nümayəndəsi yenidən xx.xx.2025-ci il tarixdə işlə tanış olmuş və baxılmamış saxlanma barədə qərardadın surətini yenidən almışdır. xx.xx.2025-ci il tarixdə Bank məhkəməyə müraciət edərək, baxılmamış saxlanma barədə qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla baxılmamış saxlama barədə qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə müraciətə cavab olaraq bildirilmişdir ki sənədlərin əsillərini qəbul etdiyiniz üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə bank məhkəməyə müraciət edərək və sənədlər əlavə edərək, buraxılmış müddətin üzrlü hesab edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı baxılmamış saxlanma barədə qərardaddan ən geci 2021-ci ildən məlumatı olmuşdur və bundan 4 il sonra verilmiş vəsatət əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara görə ərizəni əsassız sayır və hesab edir ki, ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar əlavə edilmədiyindən və ərizəçinin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizə təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X3 Azərbaycan” QSC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar