Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-494/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : (“kredit müqaviləsi üzrə borc”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3484/2022 saylı işi üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ləğv prosesində olan “Royalbank ASC” Cavabdeh əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1560,06 manat 5% faiz borcu olmaqla, cəmi 5707 manat kredit borcunun və dövlət rüsumuna görə 77,07 manatın ləğv prosesində olan Royalbank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasına dair iddiasının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3484/2022 saylı işi üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550, 551.1, 551.2, 552.1, 554.1, 554.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı icrası müddəti xx.xx.2014-cü il tarixdə bitən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tələb etsə də, bağladığı müqavilənin əslini, kreditin verilməsini təsdiq edən məxaric orderinin əslini məhkəməyə təqdim edə bilməmişdir, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, müddətin keçməsi ilə bağlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına xitam verildiyindən iddia tələbləri təmin edilə bilməz.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Borcverən “Royalbank ASC” ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsinin surətinə əsasən bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 4300 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən borc verənlə borc alan arasında bağlanmış müqavilənin təminatı olaraq mebel dəsti göstərilir; - “Royalbank ASC”-nin Cavabdeh ünvanladığı tarixi müəyyən edilməyən xəbərdarlığın surətinə əsasən bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir; - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2014cü il tarixdə ödəniş aparılmışdır; - Ləğv prosesində olan Royalbank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2012-ci il tarixli is-3318 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixinə ləğv prosesində olan Royalbank ASC-yə əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, cəriməyə görə 2129,97 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 1560,06 manat olmaqla cəmi borcu 7837,81 manat borcu vardır(iş səh.9-10, 13, 14-18, 19 ). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3484/2022 nömrəli işi üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və bankın iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 385.1, 551.1; Mülki Prosessual Məcəlləsinin 77.1, 217; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8; Azərbaycan Respublikasının Banklar haqqında qanunun 1.0.1, 1.0.9-cu maddələrinə; Mülki və siyasi hüquqlar haqqında Beynəlxalı Paktın 14cü maddəsinin 1; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi 24 ay müddətinə, yəni iki il müddətinə olmaqla xx.xx.2014-cü il tarixinə qədər bağlanmışdır. Eyni zamanda məhkəmə iclasında tərəflərindən də cavabdeh tərəfindən müqavilə üzrə sonuncu ödənişin xx.xx.2014-cü il tarixində olduğu vurğulanmış və bu məhkəmə qətnaməsində öz əksini tapmışdır. Müddəti 2014-cü ildə yekunlaşan müqavilə üzrə tələblərə aydındır ki, ümumi (on il) iddia müddəti xx.xx.2024-cü il tarixindən sonra tətbiq oluna bilərdi. Halbuki, tərəflərindən məhkəməyə xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda məhkəmə iclaslarının heç birində cavabdeh tərəf iştirak etməmiş və qeyd edilən iddiaya dair hər hansı münasibət bildirməmiş, məhkəmə həm iddia ərizəsində qeyd edilən, həm nümayəndənin məhkəmə iclasında qeyd etdiyi faktları nəzərə almayaraq, ziddiyətli qətnamə qəbul etmişdir. Həmçinin qeyd edilən cavabdehə qarşı xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə ilk dəfə xx.xx.2015-ci il tarixində iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmə tərəfindən işlə bağlı bütün sənədlər itirildiyinə görə, nə sənədlərin əslini, nə də işin sonrakı gedişatı barəsində məlumat ala bilməmişlər. Tərəflərindən məhkəməyə ünvanlanan xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli “iş barəsində məlumat verilməsi və yekun qərarın təqdim edilməsinə dair” çoxsaylı sorğulardan sonra məhkəmə rəhbərliyi ilə razılaşdırılmaqla sənədlərin surətləri əsasında yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Göründüyü kimi bu hal iddiaçının təqsiri və yaxud hərəkətsizliyi səbəbindən baş verməmişdir. Hər bir halda 2015-ci ildə sənədlərin əslləri iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş və qoşma sənədlərdə iddia ərizəsinin əslinin bir nüsxəsinin, kredit xətti müqaviləsinin əslinin, maliyyə arayışın əslinin, ödəniş cədvəlinin əslinin, cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun əslinin və digər sənədlərin əsllərinin əlavə edildiyi qeyd edilmişdir. Eyni zamanda məxaric orderinin təqdim edilməməyini qeyd edən məhkəmə müqavilənin kredit xətti açılmaqla bağlanması faktına diqqət yetirməmişdir. Məlumdur ki, kredit dərhal tam şəkildə verildiyi halda kassa məxaric orderi tərtib olunur, lakin kredit xətti müqaviləsi tərtib edildikdə kredit xətti üzrə vəsaitlər tədricən verilir və kassa məxaric orderi tərtib edilmir. Həmçinin cavabdeh tərəf iddiaya münasibət bildirməmiş, məhkəmə prosesdə iştirak etməmiş və həmçinin sənədlərin əslinin yaxud surətlərinin təqdim edilməsini mübahisələndirməmişdir. Qeyd edilən hallar olmadıqda hakimin öz mövqeyindən çıxış edərək sənədlərlə bağlı birtərəfli mövqe bildirməyini ədalətli hesab etmirlər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamə mülki prosessal qanunvericiliyinin yuxarıda göstərilən hüquq normalarının tələblərinin heç birinə cavab vermir. Belə ki, tərəflərindən məhkəməyə iddialarının əsaslı olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına qiymət vermədən əssasız qərar qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri nəzərə alınmaqla Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borc aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2014cü il tarixə əsas kredit borcu 3875,45 manat, faiz borcu 1832,66; xx.xx.2022-ci il tarixə əsas kredit borcu 3875, 45 manat, faiz borcu 3387,68 manat.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verməklə təmin edilməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432-ci maddəsində əsasən: 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). 432.2. Əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir.Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən: Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
11. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
12. Məcəllənin 458-ci maddəsinə əsasən: 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər; 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
13. Məcəllənin 741-ci maddəsinə əsasən: əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 331, 355- 357, 385-390, 399, 404, 425.1, 427.3, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İddia tərəfinin təqdim etdiyi sübutlarda əksi sübuta yetirilən,habelə müddətin tətbiq edilməsinə əsaslar olmadığından, qətnamənin prosessual (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi) əsasları ilə ləğv edilməsi üçün əsaslar mövcuddur. Diqqətə çatdırılmalıdır ki, ekspertiza tədqiqatların aparılması borcun mövcudluğunu subut edir və müddətlərin ötməsinə bağlı qarşı tərəf hər hansı bir müraciət etməmişdir ki, məhkəmənin tədbiq etdiyi müddətlərin ötməsi ümumiyyətlə müzakirə edilsin.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
17. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə: Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. Tələb edilən əsas və faiz borcu üzrə məbləğlər tələb həddində cavabdehdən tutulmalı, kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi sübut edilmədiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz tutulması hissəsində iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
19. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, iddianın verilməsi üçün dövlət rüsumuna aid məhkəmə xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli və ekspertiza xərci üçün isə ödənilməli olan məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3484/2022 saylı işi üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan “Royalbank ASC”-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası qismən - əsas borca görə 3873,63 manat, faiz borcuna görə 274,15 manat, dövlət rüsumuna görə 77.07 manat, cəmi 4224,85 (dörd min iki yüz iyirmi dörd manat səksən beş qəpik) manat pul məbləğinin Cavabdeh Royalbank ASC-nin xeyrinə tutulması hissəsində təmin edilsin. Qalan hissələrdə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.