Məhkəmə qərarları › İş №2(103)-4940/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4940/2022

14.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4940/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 23.000 ABŞ dolları pulun, vəkil və digər çəkilmiş xərclər kimi 1000 manatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş №2(011)-3040/21) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 03 dekabr 2019-cu ildə 23.000 ABŞ dolları məbləğində borc pul istəmiş, o da həmin məbləğdə pulu cavabdehə borc vermişdir. Həmin vaxt Cavabdeh1 öz əlyazması ilə 23.000 dolları 28 günə qaytarmaq barədə qəbz yazmışdır. Həmçinin o, pulu qaytardığı təqdirdə borcun əmlakına yönəldilməsinə də etiraz etmədiyini bildirmiş və iddiaçıya Xətai rayonu, Vunq Tau küçəsi, 18a-da yerləşən mənzilini göstərmişdir. Lakin cavabdeh söz verdiyi vaxtda həmin pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə ondan öz pulunu istədikdə cavabdeh müxtəlif bəhanələrlə imtina etməyə başlamışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatlarından məlum olmuşdur ki, Cavabdeh1 borclu olduğu pulun bir hissəsi həmin şəxslərdə olduğundan onların da əlavə cavabdeh qismində cəlb edilməsi və borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirmişdir ki, Cavabdeh2 və Cavabdeh3 ondan malları alaraq müştərilərə vermişlər, onun iddiaçıya borclu olduğu 23000 ABŞ dollarının 19000 ABŞ dolları onlardadır. Bu faktı cavabdehlər özləri də təsdiq etmişlər. Ona görə də 19000 ABŞ dollarının cavabdehlərdən, qalan 4000 ABŞ dollarının isə ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Sədərək ticarət mərkəzində brokerliklə məşğul olduğunu, müqaviləsiz işlədiyini, işinin Karqo şirkətinə müştəri yığmaqdan ibarət olduğunu, 40000 ABŞ dolları sifariş qəbul edildiyini, bundan 22000 ABŞ dollarına yaxın pulun iddiaçının adına kassaya ödənildiyini, hazırda bazarda 18000 ABŞ dolları pul qaldığını, 12200 ABŞ dolları isə onların üzərində olan borc olduğunu, bu pulun 9000 ABŞ dollarının Rus Qafqaz şirkətində, qalan 3200 ABŞ dollarının isə Baba və İntiqam adlı real müştərilərdə olduğunu, iddiaçıya yaranan borc, gələn malların lazımi qaydada gəlməməsi, malı yerə yığdıqlarına görə 7000 manat məbləğinə yaxın mal islanaraq yararsız vəziyyətə düşdüyünə görə sifarişçinin onu qəbul etməkdən imtina etdiyini, malın hazarda bazarda olduğunu bildirmişdir. Cavabdeh3 izahatında 40500 ABŞ dolları ödəməli olduğunu, həmin məbləğdən 22500 ABŞ dolları ödədiklərini, 9000 ABŞ dollarının Rus Qafqaz şirkətində olduğunu, hazırda X2 şirkətinə 3200 ABŞ dolları borcunun olduğunu, borcun bazarda olduğunu, hazırda 3200 ABŞ dolları bazardan yığılacaq borcunun qaldığını, o da şəxsən onların borcunun olmadığını bildirmiş, 18000 ABŞ dollarının həqiqətə uyğun olmadığını hesab etmişdir. Cavabdeh4 da izahatında iddiaçı ilə aralarında olan borcun daşınmaya görə pul borcu olduğunu, iddiaçı ilə aralarında müqavilə olmadığını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, iddia sübut olunduğu halda məhkəmə heç bir qanuni əsas olmadan iddianı rədd etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında izahat verərkən iddiaçıya həm özünün, həm də digər cavabdehlərin birgə borcu olduğunu etiraf etdi və borcun onun payına düşən hissəsini ödəyəcəyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh1 izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin olunmaqla cavabdehlərdən müştərək qaydada 23000 ABŞ dollarının məzənnə üzrə manatla tutulub iddiaçıya iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlərdən 23000 ABŞ dollarının və 1000 manat digər xərclərin tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, iddianın əsasını borc verilmiş pulun geri tələb edilməsi deyil, göstərilən daşınma haqqının ödənilməsi təşkil etməli idi. Belə olan halda isə cavabdehlərə qarşı iddia irəli sürülə bilməzdi. Məhkəmənin qənaətinə görə tərəflər arasında şifahi razılaşmaya əsasən cavabdehlərin iddiaçıya göstərməli olduğu vasitəçilik xidmətləri onların iddiaçının təmsil etdiyi daşıma şirkətinə müştəri cəlb etmələri və hər cəlb olunmuş müştəriyə münasibətdə iddiaçı tərəfindən cavabdehlərə muzd ödənilməsi ilə şərtləndirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 777.1, 779, 787, 850-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil və elə bu səbəbdən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında hər hansı broker münasibəti olmamışdır. Belə ki, iddiaçı hər hansı şirkət, firma, mağaza ilə, yaxud fiziki şəxslə broker, yaxud hər hansı digər müqavilə bağlamamış, məqsədli şəkildə kiminsə sifarişi ilə mal gətirməmişdir. İddiaçı Türkiyədən özünün idarə etdiyi TİR vasitəsilə müxtəlif geyim əşyaları alıb gətirmiş, həmin malları ticarət mərkəzində ucuz qiymətə müxtəlif şəxslərə, o cümlədən Cavabdeh1 və digər cavabdehlərə satmışdır. O, digər cavabdehləri Cavabdeh1 vasitəsilə tanımışdır. Cavabdehlər iddiaçıdan aldıqları malları mağazalara paylasalar da, mağazalardan malların pulunu tam yığa bilməmişlər. Elə bu səbəbdən də cavabdehlər iddiaçıya borclarını tam ödəyə bilməmiş, borclu qalmışlar. Cavabdeh1 iddiaçıya olan borcunu etiraf etmiş, bu barədə yazılı qəbz verərək 23 000 ABŞ dollarını borcunu xx.xx.2019-cu il tarixədək ödəməyə söz vermiş, əks halda borcun əmlakına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş digər cavabdehlər də iddiaçıya borcları olduğunu etiraf etmiş, qəbzdə Cavabdeh1 tərəfindən etiraf olunan borcun əslində hamısına aid olduğunu bildirmişlər. Mülki Məcəlləyə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). İşdən göründüyü kimi, iddiaçı tələbinin faktiki əsası kimi məhz yuxarıda qeyd olunan yazılı qəbzə istinad etmişdir. Cavabdeh1 da 23000 ABŞ dolları həcmində borcun mövcudluğunu etiraf etmiş, lakin həmin məbləğin 4000 dollarının onda, 19000 dollarının isə digər cavabdehlərdə, yəni Cavabdeh2 və Cavabdeh3 olduğunu bildirmişdir. Onun deməsinə görə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 malların pulunu mağazalardan yığa bilmədiklərinə görə iddiaçıya olan borcu ödəyə bilməmişlər. Digər cavabdehlər də birinci instansiya məhkəməsində bu halı təsdiq etmişlər. Cavabdehlər borcu etiraf etsələr də, hər birinin borclu olduğu məbləği dəqiq müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası borcun müştərək qaydada tutulmasını məqsədəmüvafiq sayır. Məhkəmə kollegiyası hesab edir ki, hansı əsasla yaranmasından asılı olmayaraq cavabdehlər iddiaçıya borclu olduqlarını etiraf etmişlər. Həmin borcun bir hissəsinin digər şəxslərdə olmasının isə iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı qarşısında alınan mallara görə öhdəlik daşıyan şəxs yalnız cavabdehlər olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan vəziyyətdə tərəflər arasında borc münasibətlərinin mövcudluğunu şübhə altına almaq üçün əsaslar yoxdur və iddiaçı bununla bağlı sübutetmə yükündən azaddır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməli, 23000 ABŞ dolları məbləğində pul vəsaiti məzənnə üzrə manatla cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət Mülki Məcəllənin 882-ci maddəsinin də tələbinə uyğundur. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 23 000 (iyirmi üç min) ABŞ dolları məzənnə üzrə Azərbaycan manatı ilə tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar