Məhkəmə qərarları › İş №2(103)-4944/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4944/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4944/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: aliment tutulması, alimentin miqdarı, aliment öhdəliyi müəyyənləşdirilərkən digər nikahdan olan uşaqların nəzərə alınması, alimentin artırılması, yaşayış minumumu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2008-ci il tarixdə Elnaz, xx.xx.2009-cu il tarixdə İsmayıl adını verdikləri uşaqları dünyaya gəlmiş, 2011-ci ildə nikahları pozulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında tutulan almentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi onların saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat miqdarında alimentin tutulması qət edilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 25 aprel 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı artırılmış, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilmişdir.

4. Cavabdeh xx.xx.2005-ci il tarixindən hazırkı dövrədək "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 1330 manat təşkil edir, bu məbləğdən 350 manat aliment, 154 manat DSMF və İcbari Tibbi Sığorta tutulmaları aparılır, əmək haqqı kartına hər ay 826 manat köçürülür.

5. Cavabdeh xx.xx.2014-cü il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahından xx.xx.2015-ci il təvəllüdlü uşağı vardır.

6. İddiaçı xx.xx.1999-cu il tarixdən Bakı şəhəri, Suraxanı rayonu 196 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir, orta aylıq əmək haqqı 912,22 manat təşkil edir.

7. xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 hər ikisi İ dərəcəli Skalioz xəstələridirlər.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin və 50 manat məbləğində ödədiyi mediasiya dair xərcin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından xx.xx.2008-ci il tarixdə Elnaz, xx.xx.2009-cu il tarixdə İsmayıl adını verdikləri uşaqları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan almentin miqdarı dəyişdirilmiş, Cavabdeh onun xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 150 manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin 25 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artılaraq hər ay hər uşaq üşün 175 manat olmaqla cəmi hər ay 350 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin hazırda cavabdehin verdiyi alimentin məbləği uşaqların tələbatını ödəməyə imkan vermir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar xərcləri artmışdır və o, təkbaşına həmin xərclərin öhdəsindən gələ bilmir. Uşaqların həyatı əhəmiyyətli təlabatlarını ödəmək üçün hər uşağa hər ay 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi ədalətli və qanuni olardı. 2023-cü ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Cavabdehin kifayət qədər qazancı vardır və onun aliment ödəməyə maddi imkanı vardır. Ona görə də alimentin miqdarının artırılması zəruridir.

10. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh hazırda ailəlidir, himayəsində yaşlı anası, həyat yoldaşı və bir azyaşlı övladı vardır. Hər ay cavabdehin məvacibindən ona və ailə üzvləri olan 4 nəfərə düşən pul iddiaçıya və 2 uşağına düşən pulun yarısından da azdır. Belə olan halda iddiaçı qanunun tələbinə zidd olaraq ər-arvadın hüquq bərabərliyinin, uşaqların saxlanılmasında bərabər hüquq və vəzifələrə malik olması barədə qanunun tələblərini pozmaqla iddia irəli sürmüşdür. Belə ki, iddiaçı da cavabdehlə bərabər uşaqların saxlanmasına məsuldur, iddiaçının gəliri cavabdehin gəlirindən dəfələrlə çoxdur. Belə ki, cavabdehin aldığı 1330 manatdan 130 manat vergi və sosial ödənişlər 10 manat sığorta pulu tutulur. 1190 manat qalan əmək haqqından 350 manatını iddiaçı ilə birgə övladlarının alimenti üçün ödəyir, qalan 840 manatdan isə qoca anasına, cavabdehə, həyat yoldaşına və azyaşlı uşağına hərəsinə 210 manat pul düşür. İddiaçı hüquqlarından sui-istifadə edir və bu hal yolverilməzdir. Cavabdeh 3 övladı vardır, onun ikisi İddiaçı himayəsindədir. İddiaçının əmək haqqı 912,22 manatdır, 350 manat aliment alır, ümumilikdə 1262,22 manat qazanc ədə edir və iddiaçı ilə uşaqlarının hər birinə 420,7 manat düşür. Amma cavabdehin himayəsində olan uşağa 206 manat aylıq pul düşür. Bu onu göstərir ki, 3 uşağının təminatında fərqlilik yaranır. Cavabdeh iddiaçı ilə nikah pozulduqdan sonra yeni ailə həyatı qurmuş və həmin nikahdan bir övladı olmuşdur. Cavabdeh başqa yerdə işləmir və buna görə də əlavə gəliri yoxdur. Alimentin artırılacağı təqdirdə cavabdehin onu ödəməyə maddi imkanı olmayacaqdır. Buna görə də iddia tələbi rədd olunmalıdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyin birmənalı və imperativ mənasına görə, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Məhkəmə iclasında cavabdehin rəsmi qazancının cəmi 1330 manat olması müəyyən olunmuş və iddiaçı tərəfindən onun əlavə qazancının və ya gəlirinin olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı özü işlədiyini və hər ay gəlir əldə etdiyini bildirmişdir.

13. Məhkəmə vurğulamışdır ki, cavabdehin əmək haqqından hər ay iki uşağa 350 manat sabit pul məbləğində alimentdən artıq ödəniş etməsi onun əmək haqqı həddini aşan daha çox vəsait xərcləməsinə gətirib çıxarır ki, bu da onun üçün əlverişsiz hal yaradır. Bundan başqa, cavabdehin özünün və digər uşağının saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır.

14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, “Uşaq hüquqları haqqında Konvensiya”nın 3-cü, Ailə Məcəlləsinin 56.1-ci, 75.1-ci, 76-cı, 78-ci və 112-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına istinad etmişdir.

15. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi (vəkili) isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Qanun

22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun

23. Maddə 1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 21).

36. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

37. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğinin uşaqların tələbatlarının çoxalması və cavabdehin yüksək əmək haqqı almasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Suraxanı Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 175 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü ildə artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Kollegiyanın qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

38. Kollegiya cavabdehin 1330 manat, iddiaçının 922 manat əmək haqqı almalarını, cavabdehin ikinci dəfə nikaha girməsini və həmin nikahından da bir övladının olmasını, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin artırılaraq hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

39. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2172/2023 saylı iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği dəyişdirilsin (artırılsın) və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat (cəmi 400 manat) aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci qismində 50 (əlli) manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar